.Kitab sərgi-yarmarkaları niyə keçirilir?

Yetişən nəslin mənəvi aləmi və dünyagörüşünün formalaşmasında kitabların rolu danılmazdır. Hər il dünyada onlarla kitab yarmarkası keçirilir. Bu tədbirlər həm kitab bazarının yenilikləri, kitab nəşri və dizaynı işində yeni tendensiyalar, yeni poliqrafiya texnologiyaları ilə tanışlıq, həm də naşir və müəlliflərlə görüşmək, öz kitab mədəniyyətini nümayiş etdirmək üçün mühüm imkandır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Sərgi-yarmarka zamanı 5 gün boyunca çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evlərinin iştirak edib. İştirakçılar Sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanıblar.

Qədim Qala Nəşriyyatının icraçı direktoru Şöhlət İxtiyaroğlu bildirir ki, kitab yarmarkalarının keçirilməsi bir neçə cəhətdən çox faydalıdır:
"İlk növbədə bu yarmarkalarda naşirlə oxucu görüşür. Naşirlə oxucunun görüşməsi o deməkdir ki, oxucu birbaşa öz təklif və fikirlərini deyə və yaxud mövzu verə bilir. Məsələn, hər hansısa bir mövzuda ümumiyyətlə kitab yoxdur, olsa daha yaxşı olar deyərək naşirə fikir verir.
Digər bir üstünlük ondan ibarətdir ki, oxucu aldığı kitab haqqında daha ətraflı, daha rahat məlumat ala bilir. Çünki kitabla bağlı birbaşa məlumatlı olan nəşriyyatdır.
İkinci növbədə oxucu və müəllif görüşür. Oxucu onu maraqlandıran suallarını müəllifə verir. Doğrudur, başqa vaxtlarda da bizim görüşlərimiz, imza mərasimləri olur. Amma bu tədbirlərdə oxucu-müəllif görüşü daha tez-tez baş verir. Bu baxımdan müəllif oxucu üçün daha əlçatan olur. Oxucu birbaşa sualını verir və müəllifdən də cavabını alır.
Üçüncü növbədə oxucu bu yarmarkalarda kitabı daha ucuz, endirimli qiymətlərlə əldə edə bilir.
Kitab yarmarkalarının cəmiyyət üçün nə kimi faydaları var? Bu cəmiyyət üçün artıq bir ənənəyə, bayrama çevrilir. Hətta kitab oxumayan insanları belə başqa bir dostu təşviq edir ki, belə bir sərgi var, birlikdə gedək. Adamlar gedib gəzib-dolanır və o boyda sərgidə mümkündür ki, diqqətini çəkən bir kitab olur və o kitabı əldə edir.
Bunlardan əlavə daha böyük üstünlüyü odur ki, bütün naşirlər bir araya gəlir. Ölkə kitabçılığı, ölkədə nə qədər kitablar varsa, hamısı bir məkanda cəm olur və bir məkanda cəm olduğuna görə də dediyimiz kimi oxucular rahat şəkildə istədiyi kitabı ordan endirimli qiymətlərlə əldə edə bilir.
Bu Beynəlxalq Kitab Sərgisidir. Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilir və keçirilir. Əvvəllər iki ildən bir keçirilirdisə, artıq hər il keçirilir.
Bura başqa ölkələrdən tanınmış yazarlar, naşirlər gəlir. Ona görə də, bu həm də naşirlərin görüşü olur. Xarici ölkələrin naşirləri bizimlə, biz də onlarla təcrübələrimizi bölüşür və bu da ümumilikdə kitab sektoruna, kitabçılığa böyük bir təkan vermiş olur. Yəni, kitab mağazalarının çox olması yaxşıdır. Amma bu cür sərgilərdə birbaşa nəşriyyatların, naşirlərin özünün iştirakı ilə burda daha çox qazanan həm naşirlər, həm müəlliflər, həm oxucular olur. Nəşriyyat öz məhsulunu yaxşı bir şəkildə təqdim edir və bunun da nəşriyyat üçün bir geri dönüşü olur.
Amma ümumilikdə kitab sektorunda bu cür yarmarkaların olması kitab sektorunun inkişafına böyük töhfə vermiş olur".

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun sözlərinə görə, bu cür yarmarkalar kitabın əhəmiyyətini, cəmiyyətdəki rolunu artırır:

"Kitab sərgilərinin çox böyük əhəmiyyəti var. Bu həm naşirlər üçün oxucular qarşısında bir hesabat xarakteridir, həm də oxucular və kitablar arasında bir körpüdür. Oxucular kitabları sərfəli və ucuz qiymətə yalnız burdan əldə edə bilərlər. Bütün nəşriyyatlara xas hər növ çoxsaylı kitablar burda oxucuların ixtiyarına verilir. Ona görə də bu cür yarmarkalar həm kitabın əhəmiyyətini, cəmiyyətdəki rolunu artırır, həm də kitab təbliğatı üçün ən vacib tədbirlərdən biri sayılır".

Yazıçı Şərif Ağayar bildirir ki, Azərbaycan kitabı ərazi bütövlüyümüz qədər əhəmiyyətlidir:

"Dünyada dövlət və ölkələrin nələrlə tanınması, qiymətləndirməsi ilə bağlı standartlar var. Bunların ən başlıca komponentlərindən biri kitab sərgiləridir. Yəni, bir ölkənin kitabı, kitaba münasibət, nəşriyyatın vəziyyəti və o cümlədən, sözün, mətbuatın vəziyyəti dünyada ölkələri qiymətləndirmə standartı hesab olunur. Bu mənada bir kitab sərgisinin istər nəşriyyat, istər oxucu, istərsə də yazıçı üçün nədən ibarət olduğunu ilk baxışdan sadə sözlərlə ifadə edib başa gətirmək çox çətindir.
Kitab taleyüklü bir məsələdir. Bu gün Azərbaycan kitabı Qarabağ, ərazi bütövlüyümüz qədər əhəmiyyətli bir şeydir. Çünki bu ən vacib məsələlər ki var, ərazi bütövlüyümüz, suverenliyimiz, müstəqilliyimiz, bunu şərtləndirən ən vacib amillərdən biri bizim kitabımızdır. Bütün ideologiyalar hamısı kitaba bağlıdır və kitabla əbədiləşir, öz təsdiqini tapır, dünyaya sübut olunur. Bu mənada ölkədə nə qədər çox kitab sərgiləri keçirilir, nə qədər çox xarici ölkələrdən insanlar gəlir. İnsanlar nə qədər çox bu tədbirlərdə iştirak etsə, dövlətimizin mədəniyyət strategiyası o qədər çox möhkəm olar. Bəzən insanlar deyir ki, çoxlu romanlar yazılır, şeir kitabları çıxır. Əksinə, Azərbaycanda kitablar çox az çıxır. Həddindən artıq çox çıxmalıdır. Müstəqil nəşriyyatların sayı artmalıdır. Bu həm də naşir və yazıçı üçün iqtisadi müstəqillik, başqa mədəniyyət sahələrinə baza deməkdir. Teatr, kino və digər sahələri də kitab bəhrələndirir. Yəni biz kitablardan istifadə edib o sənət nümunələrini yaradırıq. Bu mənada kitab yarmarkalarının keçirilməsinin əhəmiyyəti hədsiz dərəcədə böyükdür".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31