“İctimai qınaq cəmiyyəti inkişaf etdirən nümunələr təqdim etməlidir”

Cəmiyyətdə bir çox problemlərin həlli yollarına fərqli yanaşmalar, davranışlar hər zaman olub. Bu yanaşmaları müəyyən edən bir neçə faktor var. Həmin amillərdən biri də ictimai qınaqdır. Əlbəttə, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Bəs ictimai qınaq nədir? Bu gün ictimai qınağın həyatımızda nə kimi rolu var? Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Amma bəzən ictimai qınaq insanlara yaxşı təsir etməyə də bilər.  Bəs ictimai qınaq nədir? Bu gün ictimai qınağın sosial, psixoloji həyatımızda nə kimi rolu var?

Jurnalist Qulu Məhərrəmli:

"İctimai qınaq əslində daha çox psixologiya və sosial psixologiyaya aid olan bir məsələdir və bunun mahiyyəti cəmiyyətdə insan davranışlarının tənzimlənməsinin bir formasıdır, ictimai təsir mexanizmidir. Ona görə istənilən cəmiyyətdə, əlbəttə dəyərlər sistemi olan cəmiyyətdə ictimai qınaq öz rolunu oynayır və hələ ki,  Azərbaycan cəmiyyətində də bu sistem,təsir imkanları mövcuddur. Yəni əgər bir cəmiyyətdə dəyərlər varsa, ümumi normalar gözlənilirsə, orada ictimai qınaq bir təsir mexanizmi kimi öz rolunu saxlayır. Əgər bu ictimai qınaq yoxdursa,deməli o cəmiyyət dəyərlər sistemindən, ümumi milli bəşəri dəyərlərdən məhrumdur. Azərbaycanda da var və  bunun bir forması kollektivlər, medianın özü, sosial şəbəkələrdə   ictimai qınaq mexanizmləri kimi öz rolunu oynayır. İctimai qınaqsız cəmiyyət mövcud deyil.  O yerdə ki, dəyərlər var, o yerdə ki, cəmiyyətin qəbul etdiyi ümumi davranış normaları var, orda mütləq ictimai qınaq olmalıdır."

Sosioloq Sahib Məmmədov:

"Burada bir neçə məsələ var ki, onları bir-birinə qarışdırmaq olmaz. Biri var, bir şəxsin başqa şəxsi qınaması, bir də var hadisə baş verir və hadisənin səbəbkarı hansısa bir qrumdur, vəzifəli şəxsdir, ya da adi bir vətəndaşdır. Ona görə bunu bir-birindən ayırmaq lazımdır. Eyni zamanda, qınaqla bullinqi də  bir-birinə qatmaq olmaz  insanların üstünə qəsdən kütləvi şəkildə getmək və onu karıxdırmaq və.s. Xüsusən də, bu məktəblərdə geniş yayılıb. Bunun nəticəsi olaraq intiharlar da baş verir.  Ona görə də, bu məsələlərin bir-birinə qarışırdırılmamasının tərəfdarıyam. O ki  qaldı ictimai qınaq mənasında, əlbəttə, bu vacib bir elementdir. Məsələn hansısa bir vəzifəli şəxsin və yaxud bir orqanın hərəkəti ilə bağlı  tutaq ki, bir məlumat yayılır, ictimaiyyət onu qınayır və nəticədə  məsələ, problem həll olur. Bu yaxınlarda Bülbül prospektində  ağacın kəsilərək yerində parkinq tikilməsi buna parlaq misaldır. O qədər  ictimai qınaq genişləndi ki,  məsələyə ölkə prezidenti müdaxilə etməli oldu. Problem həmin andaca həll olundu.  Bu mənada ictimai qınaq vacibdir, olmalıdır.  Amma bu bullinq olmamalıdır. Tutaq ki, bir insan barədə kimsə şaiyə yayır, həqiqətə yaxın olmayan, qismən həqiqəti əks etdirən məlumatı yayır, onun fərqinə varmadan hər kəs qınamağa, təhqir etməyə başlayır. Əlbəttə bu insana pis təsir edir. Bu vəzifəli şəxs olsa belə onu da narahat edir. Zənnimcə bu, yersizdir. Xüsusən sosial şəbəkələrin bu mövzularla bağlı geniş imkanları var. Bir şəxsə, subyektə  qarşı məqsədli təsis olunmuş kompaniyalar başlayır və bunun adı ictimai qınaq olsa da, əslində arxasında bir məqsədli, məkrli planlar durur. Bunları bir-birinə qatmaq olmaz".

Rövşən Nəcəfov -psixoloq:

"İnsan psixologiyasının müxtəlif inkişaf mərhələlərində cəmiyyət və fərdin qarşılaşmasını müşahidə etmək mümkün. Fərdin təşəbbüsü cəmiyyət tərəfindən heç vaxt birmənalı qarşılanmır. Bəzən insan öz qeyri-adi fikirlərini ifadə etməkdən qorxur. Bu qorxu fərd və cəmiyyət arasındakı toqquşmadan yaranıb. Cəmiyyətdə yaranmış stereotiplər fərdin yaşamasına və yanaşmasına sədd yaradır. Fikir avtoritetliyi yaratdığı mühit sağlam rəqabətin aparılması üçün uyğunsuzdur.

İnsanlar özünün yox, başqalarının taleyini yaşayır. Bu kimi halların formalaşmasında mentalitet adlandırdığımız anlayışın rolu böyükdür. Mentalitet mövcud olmayan bir avtoritetlikdir. İctimai qınaq məhz ifadə etdiyim avtoritetliyin təzahürüdür. Rəqəmsal dünyada yaşadığımız üçün ictimai qınaq anlayışı "linç etmək" ifadəsi ilə əvəz olunub. Təəssüf ki, bəzən fərdlər cəmiyyətin "linç etmək" axınına tuş gəlir və nəticə intiharla nəticələnir.

İctimai qınaq anlayışının istiqaməti cəmiyyəti maarifləndirmək, fərdlərin müxtəlifliyinə sağlam mühit yaratmaq və insanların məsuliyyətli azadlıqlarının formalaşdırdığı sərhəddir. Fərdin azadlığı başqasının azadlığına mane olmamalıdır. Heç kimin başqasının yaşamaq azadlığını əlindən ala bilməz. Hüququn aliliyi insanların azadlıqlarını məsuliyyətə təhrik edir.

İntihar etmək fərdin problemlərə ictimai münasibətidir. Fərd düşünür ki, onun qərarı cəmiyyətə "dərs" vermiş olacaq. Fərd və cəmiyyətin qarşılaşdığı həmin an intihar hadisəsini reallaşdırır. Amma fərdin fərqliliyi cəmiyyətə yenilik gətirir. Cəmiyyət isə heç kimi qınamalı deyil. İnsanların düşünməyərək ifadə etdiyi fikirlər, başqalarının düşünərək verdiyi qərarları formalaşdırır.

İctimai qınaq cəmiyyəti inkişafdan saxlayan, insanların həyatını həm fiziki, həm mənəvi məhv edən fəaliyyətlərə qarşı olmalıdır. İnsanlar sağlam cəmiyyəti formalaşdırmaq üçün sual verməkdən qorxmamalıdırlar. Bütün sualların bir və ya bir neçə cavabı mövcuddur. Suallar qorxu yaratmamalıdır. İnsanların psixikası fərqli olduğu üçün, problemlərə yanaşması da fərqli olur.

İnsanlarda suisidal fikirlərin yaranması psixoloji və fiziki travmalara bağlıdır. İnsanın iştirak etdiyi istənilən mühitdə onun özünü ifadə etməsinə qarşı aqressiv davranış sərgilənirsə, şəxsdə suisidal fikirlərin toxumları əkilmiş olur. Biz intiharın çıxış yolu olmadığını ifadə edirik, amma çıxış yolunun istiqamətini də demirik. Psixoloqa müraciət etmək stereotip olmamalıdır. Psixoloq şəxsin güzgüsüdür. Qırdığımız güzgüləri də baxdığımız başqa güzgülər bərpa edir. Başqalarına özümüz qədər dəyər verməyi öyrənməliyik. Qarşımızdakı insanla empatiya qurmalıyıq. Empatiya insanın daxilindəki sevgidir. Sevgi isə hər kəsin eyni dildə danışdığı sağlam mühitdir.

Problemlərin ictimailəşməsini qınamamalıyıq. İnsanlar problemlərinin həlli istiqamətində çıxış yolları axtarırlar. Həssaslığımızı ifadə edərək empatiya qura bilərik. Bir-birimizə sahib çıxmaq üçün ictimai olaraq qınandığımızı hiss etməməliyik. İctimai qınaq cəmiyyəti inkişaf etdirən nümunələr təqdim etməlidir. İnsanlar nümunələr yaradıb fayda verməyi öyrənməlidirlər".

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31