Mərc oyunları cəmiyyətdə mənəvi dəyərləri sıxışdırır

Mərc oyunlarının sayı getdikcə artır. Ən məşhuru isə  "Poz-Qazan"-dır. Təkcə "Poz-Qazan" deyil,  bu tipli oyunlara aludəçilik dayanmadan çoxalmaqdadır. Bunun səbəbi  müxtəlifdir. Amma  pul oyunlarından heç nə qazana bilməyən insanlar  necə bir hiylənin içində olduqlarının fərqində deyillər. Əslində onları qınamaq da olmur. Çünki ehtiyacdan, yoxsulluqdan, kasıbçılıqdan bu yola əl atırlar. Lakin sonu heç də yaxşı nəticələnmir. Hər gün neçə insan bu oyunlara pul qoyaraq əlində olan bütün imkanlarından olur, sanki düşünürlər ki, bunun vasitəsilə milyonlar  əldə edəcəklər. Təəssüf ki, bu belə deyil. Hər bir mərc oyunlarının, pul oyunlarının arxasında bir hiylə, bir tələ var və insanlar  bunu  ya dərk etmir, ya da dərk etmək istəmir.

Mərc oyunlarının ailələrə bədbəxtlik gətirdiyi sirr deyil. Hər gün neçə-neçə ailə  buna görə dağılır.  İllərdir, ictimaiyyət nümayəndələri də, ziyalılar, millət vəkilləri də mərc oyunlarının ailələrin dağılmasına, insanların faciələrlə üzləşməsinə səbəb olduğunu deyir, lakin bu rəsmi  şəkildə qumar oyunudur. Amma hələ də  qadağan edilmir. Əksinə, günü-gündən əhatəsini genişləndirir, daha da artır.

 Bəs bu oyunlara maraq niyə görə artır? İnsanlarda oyunlara qarşı asılılığın səbəbi nədir?  Bunun qarşısını necə almalıyıq?

Suallarımıza cavab tapmaq üçün mütəxəsisslərlə həmsöhbət olduq:

Əhməd Qəşəmoğlu - sosioloq:

-İstər  Poz-Qazan olsun, istər başqaları olsun -bunların adını bəzəkli-düzəkli nə qoyurlarsa -qoysunlar hamısı qumar oyunudur. Bilirsiniz ki,    islam aləmində, Qurani-Kərimdə qumara bir qadağa var.  Qumar insanın ən xoşagəlməz hərəkətlərindən biri sayılır. Normal mənəviyyatlı cəmiyyətdə həmişə bu cür oyunlara mənfi münasibət olub. Hətta yaşlı insanların yanında bütün sovet cəmiyyətində belə şey qəti yolverilməz sayılırdı.  Baxmayaraq ki, sovet cəmiyyətinin nə qədər mənfi xüsusiyyətləri də var.  Amma o cəmiyyətdə mənəvi məsələlərə diqqət verilirdi. Qumar oyunları mənəviyyata zərbə vuran bir oyundur. Lap azacıq pul, çox pul udmaqdan söhbət getmir. Söhbət insanın xarakterinə bunun mənfi təsir bağışlamasından gedir. Min illərdir ki, bütün ağıllı, müdrik adamlar, bütün peyğəmbərlər, dinlər,  deyirlər ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır. Hara olur olsun, istər bir ailə olsun, istər  iş kollektivi olsun, istər bir şəhər, ölkə,lap elə yer üzü olsun,mənəvi dəyər öndə olanda orada münasibətlər çox gözəl tənzimlənir. Ahəngdar bir münasibət yaranır. Gözünüzün qarşısına bir ailə gətirin . Hansı ailədə ki, mənəvi dəyər öndədir, o ailə kasıb olsa da çətinliyi olsa da, öz-özünü təmizləyir, hər hansısa ahəngdar münasibət yaradır.  Amma harda ki, maddi dəyər önə keçir, maddi dəyər mənəvi dəyəri sıxışdırır, orada mütləq qarşıdurma, ziddiyyət, xoşagəlməz münasibətlər yaranır. Buna görə də, belə oyunlar cəmiyyətdə hər zaman gərginlik yaratma mənbələri sayılır.  Digər bir tərəfdən məsələnin daxilindən xəbərdar olan biri kimi deyərdim ki, bu lotereya oyunlarını bəzən təşkil edirlər bazarlarda, mağazalarda, daha sonra kitab lotereyası və.s  içərisində hiyləgər adamların  hiyləgər mexanizmi gizlənib. Onlar elə bir oyun qururlar ki, orada camaatı aldadıb tora salsınlar. Bir neçəsinin şahidi olmuşam. Bir dəfə  bazarda lotereya oyunu keçirəcəkdilər, təsadüfən getdim həmin işin üstünə çıxdım. Müzakirə edirlər ki, soyuducunu kiminsə qaynanası udacaq, tozsoranı kiminsə bacısı oğlu udacaq və.s. Orda nə qədər qiymətli şey var idisə hərəsinə bir sahib dedilər ki, filan şeyi  filankəs udacaq. Mən də təəccübləndim ki, necə udacaq? Güldülər, dedilər ki, onu təşkil etməyə nə var? Amma bütün bu mexanizm   minlərlə manat pul gətirir.  Çünki avam adamlar girişirlər oyuna, fikirləşirlər ki, nəyisə udacaqlar.

Sizə çox maraqlı bir hadisəni danışım. Bir vaxtlar respublika stadionunda futbol oyunundan öncə bir lotereya oyunu keçirirdilər. Camaata lotereya satırdılar. Orada da bir şar gətirirdilər, böyük şüşə qab, içərisində şarlar   bir uşaq çağırırdılar ki, bu uşaq gəlsin, əlini atsın  şüşənin içindən şarın birini çəksin. Hansını çəksə ona düşəcək. O vaxt dəbdə olan "Jiquli", "Volqa" maşını və.s. Bunun da hiyləsini bilirdim. Bu hiylə ondan ibarətdir ki, şarın birin gizlincə qoyurdular dondurucuya, o buz kimi olurdu onu gətirirdilər,  camaat kənardan baxırdı ki, şarlar hamısı eynidir. Çağırılan uşaq da tanıdıqları uşaq olurdu.  Yavaşca valideyninə, özünə bir yüz manat pul verirdilər ki, sən ordan əlini uzat axtara-axtara soyuq şarı tap çıxar eşiyə.  Uşaq da soyuq şarı çıxarırdı eşiyə. "A a a uddum."  Birdən o yandan  bir kasıb adam kimi çıxıb gəlib artistlik edirdi ki,  "mən uddum." Bu oyunların hər birinin arxasında böyük bir hiylə var.  Yəni o sadəcə göründüyü kimi bir oyun da deyil.  O bir tələdir.  Ona görə də, bu şeylərə qarşı cəmiyyətdə çox kəskin, mənfi münasibət olmalıdır. Həmin o işbazlara-  müxtəlif  oyunlar təşkil edərək fırıldaqçılıq edən, yoxsul camaatı bir az da gərginliyə salan, evlərdə  qan tökən bu adamlara ar olsun ki, belə bir oyunlar təşkil edirlər. Yoxsulun, kasıbın üzərində minlər, milyonlar qazanırlar. Kəskin şəkildə belə oyunlara və bunu quran adamlara  münasibətim mənfidir.

Qulu Məhərrəmli jurnalist, publisist:

-İnsanların, mərc oyunları, qumar və   bu kimi vasitələrlə pul qazanmaq, ona can atmaq, müxtəlif həvəsləndirici oyunlarla pul qazanmaq istəyi var. Kazinoda olmaq,  udmaq, uduzmaq, yəni bunlar təzə məsələ deyil.  Faktiki olaraq bunlar birbaşa cəmiyyətin sosial ab-havası və insan psixologiyası ilə bağlı olan bir məsələdir. İkinci bir tərəfdən insan həyatı boyu psixoloji cəhətdən normaların pozulmasına həmişə meyilli olur. İnsan psixologiyasının, düşüncəsinin belə dərin qatlarında yatmış hüceyrələrin oyanması ilə bağlıdır. Ona görə də mən bunlara təbii bir hal kimi baxıram.  İradəsi zəif olan, çox sadə, asan yolla pul qazanmaq, mərc udmaq, fərqlənmək bu kimi qeyri-normativ yollara əl atmaq bu cəmiyyətdə təsadüf olur. Bütün cəmiyyətlərdə belə bir şey var, bizdə də təəssüf ki, son vaxtlar daha çoxdur. Baxın, futbol oyunları - bunların bir çoxu leqallaşdırılıb. Oyunlara mərc qoymaq, pul qoymaq, domino da, nərd də udmaq, bunlar həmişə olub və yenə də olacaq. Önəmli olan burada sərhədlərin gözlənilməsi, ölçülərin qorunmasıdır. İnsanların öz imkanlarına uyğun olaraq hərəkət etməsi lazımdır. Təəssüf ki, bu yoxdu. İnsanların hər hansı davranış üzərində  özlərinin nəzarətini qorumaq imkanları həmişə olmalıdır. Bu olmayanda bəzən insanın həyatı, ailəsi, özünün karyerası ilə bağlı ciddi problemlərlə üzləşməsi halları olur.  Bu da heç də yaxşı nəticələrə gətirib, çıxarmır. Ona görə də  biz hər şeyə nəzarət etməli, hər şeyi ölçüsündə görməli, doğru-dürüst qiymətləndirməliyik.  Belə olmasa cəmiyyətdə bu halların çoxalmasının xüsusən gənclərin bu sahəyə meyillənməsinin qarşısını almaq mümkün olmayacaq. Mən onun tərəfdarıyam ki, insan öz davranışına ciddi şəkildə nəzarət etməlidir. İctimai normaları, davranışı, əxlaqı əsas götürməlidir.  Əgər insanın daxili gücü bunu etməyə çatmırsa, əlbəttə ki, kənardan yardıma ehtiyac var və cəmiyyət bunu nəzərə almalıdır. Xüsusən də, müəyyən qruplar, ictimai-sosial təşkilatlar olmalıdır ki, bu məsələlərdə həm maarifləndirmə işləri aparsınlar, həm də məhdudlaşdırıcı davranışlara nəzarət etsinlər. Belə olduqda  normativ davranış mümkün olacaq.

Aytac Zeynalova - psixoloq:

-İlk öncə oyun asılılığının nə olması ilə bağlı məlumat vermək istəyərdim. Oyun asılılığı nədir? Oyun asılılığı telefonda, kompüterdə, müxtəlif cihazlarda oynanan oyunlara həddindən artıq zaman sərf etmək səbəbindən insanın fiziki, sosial, emosional problemlər yaşaması ilə nəticələnir. Daha sonra bu  zamanın daha çox  istifadə edilməsini keçdikdə artıq  oyun asılılığına çevrilir. Ümumiyyətlə asılılıq internet asılılığı kateqoriyasını qiymətləndirir. Rəqəmsal oyunlara aludə olan bir çox insanlar var ki, burada artıq özünü idarə edə bilməmə, real dünya ilə mümkün qədər az ünsiyyət qurmaq, daha çox birtərəfli ünsiyyət yaradır. Yəni qarşı tərəfdən ünsiyyəti alır, amma  özü o ünsiyyəti qurmağı bacarmır. Ümumi oyunlar var ki, insanlar, məsələn valideyn yeniyetməyə deyir: " sən çox oyun oynayırsan," amma yeniyetmə bunu dərk etmir. O nə qədər oyun oynadığının fərqində deyil. Çünki artıq o asılıya çevrilib.  Yeniyetmə zamanla öz yaş dövrünü keçirgənclik dönəminə adlayır  və artıq bunda oyun asılılığı yaranır. Oyun asılılığının bir çox səbəbləri var.  Planşet, kompüter, telefon, bir çox faktorlar tapmaq olar. Bu asılılıq insanlarda  nədən yarana bilər? Məsələn qarşı tərəfdən hörmət görə bilməyən, dəyər, sayğı görə bilməyən insanlarda buna bir ehtiyac hissi olur. Başqaları arasında özünə hörmət qazanmaq, başqalarından fərqli olmaq kimi qəbul olunur. Yüksək dəyərləndirir özünü. Bu da təbii ki, insanın mümkün qədər bu oyunlarla vaxt keçirməsinə, bundan sonra da vərdiş, adət halına çevrilməsinə gətirib çıxarır. Ümumiyyətlə sosial mühitdə, ailə ünsiyyətində də problemlər ola bilir ki, bu da ailəsində  və  sosial mühitində kifayət qədər hörməti olmayan uşaqlar  rəqəmsal oyunlara müraciət edəndə asanlıqla digər insanların hörmətini qazanır. Onlar vasitəsilə hörmət ehtiyaclarını ödəyə bilirlər. Ödədikdə də bu artıq oyun aludəçiliyinin ən güclü namizədi ola bilir. Ümumi oyun asılılığının səbəblərini götürsək, uşaqlar, yeniyetmələr, böyük yaşlı insanlar olsun bunun səbəbləri kimi stresə səbəb  olan bir mühiti yaşama səbəbi, cəmiyyətin ona başqalarını, təklik hissini, rəqabət qabiliyyətini, real həyatımızda sosiallaşdırmaq istədiyimiz arzularımızı misal  göstərmək olar. Bundan sonra ailə  problemlərindən qaçmaq istəyi,  ailə daxilində stressə səbəb olan yaşama səbəblərini biz oyun asılılığına çevirə bilirik. Oyun aludəçiliyinin səbəbləri arasında ailə daxilində bir çox problemlər yarana bilir və adekvat ünsiyyət burada əsas rol oynayır.  Uşağa kifayət qədər diqqət yetirməmək, tutarsız davranışlar, sözlər, ailədə yaşanan fiziki şifahi zorakılıqlar artıq insanda oyun asılılığının yaranmasına səbəb olur.

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31