Ailə büdcəsini necə düzgün formalaşdırmalıyıq?

Hər bir ailənin gəlir və xərclərini formalaşdıran öz büdcəsi olur. Ailə büdcəsinə toplanan pul isə ailənin ehtiyaclarına xərclənir. Elə ailələr var ki, gəlirləri az olsa da, öz tələbatlarını ödəyə bilirlər. Amma elə ailələr də var ki, ailə üzvlərinin hamısının gəlirləri olsa belə, ailə yaxşı dolana bilmir. Ailə büdcəsini doğru yönəltmək üçün gəlir və xərcləri necə nizamlamaq lazımdır? Hansı vacib qaydalar var?

İqtisadçı ekspert Razi Abbasbəyli bildirir ki, zaman keçdikcə gəlirlərimiz dəyişsə də, baxışlarımızın dəyişməməsi Azərbaycan kimi ölkələrdə ailə büdcəsinin formalaşmasını çətinləşdirir:

"Ailə büdcəsinin idarə edilməsi ilk növbədə ailənin gəlirləri ilə bağlı formalaşmalıdır. Bütün dünyada qəbul edilmiş bir norma var və bu normalara uyğun olaraq da hər bir ailə öz büdcəsini formalaşdırır. Büdcə iki hissədən ibarət olur: 1) investisiya xərcləri və cari xərclər. Hər bir ailənin müvafiq olaraq gəlirlərinə uyğun aylıq cari xərcləri var ki, bu xərclər qarşılanmalıdır. Ailənin gəlirlərinin bir ay şərti götürülmüş tarix aralığında nə qədər olması önəm kəsb edir. Ailənin hər günlük gəliri ola bilər və yaxud da yalnız ayın yekununda əmək haqqı formasında ola bilər. Buna görə də hər bir ailənin bir model olaraq gəlirləri fərqli şəkildə formalaşdırılır. Bu baxımdan da dünyada qəbul edilmiş normalar ondan ibarətdir ki, bütün ailə üzvlərinin gəlirləri vahid mərkəzdə toplanır və vahid qaydada ədalətli sosial şərtlər altında idarə olunur. Bu daha uğurlu qəbul edilmiş bir normadır. Amma Azərbaycan kimi ölkələrdə bu vəziyyət müstəqillik əldə etdikdən sonra ümumiyyətlə xeyli dəyişib. Çünki sovet dövründə aşağı-yuxarı əhalinin gəlirləri və yaşayış səviyyəsi arasında elə bir fərq yox idi. Bütün əhali demək olar ki, eyni səviyyədə yaşayırdı. Azərbaycan 70 ildən çox sovet ölkəsi olub. Bu baxımdan da həmin dövrdə insanların ailə büdcəsi ilə bağlı ciddi qayğıları olmurdu. Çünki işlə təminat məsələləri, pulsuz təhsil, pulsuz səhiyyə və digər formalaşmış sosial dövlət dəstəyi var idi. Bu dəstək nəticə etibarilə vətəndaşları büdcə və ailənin gəlirləri ilə bağlı narahat etmirdi. Sovet dövrünün dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycan kimi ölkələrdə bazar münasibətləri dəyişdi, sosial dövlət modeli getdikcə özünün mövqeyini itirməyə başladı və vətəndaşlar demək olar ki, böyük xərclərlə qarşılaşdılar. Adekvat olaraq da, gəlirləri aşağı düşməyə başladı. Bu da nəticə etibarilə büdcənin idarə edilməsini çətinləşdirdi. Çünki şərq ənənələrimizdə heç nə dəyişməyib. Həyata baxışlarımız - bahalı avtomobil, dəbdəbəli mənzillər, bahalı telefonlar, yeni çıxmış məişət texnika avadanlıqları və s. gəlirlərimiz dəyişsə də, baxışlarımız dəyişmədi. Bununla da ailə büdcələri Azərbaycan kimi ölkələrdə daha ağır duruma düşdü. Xüsusilə də kreditləşmə, istehlak kreditləşməsi vətəndaşların yaşayışını bir az daha ağırlaşdırdı. Bu da ona gətirib çıxarır ki, Azərbaycan kimi ölkələrdə ailə büdcəsinin idarə edilməsi çox ciddi problemə çevrildi.

İlk növbədə çalışmaq lazımdır ki, zəruri olmayan xərclər üzrə vəsaitlərin istifadəsi azaldılsın. Yəni, hər hansı bir bahalı telefon modelini çox ciddi zərurət olmadığı təqdirdə uzunmüddətli kredit hesabına almağa ehtiyac yoxdur. Elə ailələr var ki, məsələn, mənzili olmayan vətəndaş aylıq ödənişi çox yüksək olan avtomobil kreditinə baş vurur. Nəticədə ailə büdcəsinin formalaşmasında problemlər yaranır. Bu kimi faktlar çoxdur. Hətta, mənzildə elektrik enerjisinin istifadəsi, sudan, qazdan istifadə, ümumiyyətlə, digər cari xərclərin qənaətlə idarə edilməsi məsələsi var. Bu məsələ Azərbaycanda müəyyən mənada öz həllini tapıb. Çünki bahalaşma ilə bağlı bir situasiya yarandığına görə vətəndaşlar ümumiyyətlə mənzil təsərrüfatları üçün sərf olunan vəsaitlərə ay sonunda əlavə xərclərlə qarşılaşmamaq üçün qənaət edirlər.

Təəssüf ki, Azərbaycanda həm də sürətli bahalaşma baş verir və bizim bu ay üçün nəzərdə tutduğumuz vəsaitlər növbəti ay üçün uyğun olmur. Yəni, əlimizdə olan və sabit qalan gəlirlərimiz (bu xüsusilə də əmək haqqı qaydasında işləyənlərə aiddir), hər ay fərqli formada gəlir. Son bir ildə həm pandemiya dövründə, həm də Azərbaycanda gedən infilyasiya, bahalaşma ümumiyyətlə bütün dünyada baş verən proseslər ailələrin büdcələrini idarə etməsində ciddi sıxıntılar yaradıb və planlaşdırılmış gəlirlər üzrə ay sonunda vəsaitlərin istifadə edilməsi ciddi problemə çevrilir. Çünki bizim qida təminatımız ilə bağlı rasionumuzda hər hansı bir dəyişiklik olmur, hər ay eyni həcmdə qida-ərzaq məhsullarını istehlak edirik. Amma biz əlimizdə olan və dəyişməyən əmək haqqı ilə bunu qarşılaya bilmirik. Hər ay bahalaşma getdiyinə görə vətəndaşın alıcılıq qabiliyyəti aşağı düşür. Bu da adətən ailə büdcələrinin ayın ilk birinci yarısına qədər kifayət edir. Ayın ikinci yarısında isə növbəti ayın əvvəlinə qədər ailələrdə çətinliklər yaşanır. Yəni, bu baxımdan nə qədər çalışsaq da, sabit olmayan iqtisadiyyat olduğuna görə büdcənin idarə edilməsi məsələsində çətinliklər yaranır. Amma hər bir vətəndaş öz xərclərini bilməlidir. Təhsil, səhiyyə, cari mənzil xərcləri, ərzaq və qida, istehlak və s. xərcləri bilməlidir.

Bayaq da qeyd etdiyim kimi, şərq ölkələrində bahalı toy şənlikləri keçirilir və adətən biz gəlirlərimizdən asılı olmayaraq bu toy şənliklərində mütləq iştirak etməliyik. Eyni zamanda toy şənlikləri və yaxud da yas mərasimləri də təşkil edəndə əlavə xərclərlə qarşılaşırıq və vətəndaşlar da bu prosesdə təəssüf ki, istəsə də, istəməsə də iştirakçıdır. Çünki elin adəti "palaza bürün, elnən sürün" adəti kimidir. Amma təəssüf ki, eyni qaydada bir məsəl də çəkək ki, heç kim ayağını yorğanına görə uzatmaq istəmir. Nəticə etibarilə də, şərq mental dəyərlərinə söykənən cəmiyyətlər ümumiyyətlə büdcələrin idarə edilməsində, hətta çox gəliri olsa belə, çətinlik çəkirlər".

Ailə büdcəsinin formalaşmasında qadınların da müəyyən qədər rolu olur. Lakin bir çox hallarda bu ailələrdə birmənalı qarşılanmır.

Sosioloq Ramil Nəcəfli bildirir ki, bir çox hallarda qadın daha çox pul qazandıqca onun hegemonluğu artır və vəziyyət ailədə problemlərin yaranmasına, hətta boşanma həddinə gəlib çata bilir:

"Ailə büdcəsinin formalaşmasında indiyə qədər təkcə Azərbaycanda yox, dünyanın hər yerində müəyyən ənənələr var. Bu ənənələrdən biri də əsasən, istəyir dünyanın ən demokratik və yaxud da qərb ölkələrində, ən aparıcı, inkişaf etmiş ölkələrində, istərsə də Azərbaycanda ailə büdcəsinin formalaşmasında əsas rolu kişilər oynayır. Yəni, pul qazanmaq mövzusu, ailə büdcəsini formalaşdırmaq, ailənin ehtiyaclarının ödənilməsi birbaşa kişinin öhdəsinə qalır. Amma bir qayda olaraq, qadınlar da işləyir, aldıqları maaş ilə ailə büdcəsinin formalaşmasında rol oynaya bilirlər. Sadəcə bu həlledici olmur. Yəni, əgər kişi ilə qadın birlikdədirsə, birlikdə yaşayış dövründə əsas həlledici rol bir qayda olaraq, kişinin üzərinə düşür. Həmişə belə olub və düşünürəm ki, bundan sonra da belə olacaq.

Müəyyən qrup qadınlar var ki, onların işi, peşəsi, sənəti bir sıra hallarda daha qazanclı olur, kişilərin qazancından artıq olur. Elə işlər ola bilir ki, qadının maaşı yoldaşının maaşından yüksək ola bilir. Bu halda ailə büdcəsinin formalaşmasında qadının rolu üstün olur. Sadəcə burada bir detal var ki, adətən, qadının ailə büdcəsinin formalaşmasında, evin ehtiyaclarının ödənilməsində üstünlüyü artdıqca, ailədə qadının hegemonluğu da, onun sosial statusu da, ailədə hökmü, hakimliyi və təsiri də artır. Nəticədə, bu bilavasitə evdə böyüyən uşaqların tərbiyəsində də rol oynayır, ailənin gələcəyinə də təsir edir. Yəni, ailənin bütövlüyü və ailənin həmişəlik birgə yaşayışına əksər hallarda mane olan, daha doğrusu, pis təsir göstərən bir faktordur. Qadın nə qədər çox pul qazandıqca, hegemonluğu artıqca, onun sosial-iqtisadi vəziyyəti düzəldikcə, artıq vəziyyət boşanma həddinə gətirib çıxara bilir. Qadın kişini, onun qazancını daha çox müzakirə edir, müzakirədən savayı daha çox tənqid edir, dözümsüzlük nümayiş etdirir. Bu halda isə artıq vəziyyət kritik həddə çatır və cütlüklərin ailə həyatı sual altına düşür, məsələ boşanmaya qədər uzanır.

Təbii ki, istisna hallar var. İstisna hallar da ondan ibarətdir ki, qadının hər nə qədər iqtisadi vəziyyəti, sosial statusu həyat yoldaşından üstün olsa belə, onların arasında möhkəm sevgi bağlılığı olduğu halda, qadın üçün özünün iqtisadi üstünlüyü heç də müzakirə mövzusu deyil və problem yaratmır, onların ailə həyatının bütövlüyündə təhlükə və risklər olmur. Bir daha qeyd edirəm ki, bu istisna hallarda olur. Çox az hallarda qadının dözümlülüyünə və anlayışına rast gəlmək olur. Əksər hallarda isə, qəbul olunub ki, kişi mütləq ailə başçısı olaraq ailənin büdcəsinin formalaşmasında əsas rol oynasın.

Ümumiyyətlə ailə büdcəsinin formalaşmasında ənənələrdən danışsaq, əsasən kişinin rolu böyükdür. Qadın həmişə evin təsərrüfat müdürü olub, kişi isə pul qazananı olub. Demək olar ki, indi də bu belə qəbul olunur. Kişi qazancını gətirir, nə qədər qazancı varsa, onu evə təqdim edir, qadın da evin ehtiyaclarını idarə edir. Öz evinin büdcəsi əsasında ehtiyaclarının ödənilməsini bilavasitə qadın icra edir. Qadının rolu ev təsərrüfatlarının idarə olunması, ev təminatının, ehtiyaclarının qiymətləndirilməsi və kişiyə təqdim edilməsindən ibarətdir. Qeyd etdiyim kimi, kişinin rolu isə artıq ev təsərrüfat işləri deyil, bilavasitə pulu evə gətirməkdən ibarətdir. Bu da əslində təkcə iqtisadi məsələ deyil, həm də sosial məsələdir, bir tərbiyəvi əhəmiyyəti var. Uşaqlar evdə nəyin necə olduğuna fikir verirlər, öyrənirlər və görüb-götürürlər ki, ata-ana arasında münasibətlər necədir, ailə büdcəsi necə formalaşır, ata pulu qazanıb gətirir, ana isə həmin pulları idarə edir və lazımi ehtiyaclara yönəldir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31