Qadınların orta maaşı kişilərin əməkhaqqının 69 faizidir
11:58 SosialAzərbaycanda qadınların orta əməkhaqqısı kişilərdən xeyli azdır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 min nəfərini qadınlar, 2 milyon 615 min nəfərini isə kişilər təşkil edir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 min nəfərə çatır.
Onun sözlərinə görə, hazırda qadınların orta aylıq əməkhaqqısı kişilərin orta əməkhaqqısının 69,1 faizinə bərabərdir. Qlobal miqyasda isə bu göstərici 77-80 faiz civarındadır. Qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan 722 min 147 qadından 242 min 801 nəfəri məhz bu sahədə fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir.
Qadınların üstünlük verdiyi ikinci böyük sektor səhiyyə və sosial xidmətlər sahəsidir. Bu istiqamətdə 116 min 976 qadın çalışır və ümumi payda 16,2 faiz təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb.
Qadınların orta aylıq əməkhaqqısına görə ən yüksək göstərici mədənçıxarma sənayesində qeydə alınır və bu sahədə qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta sektorunda çalışan qadınların orta aylıq əməkhaqqısı 1813 manat, informasiya və rabitə sektorunda isə 1353 manat təşkil edir. Təhsil sektorunda çalışan qadınların orta aylıq maaşı isə 731 manatdır.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinə qadın sahibkarların çıxış imkanlarının artırılması üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlərlə yanaşı, qadın sahibkarlar üçün kvotaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalına xüsusi əmsalların tətbiq edilməsi və bununla da onların pensiya məbləğlərinin artırılmasına nail olunması mümkündür.
Deputat həmçinin pensiya yaşı ilə bağlı güzəştlərin kateqoriyasına keyfiyyət meyarlarının əlavə olunmasını və tək qadınlara daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edib. Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə qadınların iqtisadi dəyər yaratmaq imkanlarının genişləndirilməsi gender siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.