115 milyard-bir ürəkdə

Yəqin ki, elə bir çoxlarımız bəzən atalar sözlərinin, deyimlərin müasir həyat tərzi ilə uyğunlaşmadığını görürük.

"Atəş düşdüyü yeri yandırar" ifadəsinin isə hər zaman yerinə düşdüyünün şahidi olmuşam. Dünənə qədər. Dünən Türkiyə, Şimali Kipr və Azərbaycanda yayımlanan yardım kampaniyasında 115 milyard lirə yardım toplandı. Hətta, efirdəki məşhurların belə əli sözün əsl mənasında ağzında qaldı. Bazarlıq edirmiş kimi xalq üçün milyonlarını ortaya qoyan adamları gördükdən sonra qəlblərdə 36 mindən çox cənazədən sonra ümid işığı yandı. Bu rəqəm ən az 30 min ailəyə atəş düşdüyü demək idi. Həmin o deyim təbii fəlakətlərdə, müharibədə, özünü doğrultmur. Çünki, atəşin külləri sovrulub dünyanın dörd bir yanına dağıldı. Biz də qardaş ölkə sözünün haqqını verərək, canla-başla xalq, mətbuat, rəsmi nümayəndəliklər olaraq əlimizdən gələni etdik, edəcəyik.

İnsanlar səbəbindən fəlakətə qurban gedən insanların yarasını sarmaq üçün  yenə başqa insanlar gəldi yardıma. Yanıltmac kimi oldu lap. Ancaq, həqiqətdir. Bu faciəyə "İlahi ədalətdir" deyənlər, viran qoyulan Qarabağa, Ukraynaya baxsın. İlahi ədalətin rus, erməni "ədalətindən" fərqi yoxmuş məgər?

Hər biri təsəlli etmək üçün deyilsə də, günahkarların günahını ört-basdır etməkdən başqa bir işə yaramır. Bütün bunlar insan məsuliyyətsizliyindən yarandı. İnsan mərhəməti ilə özünü toplayacaq. İnsan ədaləti ilə haqq yerini tapacaq, tapmalıdır.

Bəzi şeylər var yaza bilmirəm. Ona görə ki, qəbul etmirəm. Fəlakətin içərisində həm çox böyük vicdansızlıq həm də, mərhəmət var. İnsan qəbul edə bilmədiyi bir şeyi necə yaza bilər?

Ancaq, bunu deyə bilərəm ki, türk millətinin mərhəməti üstün gələcək. Dağıntılar altında qalan vicdanı əl birliyi ilə çıxaracaqlar. Gələcəyə fokuslanaq, çox düşünməyək...

Düşündükcə ağıla nələr gəlir, nələr...

Əfsanə Səlimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31