"Texnologiya vasitələri dərman preparatları kimidir"

Dünyada hər keçən zaman dilimi ərzində yeni ixtiralar, kəşflərlə bərabər   xəstəliklər və problemlər də artım göstərməyə davam edir.
Hər birimiz orta yaşlı insanlardan "bizim dövrümüzdə belə xəstəlik yox idi" və.s kimi ifadələr eşitmişik. Xəstəliyin dövrü olmur deyə düşünsək də, bu yalnış yanaşmadır. Əvvəla 20 və 21-ci əsri bir-birindən ayıran ən böyük kəşfə nəzər salaq. İnternetin kəşfi dünyanı insanın ayağına qədər gətirə bilsə də, eyni zamanda insanı real dünyadan uzaqlaşdıracaq ən böyük vasitələrdən biridir. Yetkinlik yaşa çatan insanlar özlərini internet asılığından haradasa xilas edə bilir. Ancaq gənclər və yeniyetmələr üçün eyni vəziyyət keçərli deyil. Körpələr üçün isə daha təhlükəlidir. Bilincsiz valideyn övladında olan yaradıcılıq, yanaşma kimi qabiliyyətləri körpə yaşda məhv edə bilir. 
Əvvəlki dövrlərə nisbətən azyaşlılar daha gec dil açır, ətraf mühitə daha az maraq göstərir və assosial fərd kimi formalaşır. Bunu gələcək dünya üçün yeni model insanların formalaşmasının başlanğıcı adlandıra bilərik. Ancaq indiki dünyada bu cür ləngiləmələr sindrom, xəstəlik kimi qəbul edilə bilir. Körpələrin assosial olmaması üçün valideynlər hansı yolu izləməlidir? Texnologiya və uşaqlar arasında bağlantı necə tənzimlənməlidir? 
Olaylar.az-ın növbəti müsahibi, psixoloq Fidan Canbabazadənin sözlərinə görə "20-30 il əvvəl uşaqlar  15-16 yaşında yeniyetmə sayılırdısa, indi  yeniyetməlik yaşı 10-11 yaşlara qədər düşüb"

- Fidan xanım, valideynlərin uşaqlar sakit dayansın deyə onlara telefon, tablet və.s təklif etmələri doğrudurmu?

=Bəli, dövr texnologiya dövrüdür. Təəssüflər olsun ki, uşaqlar sanki texnologiya ilə birlikdə  dünyaya gəlirlər. Bunun bir çox səbəbi var. Valideyn olaraq bizlər də texnologiya ilə iç-içəyik. Xanımlar mobil telefonlardan hamiləlik dönəmi boyunca istifadə edirlər. Biz istəməsək belə, uşaq doğulan anda etibarən texnologiya ilə tanış olur. Digər tərəfdən hazırda akselerasiya dövrüdür. Məhz elə buna görədir ki, əgər, 20-30 il əvvəl uşaqlar  15-16 yaşında yeniyetmə sayılırdısa, indi yeniyetməlik yaşı 10-11 yaşlara qədər düşüb. Bunların hamısı qarşılıqlı olaraq texnologiya ilə bağlıdır. Ona görə də uşaqları texnoloogiyadan uzaq tutmaq olduqca çətindir. Valideynlər çox zaman azyaşlını məhz elə bu vasitə ilə sakitləşdirə bilir. Başa düşüləndir. Həyat, məişət qayğıları bəzən bunu tələb edir. Burda ən önəmli məqamlardan biri ondan ibarətdir ki, valideynlər nə üçün həmin an uşağı sakitləşdirmək istəyir?. Ortada hər hansı bir problem varsa, sakitləşmə yoxdursa, əslində problemin kökünə baxmalıyıq. Uşaq nə üçün sakitləşmir? İsterika baş verməzdən 2 dəqiqə əvvəl biz nə edirdik? Bu suallara  cavab tapmaq lazımdır. Təbii ki, başqa səbəblər də ola bilər. Məsələn, azyaşlı yıxıla, bir yerini əzə bilər. Valideyn bu cür sakitləşdirmə üsulundan istifadə edə bilər. Yenə də texnoloji vasitələr ilə "baş qatmaq"  düzgün üsul deyil. Hər zaman alternativ üsul tapmaq olar.

-Yeni doğulan uşaqlarda nitq problemləri getdikcə artır. Texnologiyanın bunda payı varmı?

-Texnologiyanın nitqin inkişafında çox böyük payı var. Əslində hər şeyi sadəcə texnologiya ilə bağlamaq da düzgün deyil.  Çünki, bir sıra azyaşlılar var ki, valideynlər onların çizgifilmə və.s baxaraq, dil öyrəndiklərini bildirirlər. Mən texnologiyanın dərman peraparatları kimi olduğunu düşünürəm. Necə ki, dərmanların əks göstəriciləri olur, telefon, tablet kimi vasitələrin də eynilə. Texnologiya vasitələri bəzi uşaqların nitqində inkişafa, bəzilərində isə ləngiməyə, fəsadlara səbəb olur. Əlbəttə, burda da kökdə başqa problemlər olmalıdır. Doğrudur, bunlar təsir edə bilər. Ancaq başqa problemlər də varsa, bunu mütləq texnologiyaya bağlamaq düzgün deyil. Elə problemlər var ki, onları telefonun və ya çizgifilmin etməsi mümkün deyil. Ancaq texnologiyanın payı birmənalı şəkil var. Ona görə ki, müşahidə etsək, 5 yaşa qədər cizgifilmlərin bir bölümü 3-5 dəqiqə aralığında dəyişir. "Bəs, bu cizgifilmlər kimin üçündür" sualı çox verilən suallardandır. Məsələ bundadır ki, biz övladımıza telefonu verdikdə azyaşlı cizgifilmin 1 bölümünə yox, bir neçə bölümünə baxır. Ortalama 2 saat vaxt deməkdir bu. Azyaşlının həyatının ən önəmli mərhələsi dialoq qurma mərhələsidir. Azyaşlılar bu mərhələdə tamamilə monoloqa məruz qalır. Buna görə də nitqdə ciddi gecikmələr olur və sonradan başqa fəsadlar yaranır.

-Valideynlər uşağın texnologiya ilə bağlantısını necə tənzimləməlidir?

-Yemək yeyilən zaman azyaşlıya telefon təklif etmək doğru deyil. Valideynlərin bir çoxu  "Mənim övladım telefon olmadan yemək yeyə bilmir" deyir. Əslində cümlə içərisində cavabı özləri verir. Azyaşlı aclıq hissini, yemək yemə duyğusunu qavramır. Daimi ona çox maraqlı gələn ekrana baxır. Diqqəti ekranda olduğu zamanda azyaşlını yedirmək sadəcə olaraq qarnını doldurmaqdır. Azyaşlı aclıq hissini bilmədiyi üçün,yalnız ekrana baxdığı zaman yemək yeməyə razı olur. Həmin vasitələri əlindən aldıqda isə onlar yeməkdən imtina edirlər.Narahat olur, qıcıqlanır. Beyinə tam şəkildə siqnal getmədiyi üçün aclıq, yoxsa susuzluq yaşadığını aydınlaşdıra bilmir. Ona görə də həzm pozğunluğu yaranır. Uşaq qidanı tez bitirsin deyə tamamilə blendrdən keçirilən qidalardan istifadə etmək doğru sayılmır. Zaman içərisində dil-damaq bölgəsində pozuntular yaranır. Texnologiya hətta bu baxımdan da təsirsiz ötüşmür.
Uşaqlar qulaq ilə deyil, gözləri ilə tərbiyə olunurlar. Buna görə də valideyn ilk öncə özünü müşahidə etməlidir. Daimi uşaqlarını sosial şəbəkələrdə paylaşırlarmı, öz vaxtlarının böyük hissəsini sosial şəbəkədəmi keçirirlər? Bunu tənzimləmək lazımdır. Əlbəttə, azyaşlıya daimi vaxt ayırmaq uzun çəkə bilər. Valideynlərin digər qayğıları da var. Amma övlad sahibi olmaq çox böyük bir məsuliyyətdir.  Onları ola biləcək ən yaxşı səviyyəyə gətirməyə çalımalıyıq.  Valideyn özü uzun meddət sosial şəbəkədə vaxt keçirib, oyun oynayırsa, azyaşlıdan əksini tələb etmək effektiv olmayacaq. Əksinə, uşaqda haqsızlıq duyğusu əmələ gələcək. Valideynin texnologiya ilə münasibəti necədirsə, övladın da elədir. Məncə, azyaşlı tam dil açıb, fikirlərini ifadə edə bilənə  qədər heç bir potologiya sezilmirsə, ondan sonra hər hansı cizgifilmin bir bölümünə baxa bilər. Hər hansı ləngimə prosesi varsa, bu hallar yolverilməzdir. Valideyn dil öyrəntmək üçün çalışsa da bu doğru seçim olmayacaq. İnkişaf etmiş ölkələrdə  azyaşlılar 4-5 dil öyrənə bilir. Onlar, bunu texnologiya vasitəsilə deyil, dialoq şəklində öyrənirlər. 5 yaşına qədər uşaq bir neçə dil öyrənmə potensialına sahibdir. 5-6 yaşına qədər azyaşlının əsas fəaliyyəti oyundur. Oynaya bilməlidir. Texnologiya səbəbindən təxəyyül və təfəkkürdə də zəifləmə halları baş verir. Uşaqlar öz aralarında obrazlı oyunlar qurmağa çətinlik çəkirlər. Valideyn əvvəlcə özünü, sonra uşağı tənzimləməlidir. İstirahət müddəti olaraq yarım saatdan çox məsləhət deyil. Uşaqların texnologiyadan yox bizdən öyrənəcəyi çox gözəl şeylər var.

-Bir çoxlarımız azyaşlıların məktəbdə, bağçada dostlarında olan vasitələrin onlarda olmamasından şikayət etmələrinin şahidi olmuşuq. Valideyn belə olan halda necə davranmalıdır?

-Dövrümüz üçün onların belə düşünməyi çox normaldır. Hər ay bütün markaların yeni modellerinin təklif edildiyini görürük. Hətta qol saatlarının belə istehsal,inkişaf sürətinə çatmaq mümkün deyil. Burda doğuşdan gələn maarifləndirmə önəm daşıyır. Valideyn olaraq hər birimiz övladının daha yaxşı geyinməsi, qidalanması, təhsil alması  üçün çalışırıq. Bəzəm xüsusilə bağçalarda rast gəldiyimiz bir məqam olur. Uşağın dayə tərəfindən geyindirilib, yedizdirilməsinə  daha çox diqqət yetiririknəinki özünün qidalanmasına. Uşağın geyindiyi paltarın marka olmasına daha çox diqqət yetiririk, nəinki övladının başqa bir azyaşlını vurmasına. Brend əşyalar alındığı zaman sadəcə 1 sezon geyinəcəyi düşünülmür.  Uşaqlarımızı marka ilə, gəzməklə təmin etməyə çalışdığımız zaman bəzən, ən önəmli şeydən-insanlıqdan məhrum edirik. Sonraki həyatlarında onlar dostluq münasibətlərini də maddi planda qururlar. Bunların səbəbkarı ailə və cəmiyyətdir. Ən bahalı geyim, yemək daha yaxşıdır. Daha faydalıdır və.s Daimi bu müqayisə davam edir. Məsələn filan valideyn övladını filan bağçaya yazdırıbsa, sən də ora getməlisən və.s 
Tövsiyə edirəm ki, valideynlər uşaqlarnın daha erkən yaşdan davranışlarına, böyüklərlə rəftarına diqqət yetirsinlər.  Maarifləndirmə düzgün aparılmalıdır. Uşaqlar özlərini bahalı şeylərlə müqayisə etməməlidir. Bahalı əşya kimdədirsə, səlahiyyət də ondadır yanaşması doğru deyil.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31