İstirahət mərkəzlərində qiymətlər cibimizi "zaqar" edir
1 İyul 2022 11:54 SosialÇimərlik mövsümü rəsmi şəkildə açıq elan edilib. Ancaq əgər, vətəndaş dənizə günəşlənmək üçün yollansa ilk öncə onun cibləri günəşlənməli olacaq.
Hər il dəniz mövsümünün problemləri öz həllini tapana qədər artıq yay mövsümü başa çatır.
Ən başda antisanitariya vəziyyəti, qiymətlərin günəşin "təsirinə" görə od tutub yanması, sahili qanunsuz zəbt edənlər və.s
Antisanitariya vəziyyətinin hökm sürdüyü yerlərdə insanlar üzməkdən çəkinmir. Bir çox yerlərdə isə dərinliyi göstərəcək işarələrdən belə istifadə etmirlər. Nəticədə hər il onlarla insana Xəzər dənizi "məzar" olur. İnsanlar bəlkə üzmək üçün yer tapa bilmirlər? Haradasa haqq vermək olar. Çünki, üzmək üçün əlverişli olan bütün sahil demək olar ki, hasara alınmış vəziyyətdə olur. Pandemiyanın hökm sürdüyü dönəmlərdə aparılan tənzimləmə işləri ağlabatan nəticələr verirdi. Dənizdə COVİD olmasa da, yetəri qədər bakteriya, infeksiya var. Deməli, pandemiya dövründə olan tənzimləmələr hər zaman keçərli olmalıdır. Əsas da adi insanlara açıq olan sahillərdə.
Xəzər kimi bir möcüzənin qoynunda yerləşən Bakı sahilləri isə heç bir halda dünya standartları ilə ayaqlaşa bilmir. Hansısa bir əcnəbi təmiz sahili üçün Bakıya üz tutmur. Nəinki əcnəbi, heç yerli vətəndaşlar da ölkədaxili istirahətə önəm vermirlər. Hətta ölkədə istirahət mərkəzlərinə xərclənəcək məbləğin həcmi ölkə xaricindəki bəzi yerlərdən qat-qat bahadır. Uzağa baxmağa ehtiyac yoxdur. Ən azından Türkiyənin çimərlik mövsümünə necə hazırlıq aparmasından örnək götürmək olar.
Çimərlikdə olan qiymətləri dövlət qurumları tənzimləyə bilməsə də, qanunsuz tikililərin və antisanitariyanın qarşısını almaq mümkündür.
Olaylar.az-ın sosial media üzərindən keçirdiyi sorğunun nəticələrindəm məlum olur ki, orta statistik azərbaycanlı ailə yay aylarında dənizə yox, daha çox rayonlara getməyə üstünlük verirlər. Rayonlarda istirahət etmək, Bakıda dəniz sahilində dincəlməkdən daha sərfəlidir.
Apardığımız araşdırmaya əsasən istirahət mərkəzlərində giriş üçün adambaşına tələb olunan ən aşağı məbləğ 10 manatdır. Bu qiymətə sadəcə giriş daxildir. Bir çox yerlərdə isə vətəndaşlara özləri ilə birlikdə qida, su və.s kimi vacib şeylərin gətirilməsinə icazə verilmir. Beş nəfərlik bir ailə ən ucuz qiymətlərlə bir günlük istirahət üçün 100-150 manat arası pul xərcləməli olur. Bu da orta gəlirli ailə xərclərinə görə yetəri qədər yüksək məbləğdir. İstirahət mərkəzində digər xidmətlərdən istifadə üçün isə əlavə ödəniş tələb edilir.
Deyə bilərsiniz ki, hər kəs öz büdcəsinə uyğun şəkildə istirahət etməlidir. Ancaq aşağı büdcə ilə həm təmiz, həm də təhlükəsiz sahil tapmaq mümkün deyil. Mərkəzlərdə qiymətlərin yüksək olmasına qurumlar nəzarət edə bilmirsə, (qanuna əsasən belədir) o zaman insanlara təmiz, həm də münasib istirahət imkanı yaradılmalıdır.
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki:

"Azərbaycanda istirahət mərkəzləri, ictimai iaşə yerlərinin qiymətləri dövlət tərəfindən tənzimlənmir. Qiymətlərin yüksək olmasının səbəbi rəqabətin olmamasıdır. Xüsusilə bölgələrdə obyektlərin sayı, fəaliyyəti ilə bağlı rəqabətli mühit yaranmayıb. Məhz bu hallara görə ölkədə daxili turizm də zəif inkişaf edir.
Vergi ödəyicisi olduqları halda onların qazancından gəlir vergisi büdcəyə əlavə edilir. Fiziki şəxs olduqları halda "vöen" vasitəsi ilə qazanc dövriyyəsinə görə vergi hesablanır. Ancaq bunlar böyük məbləğlər deyil. Turizm gəlirləri büdcədə çox kiçik yer tutur.
Dənizkənarı məkanlarda da qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün məsələyə nəzarət mexanizmi də yoxdur. Obyektlər, hasara alınmış dəniz sahilləri qanunvericiliklə tənzimlənməli, qurumlar buna ciddi nəzarət etməlidir".
Əfsanə Kamal