Cinsi nisbət hər 100 qıza 113 oğlan təşkil edir-Komitə sədri

"Uzunmüddətli sabitliyə, ictimai harmoniya və tərəqqiyə can atan hər bir dövlət ailələrin, qadın və uşaqların hüquqlarını qorumalıdır. Bu, milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və mədəni irsin qorunması məsələsidir. Azərbaycanda dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi hər zaman prioritetdir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı ilə bağlı parlamentin bugünkü iclasında deyib. Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, Parlamentin sədri hörmətli Sahibə xanımın təşəbbüsü ilə, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin iştirakı ilə "Gender bərabərliyinin təminatları haqqında" Qanunun icrası ilə bağlı biz davamlı iclaslar, görüşlər keçiririk, müzakirələr aparırıq. Hazırda istər milli, istərsə də beynəlxalq və qlobal səviyyədə elə bir platforma yoxdur ki, orada ailə, qadın və uşaq məsələləri yer almasın. Bildiyiniz kimi, ölkəmizdə COP 29-dan sonra 2-ci böyük tədbir olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası keçirildi. Əlbəttə ki, burada qadın iştirakçılığı, onların prosesə verəcəyi töhfələr, dövlətlərin qarşısında dayanan öhdəliklər də geniş müzakirə edildi. Yəni, bu gün elə bir vəziyyət yaranıb ki, hər bir məsələnin həlli bərabər iştirakçılıq tələb edir. Və bir daha qeyd etmək istərdim ki, bu məsələ ölkə başçımızın xüsusi diqqətindir. Azərbaycan bir sıra siyasi, iqtisadi təşəbbüslərin müəllifidir. Və qeyd edim ki, müxtəlif beynəlxalq təşkilatların yanında Qadınlar Şurasının və ya Qadın Şəbəkəsinin yaradılması təklifi də məhz Azərbaycana məxsusdur. Bu tədbirlərin pozitiv nəticələri var.

O qeyd edib ki, elə bu gün müzakirə etdiyimiz "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə bağlı hazırlanan Məlumat bunun əyani sübutudur. 291 səhifədən ibarət bu sənəddə Qanundan irəli gələrək çox detallı təhlil aparılmış, təklif və tövsiyələr hazırlanmışdır. Və mən fürsətdən istifadə edərək, peşəkar səviyyədə təqdim olunan Məlumata görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovaya, eləcə də Komitənin bütün əməkdaşlarına təşəkkür edirəm. Bahar xanım burada çıxış edərək ölkədə gender bərabərliyinin təmin edilməsi ilə bağlı ətraflı məlumat verdi. Ona görə də mən təkrara yol vermədən bəzi məsələləri qeyd etmək istərdim:
Ölkədə gender bərabərliyinin təmin edilməsi ilə bağlı sahəsində müsbət dinamika var. Qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların iştirakçılığının artması müşahidə olunur. Həm inzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusi ilə də hakim və vəkil qadınların sayı artır. Və bu burada əsas məsələ qadınlarımızın ayrı-ayrı sahələrdə təkcə kəmiyyət baxımından deyil, həm də keyfiyyət baxımından inkişafına nail olmaqdır. Və Məlumatda qeyd olunan tədbirlər, keçirilən təlimlər və treninqlər də bunu təsdiq edir.
Sənəddə qanunvericilikdə edilmiş əlavə və dəyişikliklər də qeyd olunub. Ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlər görülür. Müvafiq olaraq qanunvericilik bazası təkmilləşdirilmişdir. Məqsəd iş-ailə balansını qorumaq, işçi məmnuniyyətini artırmaq və əmək bazarında inklüziv mühit yaratmaqdır. Əmək münasibətlərində digər xüsusiyyətlərlə yanaşı, o cümlədən ailə vəzifələrinə görə birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi qəti qadağan edildi. Bu dəyişiklik, ailə məsuliyyətini şəxsi problem yox, sosial reallıq kimi qəbul edərək işçinin əmək hüquqlarını müdafiə edir. Digər mühüm dəyişiklik son illərdə ictimai müzakirələrdə diqqət mərkəzində olan və "atalıq məzuniyyəti" kimi tanınan məsələ ilə bağlı olmuşdur. Artıq övladı dünyaya gələn kişilər 14 günlük ödənişli məzuniyyət hüququna malikdirlər. Və onlarla atalar bu hüquqdan istifadə edib. Elə bu yaxınlarda kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi ilə bağlı həm Əmək Məcəlləsində, həm də Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununda vacib dəyişiklik olundu. Qeyd edim ki, Respublikada kişi və qadınların orta əməkhaqqı fərqliliyinin aradan qaldırılması məqsədilə mühüm islahatlar həyata keçirilir. Burada vacib məsələlərdən biri ailə öhdəliyi olan işçilərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə məktəbəqədər təhsil infrastrukturunun inkişafı üzrə tədbirlərin davam etdirilməsidir. Məlumdur ki, qanunvericilikdə məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbul edilməsi ilə bağlı müəyyən imtiyazlar var. Və mən təklif edərdim ki, bu imtiyazlı ailələr sırasına hər iki valideynin işləməsi də nəzərə alınsın.
Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı ciddi hüquq pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericilik bazamız davamlı olaraq təkmilləşir. İllik Məlumatda məişət zorakılığı ilə bağlı Komitəyə edilən müraciətlər haqqında geniş təhlil aparılır. Həmçinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyini və digər dövlət qurumlarının məlumatları da qeyd olunur. Lakin çox yaxşı olardı ki, qısa şəkildə dünyada və ölkəmizdə məişət zorakılığı ilə bağlı cinayətlərin müqayisəli təhlili verilsin, statistika göstərilsin".
Komit sədri bildirib ki, məlumatda bir çox yeni istiqamətlər öz əksini tapıb. Onlardan biri də, Məhkəmə qərarları çıxarılarkən müvafiq qanunlara istinad edilməsidir. 2025-ci il ərzində çıxarılmış məhkəmə qərarlarında "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edilmiş işlərin sayı 19 olub. Bu yaxşı bir nəticədir. Çünki, həmişə bu məsələni qaldırırıq ki, qəbul olunan müvafiq qanunlara istinad edilən məhkəmə qərarları haqqında məlumatlara ya az rast gəlinir, ya da heç yoxdur. Lakin təqdim edilən sənəddə bununla bağlı statistika var.
Əlbəttə ki, bu gün ölkədə məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil. Bu istiqamətdə də işlər davam etdirilməlidir.
Doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərq əvvəlki illərə nisbətən azalıb. Cinsi nisbət hər 100 qıza 113 oğlan təşkil edir. Bioloji norma hər 100 qıza 105-107 oğlandır. Bu sahədə Komitə və digər müvafiq qurumlar maarifləndirmə işləri aparırlar. Amma bu işlər daha da gücləndirilməlidir. Digər tərəfdən, İllik Məlumatda da göstərildiyi kimi, 100 min nəfər diri doğulana əgər 2020-ci ildə 15 tam onda 8 ana ölümü qeyd olunurdusa, 2025-ci ildə bu əmsal 27 tam onda 1 təşkil edib. Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşadək ölən uşaqların isə 2020-ci ildə 9,8-2025-ci ildə isə 13,7 əmsal təşkil edib. Bu göstəricilər bir daha ana və uşaq ölümünün səbəblərini araşdırmaq məsələsini zəruri edir. Eyni zamanda, "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" Qanunun qəbul edilməsinə də ehtiyac vardır.
Qızların təhsil alması, peşəyə yiyələnməsi, məşğulluğu üçün sosial proqramlar tətbiq etməliyik. Gender bərabərliyi mədəniyyətinin təbliğini xüsusi ilə gücləndirməliyik. Vətəndaş cəmiyyəti və Media bu sahədə daha aktiv iştirak etməlidir. Düzdür, hazırda müxtəlif televiziya kanallarında gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində proqramlar yayımlanır. Ayrı-ayrı verlişlərdə müzakirələr aparılır. Ancaq, yaxşı olardı ki, bu sahə üzrə ixtisaslaşmış ekspertlər, hüquqşünaslar, vəkillər, sosioloq və psixoloqların iştirakı ilə verişlər hazırlansın.
Azərbaycan Respublikasında gender bərabərliyinin təmini sahəsində həyata keçirilən tədbirlərin davamı kimi yeni Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ölkədə gender bərabərliyinin təmin edilməsi bir qurumun işi deyil. Bütün qurumlarda gender üzrə məsul şəxslər var. Bu qurumlar arasında görülmüş işlər, dövlət proqramlarının yerinə yetirilməsi, eyni zamanda, həmin sahələrdə çətinliklər, təkliflərlə bağlı Hesabatlılıq olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31