İşğaldan azad edilən ərazilərdə həyata keçirilən sosial aksiyalar ekologiya və ətraf mühitin mühafizəsinə də kifayət qədər faydalı olacaq
22 İyul 2022 10:12 Sosialİstiqamət- Ekologiya və ətraf mühitin mühafizəsi
Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, qanlı toqquşmalar çoxsaylı insan ölümü, kəndlərin, şəhərlərin dağılması ilə yanaşı, ətraf mühitin çirklənməsi, ekologiyanın pozulması kimi qlobal problemlərə də yol açır. Məhz müharibələr, qanlı toqquşmaların nəticəsidir ki, son on illər ərzində qlobal miqyasda ekoloji vəziyyətdən çox ciddi problemlər meydana çıxıb. Qlobal istiləşmə, yer kürəsinin yaşıl örtüyünün sürətli şəkildə məhv olması, şirin su mənbələrinin müharibələr nəticəsində çirklənməsi, yaxud bilərəkdən çirkləndirilməsi kimi problemlər hər ötən gün özünü daha açıq şəkildə büruzə verir. Düzdür, dünya dövlətləri qlobal istiləşmə, ətraf mühitin korlanması kimi mənfi tendensiyalara qarşı dünya ölkələri bir araya gəlib getdikcə pisləşən vəziyyətdən çıxış yolu axtarsalar da, lakin münasibətlərin, bu məsələyə olan yanaşmanın qeyri-səmimi olması nəticə etibarilə irəli sürülən təşəbbüsləri səmərəsiz edir. Hətta günümüzdə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitin Mühafizəsi Təşkilatı da qlobal istiləşməyə qarşı mübarizədə ortaya səmərəli fəaliyyət qoya bilmir. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, elə həmin təşkilatda təmsil olunan ölkələrin müəyyən qismi müharibələr, qanlı toqquşmalara rəvac verməklə ekologiyanın pozulmasında bilavasitə iştirakçı olurlar.
Ancaq bir sıra ölkələr də vardır ki, fərdi şəkildə ekologiyanın qorunması uğrunda mübarizə aparır, qlobal istiləşməsinin qarşısının alınmasına cüzi də olsa öz dəstəyini verməyə çalışır. Bu sırada Azərbaycanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Azərbaycan təkcə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan beynəlxalq qanunlara əməl etmir, eyni zamanda həmin qanunların daha işlək, daha fəaliyyətli olması üçün zaman-zaman təşəbbüslər irəli sürür. Eyni zamanda ölkə olaraq fərdi qaydada ideyalar da həyata keçirir ki, həmin ideya beynəlxalq miqyasda da müsbət effekt verir, dəstək görür. Təkcə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, hazırkı Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəyə bir ağac əkək!" layihəsi ilə Azərbaycanın ekologiya və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işləri təqdim etmək, onu tanıtmaq kifayətdir. Məlum olduğu kimi məhz həmin layihə çərçivəsində paytaxt və regionlarda yüz minlərlə ağac əkildi ki, bu da ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində atılmış ən vacib addımlardan biri idi. Bu gün Azərbaycanın yaşıllıq örtüyünün nəzərə çarpacaq dərəcədə çox olması məhz 15 il əvvəl həyata keçirilən həmin spsial layihə ilə əlaqədardır.
Ümumiyyətlə, Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi bütün dövrlərdə aktual olub və bu məsələyə dövlət, onun müvafiq qurumları tərəfindən xüsusi diqqət ayrılıb. Müstəqillik illərindən sonra ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması da məhz bu sahədə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi idi. Hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı əsasında yaradılmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsasnaməsində qeyd edilirdi ki, nazirlik - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirəcək.
Günümüzdə Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsinə daha çox ehtiyac duyulur desək yanılmarıq. Bir tərəfdən qlobal istiləşməyə qarşı aparılan mübarizə çərçivəsində ölkə daxilində görülməsi vacib işlər, digər tərəfdən ermənilərin 30 ilə yaxın müddət ərzində Azərbaycanın şəhər və rayonlarında törətdikləri vandallıqlar, həmin ərazilərin bitki örtüyü, təbiətini tamamilə məhv etməsi indi bizi əvvəlkindən daha məhsuldar işləməyə, daha çevik tədbirlər həyata keçirməyə vadar edir. Çünki Ermənistan 30 ilə yaxın işğal altında saxladığı şəhər və rayonlarımızda nəinki ictimai binalar, iaşə obyektləri, yaşayış binalarını dağıdıb, eyni zamanda həmin şəhər və rayonlarımızın torpaq və bitki örtüyünü də məhv edib, yaşıllıqlarını qurudub. Ağdamın, Zəngilanın, Cəbrayılın başdan-başa olan yaşıllıq əraziləri, Şuşanın məşhur Topxana meşəsi məhz erməni vandalizmi nəticəsində quruyub, həmin meşə massivləri qırılaraq nadir və qiymətli ağaclar kimi xarici ölkələrə, xüsusən də İrana satılıb.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin təbiəti, ekologiyasına da bir nəfəs gəlib desək yanılmarıq. Ötən müddət ərzində istər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, istərsə də digər dövlət qurumlarının məhz həmin nazirliklə birgə işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi ağacəkmə aksiyaları şəhər və rayonlarımızın yaşıllıq örtüyünün zənginləşdirilməsi ilə yanaşı, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində də atılmış təqdirəlayiq addım, kompleks tədbirlərdən biridir. Bu istiqamətdə atılan addımlar, görülən sistemli işlər ölkə vətəndaşlarında əminlik yaradır ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən həmin sosial aksiyalar nəinki həmin ərazilərin bitki və torpaq örtüyünün bərpası, yaşıllıq zonalarının çoxalmasına, eyni zamanda ekologiya və ətraf mühitin mühafizəsinə də kifayət qədər faydalı olacaq.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir