Direktorların təyinatı tam obyektiv, şəffaf, tapşırıqsız, həyata keçirilməlidir - ÖZƏL
27 Fevral 2023 11:22 Sosial"Bir neçə gün bundan əvvəl Biləsuvarda məktəbdə direktorla müəllim arasında baş vermiş qarşıdurma məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu bir daha göstərdi. Son insident mütləq ciddi araşdırılmalı, müvafiq tədbirlər görülməli və nəticəsi barədə cəmiyyətə də ətraflı məlumat verilməlidir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Əvvəlki müsahibələrimdə də bu məsələyə xüsusi toxunmuşdum. Direktorların təyinatı tam obyektiv, şəffaf, tapşırıqsız, ayrı-seçkiliyə yol verilmədən, ciddi araşdırmalar aparılaraq həyata keçirilməlidir. Bu cür xoşagəlməz hadisənin baş verdiyi məktəbdə hansı normal təhsil mühitindən söhbət gedə bilər? Son hadisə ağıllara belə bir sualı da gətirir. Neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var? Həmin hadisə onu da göstərdi ki, bu prosesə yenidən baxılmalı, vəzifəyə uyğun olmayan direktorlarla bağlı obyektiv, ciddi əsaslandırılmış qərarlar qəbul edilməlidir. Əks-halda belə xoşagəlməz halların tez-tez şahidi olacağıq".