"Bəzəkli-düzəkli avtobuslar almaqla iş bitmir, xidməti düzgün təşkil etmək lazımdır"
23 Sentyabr 2022 11:26 SosialBakı şəhərində ictimai nəqliyyat sahəsindəki problemlər gündən-günə artmaqdadır. Əhalinin, rayonlardan paytaxta gələn tələbələrin və vətəndaşların sayının artması da məsələdə böyük rol oynayır. Ancaq, sezonluq problemləri kənara qoysaq belə, sıxlıqdan qurtulmaq mümkün olmur. İstənilən saatda, istənilən dayanacaqda onlarla adam görmək mümkündür. Avtobusların gec-gec gəlməyi bəs deyilmiş kimi, əksəriyyəti şəraitsiz və balaca avtobuslar olur. Şəhərin mərkəzində bir çox yerdə müasir avtobuslar görmək mümkündür. Həmin avtobusların kondisonerlə yanaşı bir çox üstünlükləri var. Şəhərdən bir neçə kilometr uzaqlaşmaq isə gerçəkləri görməyə bəs edir. Şəhərdənkənar yaşayış məntəqələrində nə qədər əhalinin olması hər kəsə məlumdur. Vətəndaşların bu qədər çox, sıx yaşadığı yerlərə təyin edilən avtobuslar nəinki kartla xidmət göstərmək, yeni belə deyil. Şəhərin mərkəzində olan avtobuslarla kənarda olan avtobuslar arasında 2-3 nəsil fərq var.
Problemlər niyə həllini tapmır?
Problemlə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı fikirlərini Olaylarla bölüşüb:

"Hazırki vəziyyətin çətinliyini anlamaq üçün 20-25 il əvvəlki vəziyyətə baxmalıyıq. Bakının sərnişindaşıma sahəsi dünyada ən bərbadlarından biridir.
Dünyanın bütün böyük şəhərlərində və paytaxtlarında çox sayda sərnişindaşıma növləri fəaliyyət göstərir. Bir zamanlar bizdə də tramvay, trolleybus, elektrik qatarları və s. sistemləri mövcud idi. Dünyada bəzi liman şəhərlərində hətta katerlərlə daşıma mövcuddur. Elə bir sistem qurulur ki, sərnişinlər rahat şəkildə mənzil başına çata bilirlər. Bizdə isə bütün sistemlər ləğv edilib. Şəhərətrafı sürət qatarlarından danışmıram belə. Onlar da ləğv edilib. Indi sadəcə Bakı-Sumqayıt xətti ilə fəaliyyət göstərir. Halbuki Bakı ətrafında böyük bir şəbəkə var idi. Həmin sistemlər var olduğu zaman nəqliyyatın və sərnişinlərin hərəkəti çox rahat olur. Bu sistemin işlədildiyi ölkələrdə sistem mükəmməl qurulur.
Ölkəmizdə yerüstü daşımada yalnız avtobuslar qalıb. Onlar da faktiki olaraq yoxa çıxır. Dünən axşam Sahil metrosunun yanında, Zərifə Əliyeva küçəsində, mən 45 dəqiqə ayaqüstə avtobus gözləməli oldum. Yaşlı, uşaq hər kəs gözləmək məcburiyyətində idi. Tıxac olmadığı halda 40 dəqiqədən tez heç bir avtobus gəlmədi. Baxmayaraq ki, həmin ərazidən 4-5 marşrut xətti keçir. Müəyyən müddətdən bir gələn avtobuslara dayanacaqda olan insanların yarısı belə yerləşə bilmədi. Avtobusun içərisində dava-dalaş, sıxlıq bi sözlə, biabırçı hal yarandı. Məsələ ilə bağlı sosial media hesabımda paylaşım etdim. Istifadəçilərdən biri qeyd etdi ki, Zığ qəsəbəsində avtobus parkı ilə üzbəüz qalır və eyvandan avtobusların demək olar ki, hamısının qarajda qaldığını görür. Bu o deməkdir ki, BNA qəsdən avtobusların çox az hissəsini xəttə buraxır. Mümkün qədər az avtobusla mümkün qədər çox sərnişin daşımaq prinsipi ilə hərəkət edilir. Məsələn, yüz sərnişini iki avtobusla daşımaqdansa, bir avtobusla daşımağa üstünlük verilir. Şəhərin sərnişindaşıma xidməti əhaliyə xidmətdir. Ölkə iqtisadiyyatına bağlıdır. Marşrut xətlərinin çoxu ləğv edildiyindən, sərnişinlər bir yerdən digərinə getmək üçün ən az iki avtobus dəyişməli olurlar.
Avtobuslar azaldığından çoxları taksi ilə gedib-gəlməyı məcbur olur. Minimum əməkhaqqının 300 manat olduğu ölkədə bu insanlara böyük zərər vurur. Bundan başqa ictimai nəqliyyatın azalması şəhərdə avtomibillərin sayını artırır ki, bu da daha bir problemə rəvac verir- tıxaclar artır.
Digər problem kartların yüklənməsi ilə bağlıdır. Əgər kart sisteminə keçid olunubsa, bütün dünyada olduğu kimi Azərbaycanda da bütün marşrut xətti olan ərazilərə aparatlar qoyulmalıdır. Avtobus sərnişinə xidmət edir. Və bu hüquq onların əlindən alınır. Sərnişin taksi tutmalıdır, gedib aparat olan yer tapıb, kartını doldurmalıdır? Bu, insanlara hörmətsizlikdir.
Avtobusların vəziyyəti daha acınacaqlıdır. Şəhərin mərkəzi hissələrində görünüş üçün bir neçə müasir avtobuslar xəttə buraxılıb. Ancaq şəhərətrafı yerlərdə hətta 90-cı illərin avtobuslarını görmək mümkündür. Həmin avtobuslar heç bir təhlükəsizlik normalarına cavab vermir. Qırıq-sökük, xarab vəziyyətdədirlər. Avtobuslar tez-tez yolda qalır, qəza törədir. Belə başa düşülür ki, şəhərdən kənarda yaşayan əhali "qara" camaatdır. Həmin adamlar pis şəraitdə, bir-birini əzərək, havasız avtobuslarda səyahət edə bilər. Ancaq, söhbət gediş haqqına gələndə komfortlu avtobuslarla eyni məbləği ödəməlidirlər. Daha ucuz yanacaqdan istifadə edildiyi halda gediş haqqını bahalaşdırmağa çalışırlar. Sıxılmış qaz, benzindən və dizeldən ən pis halda 2-3 dəfə sərfəlidir. Belə halda qiyməti artırmaq yox, ucuzlaşdırmaq lazımdır. Əksinə, qiymətlərin artırılması üçün daimi bəhanələr hazırlayırlar. İdarə etmək mümkün deyilsə, bunu etiraf etsinlər. İşi bazarın ümidinə buraxsınlar. Kim necə istəyir, gedib-gəlsin. Hərə bir tərəfdə marşrut xətti istifadə versin. 90-cı illərdə baş verən xaos vaxtı insanlar bundan daha rahat şəkildə avtobus tapıb, mənzil başına çata bilirdi.
Vaxtıilə dağıdılan sərnişindaşıma sisteminin yenidən bərpası üçün indi çox böyük sərmayə tələb olunur. Bu nəqliyyat növləri bərpa edilməsə, vəziyyət getdikcə pisləşəcək. Yaxşı ki, metro var. Yoxsa şəhərdə vəziyyət faciəvi olardı. Belə bir sistemlə heç bir halda normal sərnişindaşımadan söhbət gedə bilməz. İnsanlar boğaza yığılıb. Sosial etiraz yaranır. Dünyanın heç bir yerində bunun bənzəri yoxdu. Bacara bilmirlərsə, özəl şirkətlərin sayını çoxaltsınlar.
Avtobus parkı təzələnirsə, bütün şəhərboyu təzələnməlidir. Bəzi marşrutlara təzə avtobusları buraxıb, digərlərini dəyişdirməmək yalnız özünü göstərməkdir. Jurnalistlər də hər zaman yazıda, reportajda qırmızı avtobusları göstərirlər. Sanki, Bakının hər yerində həmin avtobuslar fəaliyyət göstərir. Neftçilər metrosu yaxınlığında, körpünün altında, 20 Yanvarda, Əhmədlidə, Həzi Aslanovda... köhnə avtobuslardan ibarət marşrut cəhənnəmini görmürlər? .
Bu kimi sosial problemlər cəmiyyətdə güclü aqressiya yaradır. Bu şəraiti də BNA yaradır. Çalışır ki, avtobuslarda "iynə" atmağa yer olmasın. Hətta pandemiya dövründə virusun daha sürətlə və kütləvi yayılması üçün BNA xüsusi "xidmətlər" göstərdi. Bunun başqa izahı yoxdur. Nəticədə sərnişinlər sürücü ilə, bir-birilə davaya çıxır. Çünki, hər bir sərnişin rahat səyahət etmək istəyir. Bu, onların haqqıdır, çünki bunun üçün pul ödəyirlər. Bəzən avtobusun içərisində nəfəs almağa belə yer olmadığı üçün dayanacaqda saxlanılmır. Bəzəkli-düzəkli avtobusları almaqla iş bitmir. Xidməti təşkil etmək lazımdır. Bir çox ölkələr var ki, avtobusları bizimkilərdən daha ucuz və sadədir. Ancaq, çox sistemli şəkildə hərəkət edir. 300 minlik avtobusları biz ağzına qədər dolu istifadə edirik. Sonra da tez sıradan çıxır. Yürüstü sərnişin nəqliyyatını sıfırlayıb, yenidən qurmaq lazımdır".
BNA sözçüsü Mais Ağayev suallarımızı cavablandırıb:
.jpg)
"Avtobus parkının yenilənməsi daim diqqətdə saxlanılanılır. Çünki, burda söhbət vətəndaşlara müasir, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsindən gedir. Bu çərçivədə ötən 7 ildə dediyiniz kimi bir çox işlər görülüb. Müasir tələblərə tam cavab verən orta və ititutumlu avtobuslar alınıb gətirilib. Ümumilikdə 7 ildə avtobus parkının 50%-dən çoxu yenilənib. Bunun sayəsində bu gün mərkəzlə yanaşı mərkəzdən kənar ərazilər istiqamətində də müasir avtobuslar var. Buna misal olaraq Lökbatan, Hövsan, Qaraçuxur, Qala, Maştağa kimi istiqamətləri qeyd edə bilərik. Amma dediyiniz kimi tam olaraq ətraf kənd və qəsəbələr üzrə hələ də istismara yarasız avtobuslar var. Onların da dəyişidirilməsi üçün iş gedir. Məqsəd bütün istiqamətlər üzrə avtobusları yeniləməkdir. Təhlillər aparılır, daxil olan vətəndaş müraciətləri araşdırılır. Bunun əsasında daşıyıcılar tərəfindən yeni avtobuslar gətirildikcə zəruri istiqamətlərdə xətlərə buraxılacaq".
Əfsanə Kamal