Qobustanda Şəhid Heybətalı Məmmədovun məzarı ziyarət olunub - FOTOLAR
24 Fevral 2023 19:06 SosialTorpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə tarix yazan və şəhidlik zirvəsinə ucalan Vətən övladları müqəddəs haqq savaşımızın qəhrəmanlarıdır. Onlar daim xatırlanacaq, adları əbədiləşdiriləcək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında nümunə olaraq göstəriləcəklər. Belə vətənpərvər oğullardan biri də Heybətalı Dostalı oğlu Məmmədov idi. Heybətalı Məmmədov 1993-cü il fevralın 23-də Füzuli şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının əməkdaşları şəhid Heybətalı Məmmədovun Qaracüzlü kəndindəki məzarını ziyarət ediblər. Mərasimdə Qaracüzlü kəndinin sakinləri, bələdiyyə nümayəndələri, şəhidin qohumları iştirak ediblər. Ziyarətçilər şəhidin məzarı önünə tər gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Şagirdlər hazırladıqları kompazisiyanı nümayiş etdirib, Vətənə, torpağa, şəhidlərə həsr etdikləri şeirlərini səsləndirmişlər. YAP Qobustan rayon təşkilatının əməkdaşları şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışmışlar. Bildirilib ki, Heybətalı Məmmədov kimi Vətən oğullarımızın həyatı bahasına bu gün işğaldan azad olunmuş ərazilərimizdə müqəddəs bayrağımız dalğalanır.
Olaylar.az sesqazeti.az-a istinadən bildirir ki, Qobustan rayon İcra Hakimiyyəti başçısının Qurbançı kənd sovetliyinin nümayəndəsi Sadətdin Qaragedeyev çıxışında Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin tarixi fikirini xatırladıb "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır".
Bələdiyyə sədri Ağasəf İskəndərov isə qeyd edib ki, Heybətalı Məmmədov kimi şəhidlərimiz müqəddəs amal uğrunda şəhid olub, əbədiyyətə qovuşmaqla bugünkü və gələcək nəsillərə bir nümunə, örnəkdirlər.
Kənd sakinlərindən İbrahim Hüseynov, Telman Mirzəmmədov, Nemət Süleymanov, Oktay Muradov və digərləri çıxış edərək şəhid Heybətalı Məmmədovun uşaqlıq həyatından, onun Vətənə olan sevgisindən danışmış, belə oğullarla hər zaman fəxr edib, qürur duyduqlarını bildirmişlər.
Şəhidin qardaşları Əlifxan Məmmədov və İlqar Məmmədov çıxış edərək ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.







