Vərəsəlik hüququ kimlərə verilir?
17 Mart 2023 11:46 SosialAdətən vəfat edən şəxsin mal və mülkünün varislər arasında bölünməsində problemlər yaranır. Belə ki, dünyasını dəyişmiş şəxsin əmlakının bölüşdürülməsi, yaxud həmin əmlaka varis olmaq uğrunda vəfat edən şəxsin yaxınları arasında yaranan qalmaqal əksərən məhkəmə pretmetinə çevrilir. Məhz valideyndən, ata-anadan qalmış mülkün bölüşdürülməsi uğrunda gedən mübarizə bir çox hallarda hətta qan düşmənçiliyinə gətirib çıxarır, tərəflər bir-biri ilə mal-mülk uğrunda düşmənə çevrilir. Bu da əsasən hüquqi maariflənmənin insanlar arasında zəif aparılması, qanun üzrə vərəsənin kim olduğuna dair vətəndaşların məlumatsızlığından qaynaqlanır. Bəs, Qanun üzrə vərəsələr kimlər hesab olunur?
Məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
"Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar".
Vəkil deyib ki, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar:
"Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər vərəsə sayılırlar. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları"
Vəfa Qədirova deyir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir:
"Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir".
Vəkilər Kollegiyasının üzvü cəmiyyətimizdə müntəzəm olaraq rast gəlinən problemlərdən biri, vərəsəlik hüququ ilə bağlı da fikirlərini bölüşüb. Vəfa Qədirova vəfat edən şəxsin əmlakı, mülkünün qanuni əsasla bir başqasına necə keçə bilməsi ilə bağlı bunları deyib: "Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə, yaxud da hər iki əsasla keçir. Vəfa Qədirovanın sözlərinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır:
"Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər".
Vəkil nikahdankənar uşağın ölmüş şəxsin əmlakına sahib olub-ola bilməyəcəyi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun:
"Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər".
Süleyman