Ömür bahar deyil...

Aprel şəhidlərimizin xatirəsinə ehtiramla

Murad Telman oğlu Mirzəyev 1976-cı ilin 31 martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan Murad anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. O, Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatılıb.

Murad Mirzəyev Amerikada ranger kursunu bitirdikdən sonra vətənə qayıdır. O, Gəncə şəhərində "N" saylı hərbi hissələrin birində hərbi xidmətə başlayır. Sonralar isə Xüsusi Təyinatlı Qüvvələrin zabiti olur.

Xidmətə başlamasının 10-cu illiyində Murad Mirzəyev "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunur və bu mükafat Murad Mirzəyevin ilk mükafatı olur. Murad Mirzəyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları və "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.

Murad Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Onun 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Tanrı ona həssas, zərif, kövrək, geniş bir ürək bağışlamışdı. O, canından əziz sevdiyi  bu vətən torpağını Tanrı sevdası ilə sevən kişilərin - el ağsaqqalı Cəlil babadan, təşkilati və rəhbərlik bacarığı ilə hər kəsə nümunə olan Surxay əmisindən, qəlbi daim vətən eşqi ilə çırpınan, gecə-gündüz Turan sevdası ilə ürəyi döyünən əmisi oğlu İlhamdan həyat dərsi aldığı üçün,-"Mənim vətənim, Mənim Azərbaycanım!"-deyib qürrələnmək haqqı olan kişilərdəndir. 

Murad Telman oğlu Mirzəyev. Murad adının açması istək, məqsəd, məram, kam deməkdir. Anadan olduğu 31 mart 1976-cı il tarixdən kam almağa məqam axtaran aşiq 19 Aprel 2016-cı ildə öz istəyinə, şəhidlik zirvəsinə qovuşdu. Necə ki, deyilmişdir: "Balıq suyun aşiqidir, pərvanə isə odun. Su balığa həyat, od isə pərvanəyə  ölüm deməkdir".

Bu dünya vətəni candan əziz tutan Murad kimilərə bir sınaq meydanıdır, şəhidlik isə son və əbədi olan zirvədir-məkandır. Muradı tanıyanlar, bütün tanış-bilişlər onun həyat sevgisindən, Vətənə bəxş etdiyi  məhəbbətindən ağızdolusu, fəxrlə danışırlar. Bu istək, bu sevgi  Muradı 9-cu sinfi bitirdikdən sonra 1991-ci ildə C. Naxçşıvanski adına hərbi məktəbə gətirir.

Yaşanan ömürlər müxtəlif olur. Elə ömürlər var ki, yalnız o şəxsin özünə, yaxınlarına  məxsusdur. Elə ömürlər də var ki, şəxsi həyatından çıxaraq elə, obaya, vətənə aid olur. Böyük Allah belə insanları yaratmaqla onları bu dünyanın zinəti, təbiətin tacı, çələngi  edir. Ulu Tanrının ən şah əsəri Murad və onun  kimi qəhrəman vətən övladlarıdır.

Muradı daim ziddiyyətli və ürək parçalayan bir sual düşündürürdü. O, bütün qəlbi ilə hiss edirdi ki, xalqın böyük hissəsi eynilə onun kimi narahatlıq içindədir. Dostları, tanışları bir-biri ilə görüşəndə hal-əhval tutmazdan əvvəl  "bu işlərin axırı necə olacaq, Qarabağ məsələsi nə vaxt öz həllini tapacaq?"-deyə həyəcan və narahatlıqla  xəbər alırdılar. Həqiqətin ilk və çox müqəddəs cəhəti budur ki, böyük həsrətlə gözlədiyimiz, hədsiz ümid bəslədiyimiz dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz  şübhə altına salınır, düşmənlərimiz min hoqqadan çıxır, günahsız adamları, azyaşlı uşaqları, qız və gəlinlərimizi girovluqda saxlayırlar. Müasir dünyanın insan hüquqlarına hörmət konsepsiyası fonunda belə ağlasığmaz amansızlıqlar bir an da gənc, yeniyetmə Muradı rahat buraxmırdı. Murad daim vətəninə, xalqına olan xəyanətləri, xüsusən erməni canilərinin övladlarımızı qırıb, evlərini qarət edib yandırmalarını, balaca uşaqları 1918-ci ilin  mart ayında Bakıda divarlara mismarlamaları, hamilə anaların qarnını yırtıb uşaqlarını tüfənglərin nizələrinə taxmaları, 1905-1906-1918-ci illərdə Bakıda, 1916-1918-ci illərdə Ürmidə, Xoyda, Şamaxıda, Qubada, Gəncədə, Salyanda, Qarabağda, Təbrizdə qırdıqları qadınlar, körpələr, qocalar, yandırılan, viran edilən evlər və dağılan ailələr barədə düşünərkən bərk sarsılırdı: "Ey, mənim doğma vətənim! Sən öz varlığın, gələcəyin, azadlığın və istiqlalın uğrunda tarix boyu vuruşmuş, mübarizə aparmısan. Saysız-hesabsız qurbanlar vermisən. O qurbanların qanından göyərən bağrı qara lalələr dağ başını bürüyüb,  azadlıq mücahidlərinin ruhunu oxşayırlar. Odlar yurdu, canım Azərbaycan, səni heç vaxt, heç zaman yalqız buraxmamaq, sənin bir qarış torpağın üçün qanımı halal etmək övladlıq borcumdur. Mənim varlığım, ruhum sənsən, hər anım səndən asılıdır. Sənin sevincin sevincim, kədərin isə kədərimdir. Məni isti ağuşunda bəsləyən, mənə həzin  ana laylası çalan əqlim, şüurum, vətənim hara getsəm, gözüm səndə, nə danışsam, sözüm səndə. Sən mənim fəxrim, qeyrətim, şövkətim, sərvətimsən. Sən mənim dilimin əzbəri, qəlbimin açarısan. Sən ulu Tanrının ən qiymətli sərvətlərindən biri, onun lütfünün təzahürüsən. Nemətlərinin sayı hesabı yoxdur. Nemətlərin ac qurdların, yağı düşmənlərin, yağlı quyruq gəzən canavarların ta qədimdən ağızlarının suyunu axıdıb. Tarixlərdən öyrənmişəm, səni qarət ediblər, dağıdıblar, talayıblar. Bizə qardaş deyib sərvətini talan edib, torpaqlarına göz dikiblər. Dörd bir yandan canavarlar üstünə hücum edib, diş qıcadıblar. Dağlarının başını çiskin, duman, cən alıb. O duman hələ də çəkilmək bilmir. Atalarımız yaxşı deyib: "Sevdanı pul, savaşı xəncər kəsər!". Hal-hazırda məğlub durumdayıq, bizim başımızı dik tutub gəzmək haqqımızı əlimizdən alıblar. Torpaqlarımızın, baba əmanətimizin 20 faizi mənfur erməninin murdar ayağı altında qaldıqca, bizim qürurlanmağa, sevinməyə kişiliyimiz yol verə bilməz. Məğlubiyyət var ki, gücsüzlükdən doğub. İradəsizlikdən də məğlubiyyət  mümkündür. Amma bütün uğursuzluqların bir dadı, acısı olur. Sonsuz iztirab, uzun-uzadı məyusluq, məğlubiyyətdən sonrakı ruh düşgünlüyü, özünə qapınma halları, peşiman-peşiman faydasız dizə döymələr...

Bu daxili çarpışmalar, gecəli-gündüzlü düşmənin burnunu necə əzmək haqqında fikirləşən Murad 1994-cü ildə C.Naxçıvanski adına hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdi. Bu hərbi məktəb Murada çox şey vermişdi. Murad hərbi sirlərlə yanaşı, dünyada baş verən ictimai-siyasi hadisələri izləyir, öyrənirdi ki, dünya binnət olandan Allahın bizə nəsib etdiyi sərvətlərə, tükənməz bərəkətlər dəfinəsi olan yurdumuza həsəd aparanlar, paxıllıq edənlər, göz dikənlər çox olub. Millətimizin təfəkkür ensiklopediyası olan "Avesta"da olduğu kimi, bu gün də xeyirlə şərin mübarizəsi davam etməkdədir. Şərin simvoluna çevrilmiş ermənilər bu gün də öz bəd əməlləri ilə yurdumuzu bölməyə çalışır, öz şər-böhtanları ilə xalqımıza gözdağı verməyə cəhd göstərirlər:

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə pis olarsa,

Ordu tez  gedər bada. 

Yaxşı nümunəvi hərbçi olmaq üçün qarşıdakı uzun yolun başlanğıcında hər cür təlim-məşq toplantılarında hərbin sərt qanunlarına boyun əyməli, iradə göstərilməlidir. Bunun üçün hərbi biliklərə yiyələnmək lazımdır. Murad belə də edir. Hərbi məktəbi bitirən kimi, 1994-cü ilin iyun ayında Türkiyə Ali Hərbi  Qara qoşunları məktəbinə (Kara Hərbi okulu) daxil olur. Bu ali məktəbdə özünü əsl ixtisaslı hərbi  kadr kimi göstərir. Ona təhsildəki uğurlarına görə  metodist ixtisası verilir. Diplomu və xatirə "Qılınc və məzun üzüyü" Ümummilli Liderimiz Heydər Əliyev və o dövrdə Türkiyəyə rəhbərlik etmiş Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Murad burada da fərqlənə bilmişdi. Onunla eyni vaxtda təhsil alan 600 nəfər yerli və əcnəbi tələbələr arasında birinci olmuş, buna görə də "Onur Başqanı" təyin olunmuşdur. Elə həmin ilin sentyabrından 3 aylıq Egirdir Dağ Komando Məktəbində kurs keçir. 1999-cu ilin yanvar ayında İstanbulda yerləşən Tuzla Piyada məktəbində kursa başlayıb, həmin ilin iyun ayında kursu uğurla bitirir. Amma bütün bunlar artıq  mətinləşmiş, kişiləşmiş Muradımızın murada çatmasına sanki kifayət  etmir. O, 1999-cu ilin iyun ayında Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı briqadasında tağım komandiri vəzifəsində xidmətə başlayır.

"Məqsədinə çatmaq üçün  səhranı keçməyin gərəkdirsə, illərlə yoluna davam et, tikanların açdığı yaralara fikir vermə". Hansısa dahinin bu müdrik fikirləri sanki Muradın həyat amalına, devizinə çevrilmişdi. Murad artıq büst-bütün dərk edirdi ki, siyasət insanlar üçün deyil, insanlar siyasət üçündür. Nəyə və kimə gərəkdir, xəyallarda qartala dönmək, əgər həyatda koramal kimi  sürünəcəksənsə. Muradın uğurlarını  addım-adım izləyən Azərbaycanın Müdafiə Nazirliyi onu ölkəmizdə xidmət etməyə çağırır.

İlk dəfə hərbi xidmətə Gəncədə yerləşən "N" saylı hissədə başlayıb. Murad orada bir müddət işləyəndən sonra çoxdan arzusunda olduğu Xüsusi Təyinatlı Hissədə xidmətə keçir. 1999-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə əsasən, Motoatıcı  tağım komandiri vəzifəsində xidmət edir. 2000-ci ildən 2016-cı ilə kimi Xüsusi Təyinatlı Hissədə qrup komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlir. Gözləmək olardı ki, Murad artıq yuxarıda sadaladıqlarımızla kifayətlənəcək, ancaq bu, belə olmadı. Murad elm dəryasından damla götürdüyünü güman edirdi. Fəzilətlərin, sadəliyin, elmi biliklərin insan həyatının baharı olduğunu, əxlaqi incəliyin, ləyaqətin başlıca şərt olduğunu düşünürdü. Sanki zaman, vaxt ona azlıq edirdi. Çox tələsirdi. Ömrün azlığından gileylənərək həyatın insana əbədi ömür qazanmaq üçün bir fürsət olduğunu  düşünürdü.

Bu fikir, bu amalla Murad 2005-2007-ci illərdə ABŞ-ın Virçiniya Ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulan ən çətin "Banger" kursunun normativlərini amerikalı ingilislərdən də cəld yerinə yetirən yeganə azərbaycanlı olmuşdur. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında  keçirilən kurslarda iştirak edir və bu kursları da üstün dərəcə ilə bitirir. Xidmət etdiyi illərdə Azərbaycanın Silahlı Qüvvələrinin ən peşəkar və ən yüksək hazırlıqlı  zabitlərindən biri kimi qiymətləndirilir. Yeri gəlmişkən, demək lazımdır ki, bu müddət ərzində Murad türk, rus, ingilis, erməni dillərini mükəmməl  öyrənmişdi. Niyyəti mənzilə yaxınlaşırdı. Murad döyüşə atılmaq, düşmənə layiqincə cavab vermək  eşqi ilə gecə-gündüz çarpışır, müxtəlif elanlar cızır, qələbənin lap yaxında olduğunu hiss edirdi. Belə demək mümkünsə, həsrətlə, intizarla, səbirsizliklə Ali Baş Komandanın əmrini gözləyirdi. Hələ orta məktəbdə oxuyarkən ədəbiyyat müəllimindən qəfildən soruşmuşdu:

-Rahil müəllim, mən sizdən çox şey öyrənmişəm. Ədəbiyyat elminin incəlikləri, mənə gizli qalan sirləri ilə tanış etmisiniz. Amma bir məsələ mənim üçün  hələ də qaranlıqdır. Axı, siz əbədiyyətin nə olduğu barədə mənə heç nə deməmisiniz. Mən bilmək istəyirəm görüm, əbədiyyət nə olan şeydir?

Gözləri məchul nöqtəyə zillənən Rahil müəllim köks ötürüb sözə başlamışdı:

-Göydəki quşlardan, dəryadakı balıqlardan belə bac-xərac olan, Məğribdən Məşriqə qədər hökm-fərman olan, zamanın ən görkəmli filosoflarını ətrafına toplayıb onlardan məsləhət alan Cahangirlər sultanı İsgəndər başa düşmüşdü ki, ömür fanidir. Bir gün gələcək, o da başqaları kimi, dünyasını dəyişəcək. Ölümsüzlüyün çarəsini axtara-axtara zülmətə qədər gedib çıxmışdır. Fateh İsgəndər heç kimin tanımadığı İlyas adlı bir müdriklə qoşa bulağın üstündə dayanmışdı. Seçim qarşısında qalmışdı, hansı bulağın suyundan içsin. Zümrüd bulağın göz yaşı kimi duruluğuna valeh olan İsgəndər köpüklü sudan, İlyas isə ilk baxışda adi bulaqlardan heç nə ilə fərqlənməyən bulaq suyundan içir. Hər iki bulaq dərhal anındaca quruyur. Geri qayıdarkən hər ikisi fikirli idi, görən dirilik suyunu kim içmişdir? Allah hansını ölümsüz etmişdir?

Günlərin birində Böyük Fateh dostlarının zəhərlədiyi şərab qədəhini başına çəkdikdən sonra anladı ki, ölümsüzlük payını Allah İlyasa verib. İsgkəndər "ölümsüzlük" dedikdə cismani yaşamağı nəzərdə tuturdu. Onun böyük səhvi də elə bunda idi. İlyas isə insanlara xidmət etmək, dara düşənlərə kömək əlini uzatmaq, yaxşılıq yolunu tutdu. Əsl adı unuduldu. Xıdır-Xızır adı ilə insanlar arasında əbədiləşdi, peyğəmbərlik məqamına yüksəldi. Xızır peyğəmbər cismən qeyb olsa da, ruhən bütün insanların qəlbindədir.

Rahil müəllim susdu, Muradın gözləri məchulluğa zillənmişdi. Nəhayət, köksünü ötürüb dərindən ah çəkdi:

-Ürəyimdə yara var,

Üstə xal-xal qara var,

Aç ürəyim başını

Gör yanmamış hara var?!

Muradın kövrək səslə dediyi bayatı Rahil müəllimi də qayğılandırmışdı.

-Oğlum, bəşəriyyət üçün, həyat üçün mübarizə, qısa həyat, ömür beşikdən məzara sinaq meydanı, tarıx Allahın səbr müddəti olmuşdur. Dünya bütün təzadları ilə gözəldir.

Vətən onun xilası üçün, gözəlləşməsi naminə ölümə hazır olanlara halaldır. Ömür bizə verilmir ki, təkcə yaşamaq üçün, ömür bizə verilir dünyanın da dərdini çiynimizdə çəkmək, daşımaq üçün. Axı, biz dünyaya qərib kimi gəlir, qonaq kimi yaşayır, nakam kimi köçürük. Vətən ruhumuzun nənəvi qidası, ilham çeşməsi, qürur mənbəyimizdir. Vətən qeyrətimizin, şərəfimizin arzu və əməllərimizin salnaməsidir. Rəhmətlik Abbas Səhhət demiş: "Vətən əcdadımızın mədfənidir,Vətən övladımızın məskənidir". Vay o gündən ki, insan bir millət kimi özünü itirə, əhaliyə dönə, tarixini unuda, onda o millət yox olur, tarix səhifəsindən silinir.

Bu da Muradın doğulub boya-başa çatdığı Muğan-Gəncəli kəndi. Xüsusi olaraq heç nəyi ilə seçilməyən adicə kənd. Bu gün bu kəndin yetişdirdiyi qəhrəman haqqında bütün ölkə fəxrlə danışır. Qəhrəmanın oxuduğu kənd orta məktəbindəyik. Məktəbin direktoru Afiq Quliyev bizi gülərüzlə qarşılayır. İlk tanışlığımız Muradın sinif müəllimi olmuş Nəzakət xanımla olur. Ondan Murad haqqında soruşmağa ehtiyac qalmır, doluxsuna-doluxsuna sözə başlayır, yaş aman vermir, dil-deyib ağlamaq istəyir. Nəzakət müəllim güclə özünü ələ alıb bircə bunu deyə bilir: "Deyirdi əsgər olacam. Böyüyəndə Mehdi kimi partizan  olacağam. Söhbətə Muradın rus dili müəllimi olmuş Vüsalə İmanova da qoşulur:  "Muradı idmana, musiqiyə yaxın dostu Maarif Zeynalov həvəsləndirmişdi. O vaxt bu uşaqlar cüt gəzərdilər. Hələ yaxşı qarmon çalmaqları da var idi. İdman müəllimləri Əlxeybər Muradov bu uşaqların gələcəkdə yaxşı idmançı olacaqlarını deyirdi".

Elə bu vaxt içəri hündürboylu, pəhləvan cüssəli bir nəfər daxil olur. Hamı birnəfər kimi ayağa qalxıb ona öz yerini təklif edir. Anındaca onun Muradın atası Telman olduğunu başa düşürəm. Bəzən dərd də adamları bir-birinə yaxınlaşdırır, həmdərd edir. Telmanın gözlərinin dərinliyində bəlkə də heç kəsin görə bilmədiyi nisgili görürəm, baxışlarımız toqquşur, ehtiramla baş əyib salamlaşırıq. Telman kişinin hər anını diqqətlə izləyirəm. İlk anda yadıma böyük şairimiz Xəlil Rza Ulutürk düşür. Şair şəhid oğlu Təbrizin məzarı üstündə göz yaşı tökənlərə müraciətlə: "Şəhid atasına başsağlığı yox, gözaydınlığı verərlər!"- demişdi.

Əziz qardaşım Telman, ucsuz-bucaqsız qəm karvanının sarbanı Fizuli babam dərd əhlinə xitabən: "Bu dərdlər ki, mənim vardır, dəvənin başına qoysan, çıxar kafir cəhənnəmdən, gülər, əhli əzab oynar"-  demişdi.

Ölümə xoş gəldin deyib, şəhidlik zirvəsinə ucalan oğul atası, qürurun mübarək olsun! Gəlimli-gedimli dünyanın vəfasına bel bağlamayıb əbədiyyət eşqi ilə yaşayan oğul atası, "ağ günün mükafatı Allah payıdır, halalın olsun! Ürəkdən sevdiyi, sevdiyinə inandığı, bu dünyada yalan sifətləri, turş baxışları, dedi-qodunu, yersiz mənəm-mənəmliyi görməməkçün, vətəni yolunda ölümü  ölümsüzləşdirən şəhid atası, dərdinə qurban. İçini yandıran o alova bircə çimdik məlhəm qoya bilsəm, özümü dünyanın xoşbəxti sanaram. Fəqət bu mümkünmü?...Gəlişinə, duruşuna sevinən, boyuna qamətinə vurğunluqdan  kam alan  anasını, bacılarını, 2 tifil balasını gözü yaşlı qoyub, vaxtsız-vədəsiz bu ağır yolun yolçusu olmağı özünə rəva bilən Muradın əziz atası, aram ol, qoyma o bir cüt gül bala vaxtsız-vədəsiz solsun. Sənin hənirin Güllübəyim ananın təşnə könlünə bir təsəlli olsun.

Əzizim Telman, ölüm həyatın  inkarı yox, təsdiqidir, onun  sonluğu, tamlığı, bütövlüyünün yekunudur. Bir də ki, dünyada ən böyük dərd tənhalıq dərdidir. Şükürlər olsun ki, sən bu anında tək deyilsən, başda dövlətimizin başçısı möhtərəm Prezidentimiz olmaqla bütün Azərbaycan xalqı səninlədir. Qardaşım, bu dünyada iki cür adamlar var; bu dünyaya gələndən öz haqqını bilən, nəyisə almaq istəyənlər və bu dünyaya gələndən nəyisə itirdiyini hiss eyləyən, nəyisə axtarıb tapmaq istəyənlər. Telmancan, bir olan Allaha and olsun ki, dinimiz də, dilimiz də deyir ki, sən haçansa, itirdiyini axtaran və tapanlardansan. Əlbəttə, bütün bunları anlamaq, dərk etmək,  olanlarla barışmaq çox çətindir. Mən səni duyur, dərk edir, anlayıram. Deyirlər ki, insan dünyaya gələrkən onun gələcək taleyi Allah tərəfindən verilir. Odur ki,  insanlar müxtəlif taleli, bir-birinə  oxşamayan  olurlar. Hər bir insanın taleyi alın  yazısından asılı olsa da, həyatda tutduğu  mövqe, əməyə, zəhmətə, vətənə münasibəti, çalışqanlığı ilə müəyyən olunur. O, şəxslər xoşbəxtdirlər ki,  özündən sonra bir iz qoyur, bu iz nəsillərə  örnək olur. Xoş o adamın halına ki, həyata eşqi uğurlu olur. Vətənə məhəbbət eşq  badəsindəki son damla kimidir. Eşqin badəsini çək başına, sonadək nuş et, qədəhi boşaldıb yerə qoy. Qədəh nə qədər boş görünsə də, onu əy, sonuncu damlanı görə biləcəksən. Bax, badənin o sonuncu damlası, əslində, ilk damlasıdır. Sonadək qədəhin dibində qalıb. Vətən sevgisi də belədir. Ürəyə necə girirsə, elə də qalır. Əqidə sahiblərini yaşadan o eşq və o eşqə inamdır. Murad da belələrindəndir. O, vətən eşqinə güvənir və inanırdı, Murad inanırdı ki, qalib gələcək, gəldi də. Yerə, göyə inanırdı. Eşqə məhəbbətə, nifrətə inanırdı, həsrətə, vüsala inanırdı! Həyata və ölümə inanırdı!

Mən də inanıram! Sən də inan! Heç kəs güman etməsin ki, ölməyəcək və qiyamət günündə cavab verməyəcək.  O böyük imtahan hər kəsi  gözləyir. Şəhidlərdən başqa...

Muradına yetən Muradımızın  şəhidlik zirvəsi mübarək olsun! Şəhidlik badəsini nuş edənlər, məramınız mübarək! Adını tarixə qızıl hərflərlə yazdıranlara min alqış! Amin.

Hacı Cəfər Cəfərli

Yazıçı-publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31