Təhsilin qiyabisi...

Dünya təhsil sistemində ən geniş yayılan təhsil formalarından biri qiyabi təhsil formasıdır.  Azərbaycanda da qiyabi təhsil alan çox sayda tələbə var. Ancaq ölkəmizdə qiyabi təhsil forması da dünya standartlarından geridə qalır. Demək olar, ixtisasların  böyük əksəriyyətinin qiyabi forması mövcuddur. Qiyabi təhsilə daha çox yaşı çox olan, evli, övladı olan, işləyən şəxslər yönəlirlər. Təhsilin müddəti 5 ildir. Dərs müddəti və semestr fənnləri azaldılır, diplom almaq üçün  isə  müddət uzadılır. Qısa zaman dilimində semestrin bitməsi nə qədər səmərəli ola bilər?
Tələbə nələr öyrənir? Öyrəndiklərini dərk edirmi?
Nəzərə alsaq ki, müxtəlif təhsil olacaqlarında semestr müddəti 15-25 gün arasında dəyişir, bu bir az mümkünsüz görünür. Əyani formada təhsil alan tələbənin 3-4 ay ərzində mənimsədiyi dərsi, qiyabi təhsil alan tələbə 15 gün ərzində mənimsəməyə məcbur buraxılır. İmtahanlar isə semestr bitdikdən sonra, hər gün ard-arda həyata keçirilir.  Qiyabi təhsil alan tələbələr dərs yükünün çox olmasından şikayətlənir. İmtahanlar arasında isə 1 gün belə yoxdur. Tələbənin çarəsi yalnız sualları əzbərləyib, sabahı gün imtahanı yola vermək olur. Əlbəttə, belə olan halda tələbənin dərs semestri səmərəsiz olur. 
İmtahan qaydaları isə, əyani formada olduğu kimi universitetə görə dəyişir. 
Qiyabi təhsil dərslər və imtahanla yanaşı sosial həyatlarına da təsir göstərir. Tələbə sosiallaşa bilmir, nəticədə "tələbəlik" onun üçün diplom almaqdan ibarət olur. Əyani təhsil alan tələbənin illik ödənişi ilə qiyabi təhsil alan tələbənin ödənişi arasında böyük fərq yoxdur. Ancaq qiyabi formada təhsil alan tələbə təqaüddən  məhrum edilir. Bu da öz növbəsində tələbəni imtahana daha yaxşı hazırlaşmaqdan uzaqlaşdırır. 
Universitetlər fərqli olsa da, tələbələrin tələbləri eynidir. Daha az həcmli dərs, imtahanların 3-4 gündən bir həyata keçirilməsi, dərs semestrının uzadılması və.s
Mövzu ilə bağlı Qoşqar Məhərrəmovla həmsöhbət olduq :

-Qoşqar bəy, Azərbaycanda qiyabi təhsil forması əyani təhsildən keyfiyyət baxımından geri qalırmı?
Hazırda Azərbaycanda ali təhsil inkişaf mərhələsindədir. Ancaq bu inkişaf sürəti arzuolunan sürət deyil. Eyni zamanda bizdə inkişaf mərhələsi olduğu kimi digər ölkələrdə də var. Bu səbəbdən bizim onlarla aramızdakı uçurum getdikcə böyüyür. Əslində narahat olmağımıza səbəb budur. Əyani təhsildə gedən inkişaf daha sürətlidir, nəinki qiyabi təhsildə. Qiyabi təhsilə çox dırnaqarası baxılır. "Heç yerə girə bilməsən, qiyabi oxuyarsan" kimi yanaşılır. Müəllimlər də bu düşüncədədir. Tələbələr bu ixtisaslara aşağı balla yiyələnir. Müəllim tələbənin onun tələbinə cavab vermədiyini deyir. Tələbə isə deyir ki, müəllim dərsə önəm vermir. Qarşılıqlı məsuliyyətsizlik nəticəsində olan yenə təhsilə olur. Çox rahatlıqla deyə bilərik ki, qiyabi təhsil məzmun, idarəetmə, keyfiyyət baxımından əyani təhsildən geri qalır.

-Bir çox universitet və kolleclərdə qiyabi formada təhsil alan tələbələrin semestr müddəti ortalama 21 gündür. Səmərəli hesab etmək olarmı?
-Qiyabi təhsilin indiki forması "onlayn" dərslərlə dəstəklənsə, səmərəli olar. Ancaq semestr boyunca dərs müddətinin bir həftə olmasını səmərəli hesab etmirəm.  Qərb universitetlərində bu cür metod var. Onlar əyani dərslərin olmadığı müddət ərzində "onlayn" dərs keçirlər,  ya da əvvəldən hazırlanmış videodərslərə baxırlar. Bu cür təhsil forması səmərəlidir.  Ümumi olaraq, digər təhsil formaları kimi bu təhsil formasında da təkmilləşməyə (məzmun, təlim-tədris heyəti və.s) ehtiyac var.

-Qiyabi təhsil alan tələbələrə nə üçün təqaüd ayrılmır?

-Qiyabi təhsil alan tələbələrin əksər hissəsi əmək fəaliyyəti ilə məşğuldur. Qanunvericiliyə əsasən onların işləməyinə icazə verildiyi üçün onlara maddi vəsait ayrılmır.

Bakı Dövlət Universiteti, jurnalistika fakültəsi məzunu olan Cavid Şeydayev qiyabi təhsil forması ilə bağlı Olaylar.az-a açıqlama verib. 

-Cavid bəy, siz də təhsildə qiyabi formaya üstünlük vermisiniz. Qiyabi təhsil formasını necə dəyərləndirirsiniz? 

-Ali məktəblərdə qiyabi təhsilalma formasının xüsusi üstünlükləri var. İlk olaraq qeyd edim ki, tələbənin oxumaqla yanaşı işləmək şansı çox olur. Ələlxüsus, tələbəlik həyatına gec başlayanlar üçün bu yaxşıdır. Müxtəlif  formalarda təhsil alanların diplomlarının statuslarının  qanunla eyni qüvvədə olması mükəmməl  hüquqi tənzimləmədir. Bununla da hər bir məzun-mütəxəssisin məhz bilik və bacarığı önə çıxır, universitetə hansı qrafik ilə getməsi yox.

Lakin universitetlərimizdə qiyabi təhsilin çatışmayan cəhətləri var. Mən deyərdim, bunlar çox ciddi nöqsanlardır və aradan qaldırılmalıdır. Əvvəla, tələbə sessiyaya  başlamazdan öncə müvafiq ədəbiyyat və proqramla tanış olmalıdır. Bunu tələbənin öhdəsinə qoyanda çoxu məsuliyyətsiz  yanaşa bilər. Müəllim kollektivi tapşırıq verərsə, tələbə daha artıq məsuliyyətli olacaq. Heç bir məlumat verilmir, bir aylıq dərs-imtahan müddətində böyük həcmli materialları mənimsəməli olurduq. Əlbəttə, əsasən, mümkün olmur. Yeri gəlmişkən dərs müddəti də nisbətən azdır. Düzdür, qiyabi forma lokal olmalıdır. Lakin cəmi 25 gün çəkməsi azdır. Yaxşı olardı, müddət  40-45 gün aralığında olsun.

Tələbəlik vaxtımda diqqətimi çəkən məqamlardan biri də ayrıseçkilik olub. Nə səbəbdənsə, əyani oxuyanlara diqqət, qayğı daha çox olur. Təcrübi dərslər əyani oxuyan tələbələrə necə şövqlə tədris olunursa, qiyabilərə də eyni dərəcədə olunmalıdır . Əgər söhbət daha üstün istedadlı tələbələrdən gedirsə, qiyabi oxuyanların da arasında kifayət qədər belələri olur. Yəni universitetdə az görünməyimiz, sayımızın müqayisədə az olması bizə ögey münasibəti doğurmamalıdır. Şənliklərə də çağırılmalıyıq, müəssisənin ictimai həyatında da eyni fəallığı göstərməliyik. 

Tələbə təqaüdünün  qiyabilərə şamil olunmaması düzgün deyil. Demirəm ki, əyanilərin aldığı zaman kəsiyinə uyğun olmalıdır. Ancaq sessiya müddəti - bir-iki ay təqaüd  verilməsi yaxşı olardı. Bu, motivasiyadan əlavə maddi sıxıntılı ailələrə böyük dəstək olardı.

Gələk imtahan formasına. Test üsulu ilə imtahan tələbədə bəzi keyfiyyətləri zəiflədir. Onun yazı qabiliyyəti, düşünməyi, fikir yürütməsi geriləyir. Doğrudur, yazılı imtahanlarımız da olub. Amma az. Yaxşı olardı, bütün ana fənlərin imtahanları yazılı olsun. Qeyri-ixtisas fənlərin isə test vasitəsilə olamasında bir uyğunsuzluq görmürəm.

Əvvəlki dövrlərdə qiyabi şöbənin tələbələri birinci-ikinci kursdan artıq ixtisas üzrə təyinat alırdılar. Əslində, qiyabi oxumağın mahiyyəti də elə bundadır. Tələbə həm də işləyə bilsin. Çox müəssisədə ləğv olunan axşam təhsili də həmən müstəvidədir. Bügünümüzdə real səslənməsə də bu qrup tələbələrin işə cəlb olunması məqsədəuyğun olardı.  İnandırım sizi, o zaman qiyabi oxuyanların nüfuzu daha çox olar.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31