İxtiyarı əlindən alınan müəllimlər- ŞAGİRDLƏR ÖZLƏRİNİ MƏKTƏBİN AĞASI HESAB EDİR
14 Oktyabr 2022 11:07 SosialƏvvəllər gündəmi yetkinlik yaşına çatan şəxslərin əməlləri zəbt edirdi. İndi isə azyaşlıların və yeniyetmələrin başına gələn hadisələr, tutduqları əməllər gündəmdən düşmür. Nə qədər qınasaq da, nəticəsiz qalır.
Şagirdlərin məktəblərdə etdikləri xoşalgəlməz hərəkətlər, təhqirlər, dava-dalaş, təhsilsiz mühit hər birimizi təəccübləndirir.Onların tutduqları əməllərlə yanaşı onlara qarşı edilən zorakılıq hadisələri də az deyil. Bir neçə gün öncə 16 yaşlı qızın oteldə zorlanması xəbəri medianı zəbt etdi. Təbii ki, məsələ birmənalı qarşılanmadı. Ancaq o yaşda qızın həmin otelə necə daxil olması barədə heç kim ictimaiyyətə məlumat vermədi. Böyük ehtimalla otel sahibi də cəzasız qaldı.
Bütün bu hadisələri bir -birinə bağlayan tel iştirakçıların məktəb yaşda olmasıdır. Bu da öz növbəsində problemi təhsilə doğru itələyir. Yeniyetmə evdə valideyni tərəfindən qayğıdankənar qala bilər. Ancaq şagirdlərin bu mövzuda məlumatsız qalmaları problemli haldır.
Sosioloq Lalə Mehralı

"Bu çox həssas məsələdir. Birmənalı olaraq nə məktəbi, nə də valideyni günahlandırmaq doğru deyil. Valideyn övladını məktəbə göndərir, dərs bitənə qədər onun təhlükəsizliyindən əmin olur ki, uşağının başına heç bir iş gəlməyəcək. Çünki övladı təlim-tərbiyə ocağındadır, tədrislə məşğuldur. Hər kəs səhərlər şirin yuxusuna haram qatıb, ona görə işə gedir ki, övladı üçün gələcək qura bilsin. Təminatı həyata keçirə bilsin. Əgər, təhsil ocağında azyaşlının başına bədbəxt hadisə gəlirsə, təbii ki, məsuliyyəti təhsil ocağı daşıyır. Çünki, o övladının məktəb daxilində olduğunu düşünür və təhlükəsizliyə məktəb cavabdehdir.
Diqqətinizə çatdırım ki, mən tərbiyə məsələsini vurğulamıram. Uşaqların təhlükəsiz şəraitdə təhsil almasından danışıram. Ancaq, bir məsələ də var, tərbiyəsi yetərincə olmayan, davranış pozuqluğu sərgiləyən, məktəbdə hər gün yeni bir hadisə törədən uşağa məktəb bir yerə qədər nəzarət edə bilir. Həmin uşaqlar nəzarət mexanizminin bütün hüdudlarını aşır. Valideyn evdə övladına tərbiyə vermədiyi halda, bunun cəzasını həm valideyn çəkir, həm də məktəblər. Ona görə əvvəlcə valideyn övladına aşıladığı şeylərə diqqət yetirməlidir. "Mən övladıma nə öyrətmişəm" sualını özünə versin. Ondan sonra məktəbdən tələb etsin ki, övladımın təhlükəsizliyi, tərbiyəsi sizə bağlıdır. Ancaq son hadisələr də onu göstərir ki, məktəbdə valideynin göndərdiyi hər uşaqla ayrılıqda məşğul olmaq, praktiki olaraq, mümkün deyil. Nəticədə bu cür hadisələr meydana çıxır. Evdə valideynin sözünə qulaq asmayan azyaşlı məktəbdə müəllimin sözünə necə qulaq asa bilər?
Hazırki tədris sistemi elə qurulub ki, müəllimin ixtiyarı yoxdur şagirdə irad bildirməyə. Dərsi bilmədiyi, qaydaları pozduğu halda azyaşlını tənbeh etmək olmur. Şagirdi hətta 15-20 il bundan öncəki kimi küncə belə qoya bilmirlər. Yüngül cəzalara belə icazə verilmir. Nəticədə uşaq özünü məktəbdə "ağa" kimi hiss edir.
Məktəblərdə cinsi tərbiyənin verilməsi, uşaqlara cinsiyyətlə bağlı məhrəm şeylərin öyrədilməsinə mən yaxşı baxıram. Uşaqlar öz cinslərinin fərqində olmalı, səhvi, doğrunu bilməlidir. Atacaqları addımlar haqqında məlumat almalıdırlar. Bunu pedaqoqlar, məktəb psixoloqları, sosial işçilər edə bilər. Böyümə dövründə olan uşaqlara izah edilməlidir ki, insanın məhrəm yerləri sadəcə özünə məxsusdur. Məhrəm yerlərə toxunmaq, sərhədləri aşmaq insanın özünə zərər verir. Bu kimi hadisələr daha çox qızların başına gəlsə də, son dövrlər oğlanlar da zorakılığa məruz qala bilir. Bu məsələdə xüsusilə qızların ciddi məlumatlara ehtiyacları var. Vaxtından öncə girdiyi cinsi münasibət onun bədəninə, təhsil həyatına maneə ola , planlaşdırılmayan hamiləliyə səbəb ola bilər. Hesab edirəm ki, bununla bağlı xüsusi dərslər təşkil edilə bilər. Oğlanlar və qızlar fərqli qruplara bölünüb, ayrı-ayrılıqda izah ala bilər. Ölkəmizdə mental dəyərlərə çox diqqət yetirilir. Uşaqlar bu cür mövzuları əks cinsin nümayəndələri ilə müzakirə etmək istəmir. Həmin an təhlükəsiz vəziyyət olduqda utancaqlıq hissi də olmur. Məsələn, bu cür məsələləri oğlanlara kişi müəllim izah etsə, öyrənmək istədikləri hər şeyi öyrənə bilərlər. Bütün hallarda bu dərs həyata keçirilməlidir. 20 il öncə "İnsan" adlı dərs tədris olunurdu. Xüsusi kitabı var idi. Həmin dərsdə insan bədəninin quruluşu, baş verən dəyişikliklər, bakirəlik, evlilik, hamiləlik haqqında danışılırdı. Doğrudur, müəllimlər həmin dərsləri açıq-aşkar tədris etmirdi ancaq, ev tapşırığı verirdi. Danışılmasa da, müəllim bilirdi ki, azyaşlı artıq məsələ haqqında məlumata sahibdir. İndi isə bunlar haqqında çox az məlumat verilir. Valideynlər elə hesab edir ki, müəllimlər, müəllimlər elə hesab edir ki, valideynlər ilkin vərdişləri uşaqlara aşılamalıdır. Buna görə hazırda vəziyyət acınacaqlıdır".
Təhsil eksperti Elşən Qafarov

"Cəmiyyətdə çox mənfi bir tendesiya baş alıb gedir. Bunun haqlı və haqsız tərəfləri var. Bu, tendesiya ondan ibarətdir ki, cəmiyyətdə bütün baş verən neqativ halların səbəbkarı kimi məktəb, təhsil ocaqları göstərilir. Hamı günahkar axtarır ancaq, heç kim güzgüyə baxmaq istəmir. Bu gün neqativ halları görürüksə, həmin hallar artırsa, cəmiyyətin parçası olaraq hər birimiz günahkar hesab edilirik.
1989-cu ildə BMT tərəfindən qəbul olunan "uşaq hüquqları konversiyasına" qoşulmuşuq. 1996-cı ildə Azərbaycan Respublikasında "uşaq hüquqları haqqında" qanun qəbul edilib. Bununla yanaşı yeniyetmələrin hüquqlarının müdafiəsinə dövlət nəzarəti, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması üzərinə bir neçə çox ciddi hüquqi sənədlər qəbul edilib.
8 may 2012-ci ildə prezindetin 626 saylı sərəncamı ilə Azərbaycan Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin qaydaları təsdiq olunub. Həmin qaydalarda konkret olaraq təhsil sisteminin, səhiyyənin, rayon icra hakimiyyəti orqanlarının, polisin, digər dövlət orqanlarının vəzifələri açıq şəkildə göstərilib. Bizdə heç kim-mətbuat, cəmiyyətin üzvləri, ictimai xadimlər nədənsə 626 saylı sərəncamda icra hakimiyyətlərinin üzərinə düşən vəzifələri soruşmur. Yalnız təhsil sistemi ilə bağlı problemlər axtarılır. Əslində, uşaq hüquqlarının həyata keçirilməsində dövlət nəzarəti qaydalarına hər bir qurum əməl etməlidir ki, nəticə ala bilək. Eyni zamanda 2005-ci ildə "yetkinlik yaşına çatmayanların baxımsızlıq və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının qanunu qüvvəyə minib. Bu qanunda da azyaşlıların baxımsızlığının aradan qaldırılması ilə əlaqədar olaraq istər ictimai münasibətləri, istərsə də dövlət orqanlarının vəzifələri müəyyən edilib.
Əgər söhbət ümumitəhsildən gedirsə, əhalinin yetmiş faizi ümumitəhsillə bağlıdır. Ölkədə bir milyon altı yüz min şagird var. İki yüz mindən çox müəllim, tədris və texniki heyət var. Hər uşağın ortalama iki valideyni, ailə üzvü varsa, əhalinin yetmiş faizi təhsilə bağlıdır deməkdir. Təhsil kifayət qədər ciddi və geniş sahədir. Düşünürəm ki, baş verənlər haqqında günahı özümüzdə axtarmalıyıq. Sistem olaraq təhsildə çox ciddi problemlər var. Bunu heç kim danmır. Ancaq elə məsələlər var ki, cəmiyyət özü maraqlıdır neqativliyə. Son anda günahkar təhsil olur. Düşünmürəm, 16 yaşlı qızın başına gələn hadisənin, ictimailəşməyən bunun kimi bir çox hadisənin birbaşa məktəblə əlaqəsi olsun. Məktəb təlim-tərbiyə məsələsində böyük rol oynayır. Ancaq tərbiyə ailədən gəlir. Təəssüflər olsun ki, bu gün cəmiyyət, valideynlər ailə tərbiyəsi məsələsini kənara qoyublar. Məktəbdə tərbiyə-tədris mühiti də aradan qalxıb. Cinayət halları ilə bağlı yetəri qədər qanunvericilik bazası var. Hər bir icra hakimiyyəti orqanı üzərinə düşən vəzifəni yerinə yetirsə, bu kimi cinayət halları olmayacaq".
Səlimi