“İndi kişilərin bu cür qadınları bəyənir”
20 Fevral 2023 15:41 Sosial60 əsrdən çox tarixi olan makiyaj müasir dövrdə milyonlarla insanı öz təsiri altına alıb. Bir çox insalar gözəl görünmək üçün bütün sərvətini xərcləyirlər. Yaranmış gözəllik anlayışı artıq insanlarda, xüsusilə də qadınlarda uşaq yaşından bir çox psixoloji problemlərə gətirib çıxara bilir.
7Times.az-a danışan psixoloq Fuad Əsədovun sözlərinə görə, gözəllik anlayışı insanların sosial həyatında ciddi problemlər yaratmaqdadır:
"Modern gözəllik anlayışı insanları bir qəlibə salır. İnsanların burnu belə olmalıdır, gözü belə olmalıdır, saçları belə olmalıdır və bədən ölçüləri bu şəkildə olmalıdır deyə. Hətta bəzən bunu "sağlamlıq" da adlandırırlar ki, bu bədən ölçülərinə sahib olmaq sağlamlıqdır. Bu tamamilə yalnışdır. Son elmi tədqiqatlar bunun belə olmadığını göstərir. Sağlamlıq tamamilə insanın sümük quruluşu, bədən hormonları, dərisindən və sairə bir çox şeyə bağlı olaraq dəyişən bir şeydir. "Qızıl rəqəm" deyə bir şey yoxdur ki, deyək ki, bu ölçüdə olanlar sağlamdır. Hətta bu bədən kütlə indeksi deyilən bir anlayış da var. Heç bir elmi faktlarla təsdiqlənməmiş boy və çəkiyə baxaraq insanın sağlamlığı haqqında bir bilgi vermək məsələsi elm tərəfindən qıbul edilən bir məsələ deyil. Eyni şey üz gözəlliyinə də aiddir. Yenə də makiyaj şirkətləri bunun reklamını edirlər. Kişilərin bu cür qadınları bəyənir və ya bu cür görünsəniz insanlara daha çox təsir edə bilərsiniz adı altında reklam edirlər. Ancaq bunun mənasızlığı ondadır ki, insanları eyni qəlibə salır. İnsanlar zaman keçdikcə bir-birilərinə bənzəməyə çalışırlar ki, modern dünyada xüsusilə də böyük şəhərlərdə çox qarşılaşdığımız bir şeydir. Hamı bir-birinə bəznəyir. Çünki hamı eyni makiyajı edir, hamı eyni estetik əməliyyatları edir. 15-16 yaşlı yeniyetmə bir qız düşünün, bu anlayışlar altında böyüyür və güzgüdə özünə baxıb deyir ki, mən bu kriteriyalara uyğun deyiləm. Kompleks etməyə başlayır, cəmiyyət içinə çıxmır. Sosial fobiya dediyimiz birşey yaranır, nəticədə bu insanın sosial həyatı ciddi şəkildə zədələnir. Təhsil və kariyerasına diqqətini verə bilməyəcək. Bu anlayışların beyinə yerləşdirilməsi baxımından ,əslində, həyatın bir çox aspekti zədələnir. Hər kəs tamamən gözəl, mükəmməl olmaq istəyir. Xüsusilə də statistik olaraq görünür ki, qadınlar arasında bu daha geniş yayılıb."
Psixoloqun sözlərinə görə, qadınların kişilər üçün bəzəndiyi düşüncəsi yalnışdır:
"Gözəllik anlayışını yaradan fərdlər ola bilməz. Bu qavramları məhsulu buraxan şirkətlər yaradır. Qadınlar makiyaj edərkən bir çox kişidən fikir alaraqmı edirlər? Yox. Baxırlar televiziyada, internetdə nəyi görürlərsə, digər qadınlar, xüsusilə, məşhurlar nə edirlərsə, onu edirlər. Necə görünürlərsə o cür görünməyə çalışırlar. Real olaraq yanaşsaq, kişilərdən fikir alsaq, bu KİV-in bizə aşıladığı gözəllik anlayışınımı görəcəyik? Bu anlayış kişilərin fikirləri ilə üst-üstə düşəcəkmi?
Qadınlar həqiqətənmi kişilər üçün bəzənir? Bir insan özü üçün bəzənər, güzgüdə özünə baxar. "Mən güzgüyə baxarkən gördüyüm mənzərədən məmnunammı?" Birinci sual budur. Bu sualın tərsini də verək. Kişilər üçün bəzənmirmi qadınlar? Bəzənirlər, bunu da düşünürlər. Amma bu daha ikinci-üçüncü sırada gələn bir sualdır."