İcbari tibbi sığortadan niyə yararlana bimirik?
14 Oktyabr 2022 11:34 SosialAzərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyətində insan amilinin dayandığı heç kimə sirr deyil. Etiraf edilməlidir ki, bu istiqamətdə ölkədə atılan addımlar hətta inkişaf etmiş ölkələr üçün nümunə sayıla bilər. Ancaq o da etiraf edilməlidir ki, cəmiyyətdəki mövcud problemlərin köklü surətdə həlli, eləcə də aztəminatlı ailələrin maddi rifah halının yüksəldilməsi üçün bir sıra tədbirlərin görülməsinə hələ də ehtiyac var. Belə tədbirlərdən biri də icbari tibbi sığorta ilə bağlıdır ki, "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanına əsasən, 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu məqsədlə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılıb. Artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Rəsmi məlumata görə, proqram təminatı vasitəsilə vətəndaşın elektron qaydada qeydiyyatının aparılması pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Həmçinin vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir. Başqa sözlə, vətəndaş müayinə və müalicə üçün xəstəxana və həkim seçmək hüququna malikdir. Başqa sözlə, hazırda bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyac yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etmək kifayətdir.
Bəzi həkimlər icbari tibbi sığortadan xəbərsizdir
Çox təəssüf ki, istər həkimlər, istərsə də vətəndaşların icbari tibbi sığorta prosedurları haqqında kifayət qədər məlumatları olmadığından adi bir müayinə üçün ərazi poliklinikası ilə göndəriş verilən xəstəxana arasında qalmalı olursan. Başlayaq ondan ki, icbari tibbi sığortanın iki ildən artıq müddətdə tətbiq edilməsinə baxmayaraq hələ də həkimlər bu sistemə daxil olan xəstəliklərin siyahısı, aidiyyatı üzrə göndərilə biləcək klinikaların adlarını bilmirlər. Hansı ki, icbari tibbi sığortaya daxil olan xəstəliklərin, icbari tibbi sığorta paketi və klinikaların adları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında yerləşdirilib. Çox təəssüf ki, indiyə qədər ərazi poliklinikaların həkimləri bundan bixəbərdirlər. Bu səbəbdən də pasient müraciət edən zaman həkimlər çıxılmaz vəziyyətə düşür.
Qeydiyyat masalarının kod-çek oyunu
Poliklinikalarda yeni tətbiq edilən qeydiyyat masalarında vəziyyət daha acınacaqlıdır. Bu masalarının elektronlaşdırılmasına baxmayaraq qeydiyyat aparan şəxslərin təcrübəsi operativ işləməyə imkan vermir. Əslində qeydiyyat masalarında posientlərə bütün prosedurlar izah edilməlidir ki, xəstə insanların müayinədən keçmək üçün əsəbləri korlanmasın. Çünki, qeydiyyat masalarında nömrə verilir, çek yaddan çıxır, çek verilir kod yaddan çıxır. Lazım olan sənədləri əldə etmək üçün itirilən vaxt ərzində ya sahə həkiminin iş saatı başa çatır, ya da UZİ və Rentgen həkiminin növbəsi. Məcbur olursan ki, müayinə üçün növbəti günü də itirəsən. Lakin xəstənin problemi bununla bitmir, bütün sənədləri əldə etdikdən sonra əgər sahə həkimin (ailə həkimi) iş saatı başa çatıbsa, növbətçi həkimə ya əlavə pul ödəməlisən, ya da sabah gəlməlisən. Həkmlərin təyin etdiyi müayinədən keçmək isə başqa bir alımdir. Əgər həkim tanışındırsa, onun köməyi ilə UZİ və Rengen aparatından keçə biləcəksən, əks halda "bizdə bu müayinə yoxdur" deyərək başlarından edəcəklər.
Özəl klinikalar icbari tibbi sığorta vəsaitini necə mənimsəyirlər?
İcbari tibbi sığortanın başqa bir problemi göndəriş verilən klinikalarla bağlıdır. Bəri başdan deyim ki, verilən göndəriş əsasında həmin klinikalarda elə poliklinikalarda olan eyni müayinədən keçmək mümkündür. Sözhbət UZİ, Rentgen, Exo-kordiqramma və sair kimi adi müayinələrdən gedir. Digər müayinələrdən isə xüsusi "təyin olunmuş" klinikalardan keçmək mümkündür. Belə məlum olur ki, ölkədə fəaliyyət göstərən ərazi poliklinikalarına tapşırıq verilib ki, xəstələrə xüsusi seçilmiş özəl klinikalara göndəriş verilsin. Başqa sözlə, dövlət tibb müəssisələrinə adi müayinə, xüsusi özəl klinikalara isə digər bahalı müayinə, müalicə və ağır cərrahi əməliyyatlar üçün göndəriş verilir. Hansı ki, özəl klinikalarda bu əməliyyatları həyata keçirən şəxslər elə dövlət tibb müəssisələrində çalışan həkimlərdir. Beləliklə, icbari tibbi sığortadan əldə olunan gəlirlər birmənalı olaraq özəl klinikaların hesabına köçürülür. Həmin klinikaların isə kimlərə məxsus olduğu hamıya aydındır. Nəticədə vətəndaşlar halalca əmək haqlarından ödədikləri vəsait hesabına icrari tibbi sığortadan yaralana bimirlər. Yeri gəlmişkən qeyd edək ki, yalnız dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda pasientə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.
Xatırladaq ki, "Tibbi sığorta haqqında" Qanuna əsasən işsizlər; 18 yaşınadək olan şəxslər; peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan vətəndaşlar; əmək pensiyası alan şəxslər; sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər; ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar; qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti, dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Alim