Sosial media və dövrün trend xəstəliyi

Artıq  xeyli  müddətdir  ki, insanlarda sosial mediaya qarşı asılılıq yaranıb. Əlində telefon olan hər bir şəxs sanki  bir vacibiyyət kimi sosial mediaya daxil olur, nələrisə paylaşır, nələrisə təbliğ edir, tənqid edir. Təbii ki, bu asılılığın təhlükəli sonluqları da olur. Təəssüflər olsun ki,  azyaşlılar bu  təhlükə  girdabına  daha  çox  düşürlər. Hazırki dövrdə hər kəsin əlində telefon var. Uşağından tutmuş qocasına qədər. Amma  bu telefondan, informasiya ötürücülərindən, sosial mediadan düzgün şəkildə yararlanırıqmı? Xeyr!  Məsələn biri canlı yayım açıb narkomaniyanı, digəri isə əxlaqsızlığı təbliğ edir. Onları izləyən azyaşlılarda  həmin insanın yolunu getməkdə sanki bir prinsip, trend olma arzusu, vacibiyyət yaranır. Beləcə sosial mediadan mənasızcasına istifadə edənlərin sayı günü-gündən artır. Bəs günahı kimdə axtarmalıyıq? Sosial mediadan istifadə niyə bu qədər əlçatan olub? Nəyə görə informasiya vasitələrindən düzgün istifadə olunmur? Sosial mediadan asılılığı necə aradan qaldırmaq olar? Bu platformalardan düzgün məqsədlərlə istifadə etməyənlərin qarşısını necə almaq olar?

Suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq

Sosioloq Rəşad Əsgərov:

-Son dövrlər insanların sosial mediadan, sosial şəbəkələrdən asılılığı daha da artıb. Əlbəttə ki, bu asılılığın müəyyən insanlar arasında sosiallaşma meyilini gücləndirməsi ilə bağlı müsbət tərəfləri, məqamları olduğu kimi, müəyyən qədər cəmiyyətə,  insanların şüuruna, davranışına, psixologiyasına həyata münasibətinə, həyat tərzinə bu və ya digər dərəcədə mənfi fəsadları özünü göstərmiş olur. Xüsusilə də, insanların son zamanlar sosial mediadan, sosial şəbəkələrdən asılılığının artması ənənəvi informasiya mənbələrinə istinad etməməsi, onlardan müəyyən qədər imtina etməsi sosial şəbəkələrin, sosial medianın daha çevik, daha dinamik xüsusiyyəti özündə ehtiva etməsidir. Digər tərəfdən insanlar  bəzən KİV-də verilməyən məlumatları sosial mediadan  daha tez əldə edə bilirlər. Bəlkə də KİV-lərin bir gün, iki gün sonra verəcəyi məlumatı onlar sosial media, müxtəlif sosial şəbəkələr vasitəsilə əldə etməklə, artıq informasiyaya tez yiyələnmiş olurlar. İkinci bir tərəfdən isə insanlar  boş vaxtlarını sosial mediada keçirməyə üstünlük verirlər. Əsasən yetkinlik yaşında olan gənclər özünü təqdim etmək, özünü göstərmək, cəmiyyətdə tanıtmaq və müxtəlif məqsədlərlə, narkotikanı, içkini , siqareti, həyat tərzini nümayiş etdirməklə bu medianin imkanlarından  geniş istifadə edirlər. Digər tərəfdən sosial medianın mənfi xüsusiyyətlərindən biri  də odur ki, burada müxtəlif insanları şantaj etmək, onlara təyziq göstərmək və.s formalardan da istifadə olunur. Amma  bütün bu mənfi məqamlarla yanaşı, sosial medianın müxtəlif pozitiv istiqamətli tendensiyaya yönəlmiş istiqamətləri də mövcuddur. Xüsusilə də, bu dostluq qrupları arasındakı insanların həyat tərzində, davranışında, həyatında baş vermiş dəyişiklikləri anında hiss etmək, ən azı onları doğum günündə canlı olmasa da, virtual formada bir çiçək göndərməklə, yazmaqla  göstərmiş olur. Amma, qaldı ki, insanların sosial mediadan asılılıq məsələsinə , burada müəyyən qədər problemlər var. 

Yaxşı olardı ki, bu sahədə dönüş yaratmaq üçün  müxtəlif adlar altında bu imkanlardan istifadə edə bilməsinlər. Burada şəxsiyyət vəsiqəsinin kodu  və yaxud sənədin seriya nömrəsi, digər qanunvericilik sənədləri tələb olunsun. İkincisi sosial media imkanlarından istifadə edən insanlar  burada yayılmış  və yaxud paylaşılan səhv məlumatlara görə məsuliyyət   daşımalıdır. Bu qanunvericiliklə tənzimlənməlidir. Müəyyən  inzibati  tədbirlərin, inzibati cərimələrim, məcburi işlərin görülməsi, məcburi əməyə cəlb olunması və.s. tədbirlərim həyata keçirilməsi ilə bu sahədə müəyyən qədər dönüş yaratmaq olar. Belə olan halda artıq sosial medianın imkanlarından insanlar, gənclər, bütün toplum olaraq ancaq poztiv istiqamətdə istifadə etmək olur. Tutaq ki, son dövrlər intihar hallarını  və yaxud da bu kimi qeyri-adekvat addımların atılması prosesini izləmək üçün sosial medianın imkanlarından istifadə edən gənclər   hər hansı binanın, körpünün üzərinə çıxmış insanın  özünü necə atmasının video və yaxud müəyyən fotoşəkillərini çəkib mediada yaymaqla sanki bundan həzz alır. Amma  qabaqlayıcı  tədbirlərin görülməsi, vətəndaş məsuliyyətinin dərk olunması, vətəndaşın bu medianın imkanlarından yalnız pozitiv məqsədlər üçün istifadə etməsi və.s hallar bu vəziyyətin aradan qaldırılmasına kömək edər. Artıq insanlar özünü binadan atmaq istəyən şəxsin videosunu, şəklini çəkməklə yox, ona konkret olaraq kömək etmək haqqında düşünərlər ki, bu da cəmiyyətdə mediadan düzgün istifadə edilməsi qaydalarının müəyyən qədər formalaşmasına təsir edə bilər. Amma  bütövlükdə sosial mediaya çıxış, müəyyən səddin çəkilməsi və yaxud sosial media imkanlarının tamamilə məhdudlaşdırılması haqqında danışmaq olmaz. Çünki qloballaşan dünyada bu prosesi həyata keçirmək qeyri-mümkündür. Bütün dünyada   müxtəlif formada hər bir ölkənin özünün yaratdığı media institutlarından istifadə güclüdür. Ümumiyyətlə bu sahədə maarifləndirmə işləri düzgün aparılmalıdır. Qanunvericiliklə burada müəyyən məhdudiyyətlərin, sərhədlərin çəkilməsi gündəmə gəlməlidir. Yalnız  belə olan halda bu sahədə durğunluğu, boşluğu kifayət qədər aradan qaldırmaq mümkün ola bilər.

Təhsil eksperti Qoşqar Məhərrəmov:

-Daha əvvəllərə nəzər yetirsək,  qeyd etdiyimiz mənfi hallar bir şəkildə yenə də təbliğ olunurdu. Bir qisim şagirdlər ailədən, qohum-əqrəbadan gələn bir tendensiya, təşviq ilə bəzən həqiqətən də arzuolunmayan qruplara ya qoşula bilirdi, ya ona simpatiyasını duyurdu. Amma dövrümüzdə   bu təbliğat daha geniş miqyas  alıb. Belə ki, insanlar artıq əllərindəki smartfonlardan bunun təbliğatına məruz qala bilirlər. Bəlkə də bir dövrdə hansısa ailə öz övladını təcrid  edə, onun mühitini müəyyən edə bilirdi. Amma    bir məhdudiyyət olmadan bizim evin içərisində hansısa bir təbliğat maşını öz təbliğatını apara bilir və biz bunun fərqində olmasaq böyük  fəsadlar yarada bilir. Ona görə də, ümumi mənada internet, rəqəmsal savadlılıq adı altında geniş şəkildə təlimlər, seminarlar keçirməlidir. Yəni, maarifləndirici videoçarxlar hazırlanmalıdır. Televiziyalarda bu barədə verilişlər təşkil olunmalı, müzakirələr aparılmalıdır ki, insanlar rəqəmsal dövrdə -21-ci əsrdə artıq sosial media və ya internetdən necə istifadə edə biləcəyini öyrənsin. Həm təhlükəsizlik baxımından, həm də əxlaqi, mənəvi, milli keyfiyyətlərin mühafizəsi baxımından.  Artıq biz həm özümüz, həm də övladlarımız daha diqqətli və maarifli olmalıdırlar. Burada diqqətli və maarifli deyərkən əməyi nəzərdə tuturam. İnsanlar artıq məlumat ilə fakt arasında bəzən çaşbaş qalırlar. Məsələn xəbər oxuyur, o xəbərin doğru olub-olmadığını araşdırırsa, deməli qənaət gətirir ki, bu bir məlumatdır. Düz də ola bilər , səhv də.  Amma, yerin cazibə qüvvəsi isə bir qanundur, bir faktdır. Yəni, bu faktı artıq müşahidə edə, görə və anlaya bilir. Şagirdlər də , böyüklər də faktla-fikrin, faktla-ideyanın fərqini başa düşməlidir. Beynəlxalq qiymətləndirmə olan PİSA da həmin o bacarığı şagirdlərdə ölçür. Rəqəmsal dövrdə valideynlik başqa cür olmalıdır. Bunu Özgür Bolat deyib. Qadağalarla yox, sadəcə onlardan necə istifadə edəcəyini göstərməklə valideynlər övladlarına rəqəmsal savadlılıq, media savadlılığı verməlidirlər. Bu savadlılıq ailədə başlamalı, məktəbdə davam etməli və ali məktəbdə isə son nöqtəsinə çatmalıdır. Əgər gözdən qaçılarsa, yenə də bunun çox böyük fəsadları olacaq. Baxacağıq ki, ailə başqa bir ab-havada, məktəb başqa bir ab-havada, şagird tamamilə başqa bir ab-havadadır. Çünki  sosial mediada yaşadıqları və sosial-virtual ailəmdə məruz qaldıqları şeylər tamamilə ailədən fərqlidir və şagird onun təsirinə daha çox məruz qalır. Nəticə etibarilə tamamilə təzadlı bir durum bizim qarşımıza çıxa bilər. Ona görə də, təhsilin tərəfləri olan valideyn, məktəb, müəllim   fövqəladə səviyyədə ayıq-sayıq, maarifli olmalıdırlar. Ancaq bu yolla onlar xətaları görə,  problemləri əvvəlcədən təsdiq edə  və diqqətli addımlar ata bilər

Jurnalist Jalə Mütəllimova:

-Bizdə ümumiyyətlə sosial mediadan necə istifadə olunması  mexanizmi bəlli deyil. Sosial mediaların yaranma qaydaları nədən qaynaqlanıb?  Artıq bu  hətta siyasi proseslərə ciddi təsir edə biləcək həddə gəlib çıxır. Bu mənada sosial mediadan  əlavə buna xalq mediası da deyərdim. Sosial media artıq bir şəbəkə deyil, artıq xalq mediası, kütlə mediasıdır.

Bu, xalq və kütlə mediası olduğuna görə, onu özbaşına da buraxmaq olmaz. Düşünürəm ki, yaxın vaxtlar ərzində Azərbaycanın milli mediasının taleyi də bəlli olacaq. Ölkədə sosial şəbəkələr  və blogerlərlə bağlı hansı ki, milli media simaları məhz indi bloger fəaliyyəti ilə məşğuldur,  PA-da ləğv olunmuş  məlum şöbənin  yerində hansısa  yeni adda,  formatda yeni bir şöbə yaranar. Hər halda biz bunu gözləyirik. Çünki, burada ciddi bir boşluq var. Bu gün ölkədə sosial şəbəkələrdə  bloq fəaliyyəti göstərən milli media simaları və yaxud müstəqil media adamları  radikal baxışı olan insanlar da mövcuddur.  Bunların hamısı mediatik sigmentlər, düşüncələrdir. Bunların hər birinin fəaliyyəti, işi ilə bağlı düşünürəm ki, dövlət bəzi məqamlar var ki, onu nəzərə almalıdır. Yəqin ki, qısa bir vaxt ərzində bu nəzərə alınacaq. Çünki, artıq məqam yetişib, zaman yetişib. Əminəm ki, bu ilin sonuna qədər nəticə əldə edə bilərik.

Gələk son zamanlar gündəmdən düşməyən TikTok sosial şəbəkəsinə. Son dönəmlər aktiv şəkildə TikToku izləyirəm. Baxın, Azərbaycan seqmenti Tiktok seqmentləri arasında hər zaman digər ölkələrlə müqayisədə ən bərbad vəziyyətdə olandır. Bizim hətta yumor hissimizdə elə məqamlar var ki, dəyərlər sisteminə oturmalıdır desək də, oturmur. Dünya başqa cürdür, insanların baxış bucağı başqadır. Hər kəs eyni tərbiyədə deyil, eyni ailədə böyümür. İnsanlar fərqlidir, yanaşmalar fərqlidir. Sosial şəbəkə içtimai yerdi, hər kəs burada özünü nümayiş etdirir. Məsələmiz ondan ibarətdir ki, sosial şəbəkələrdə özümüzü necə təqdim edirik və bizim vətəndaşın sifarişi nədir? Onu nə maraqlandırır? Trendə çevrilən mövzulara gəlincə, biri durub deyir ki, "mənim 18 yaşım var, hahaha." Bu olur trend. Biri durub  biədəb söyüş işlədir, bu olur trend. Hansısa bir tamaşadan bir fraqment götürürlər, bu olur trend. Bu gün bizim trend olunacaq başqa mövzularımız mövcuddur. Gəlin görək biz vətəndaşa bu trendləri yedirdə bilirikmi?

Diqqət etdinizsə, bir neçə gün öncə bloq fəaliyyəti göstərən bir milyonçu ölkədə yüzlərlə, minlərlə, gənci başına toplaya bildi.

Siz təsəvvür edin ki, bir bloger   balaca bir maliyyə ilə törətdi ölkəmizdə. Bunun hamısı ona görə baş verir ki, biz o vətəndaşı yetişdirə bilməmişik. İnsan ailəsində böyüyür. Bu mənim fərdi mövqeyimdir. Cəmiyyət və dövlət isə onu vətəndaş kimi yetişdirir. Biz hər yerdə intellektimizi, öz trendimizi qorunmaq, mövcud olmaq, davam etmək üçün mütləq vətəndaş yetişdirməliyik. İdealoji xəttimiz olmalıdır. Həmin idealoji xəttə əsasən gənclik yetişdirməliyik. O gənclər oxuyub, öyrənib, yetişkin vətəndaşlar olmalıdırlar və həmin vətəndaşlar bu dövlətin siyasi, ictimai mədəni həyatında iştirak etməlidirlər. Gələcəkdə dövlətin, ölkənin idarə olunması prosesində aktiv olmalıdırlar. Keçmişdən və bu gündən hansı milli dəyərləri aparacaqlar, onu müəyyənləşdirilmək lazımdır. Bu, ailələrin, cəmiyyətin hansısa bir media quruluşunun işi deyil. Bu dövlətin idealoji kursunun, xəttinin işidir. Hansı ki, bizim boşluqlarımız var. Bu boşluğu doldurmaq, sırf informasiya siyasəti və sosial şəbəkələr, sosial media ilə bağlı düşünürəm ki, dövlətimiz bu ilin sonuna qədər hər hansısa bir yola çıxmalıdır."

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31