Nikahdankənar körpələr, qanunsuz gələcək... ARAŞDIRMA
14 Aprel 2022 13:32 Sosialİnsanlar milli dəyərlərlə yanaşı, ailə dəyərlərinin üzərindən də xətt çəkməyə başlayıb. Texnologiya, sosial şəbəkələr, mətbuat bu məsələdə az rol oynamır.
Buna yeni ailə sisteminin formalaşması və ya tamamilə ailə dəyərlərindən uzaqlaşmaq adı verə bilərik. Tanışlıqlar, münasibətlər sosial media sayəsində çox asanlaşıb. Yəni, xəyanət etmək artıq sadəcə bir mesajla mümkün olur. Sosial medianın verdiyi vizuallıq sevgisi, fenomenə pərəstiş də bunda az rol oynamır. Şəxslər həyatlarında minimum problem yaradacaq insanlarla münasibət yaşayır. Mediada da açıq-aşkar bu mövzular haqqında danışılır. Evli insanların bu səhvlərə yol verməsi nəticəsində ailə dağılır, əksər hallarda isə ölüm ilə nəticələnir. Nikahdankənar münasibət yaşayan şəxslərin özlərinə görə səbəbləri müxtəlif olur. Maddi sıxıntılar, sevgisizlik, zorakılıq və.s
Təbii ki, heç bir səbəb nikahdankənar münasibətə haqq qazandırmır. Bu münasibətlərdən dünyaya gələn uşaqların gələcək həyatı da sual altında qalır.
"Nikahdankənar hüquq necə tənzimlənir, uşaqların sonraki taleyi əksər hallarda nə ilə nəticələnir, nikahdankənar münasibətlərin artması cəmiyyətə necə təsir göstərir?"
Suallarımıza cavab tapmaq üçün, bir neçə mütəxəssislə həmsöhbət olduq.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə

Sığınacaqdaki uşaqların əksəriyyəti qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqlardır. Onlar valideyn biganəliyi səbəbindən müəyyən təhlükələrlə üzləşir. Nikahdankənar münasibətdən dünyaya gələn uşaqların tərk edilməsinin səbəbi birinci növbədə, məsuliyyətsizlik, uşaq dünyaya gətirməyin çəkisini dərk etməməkdir. Təsadüfi münasibətlərə qeyri-rəsmi nikah adı vermək düzgün deyil. Bu hansısa ailə bağlılığı demək deyil. Sadəcə təsadüfi cinsi münasibət zəminində yaranan arzuolunmayan hamiləlikdir. Tək çıxış yolları da uşağı kiminsə öhdəliyinə versinlər baxıcı kimi və.s
Bir çox hallarda isə bu fakt gizlədilir. Nəticədə valideyn məsuliyyətsizliyi səbəbindən uşaqlar həssas qruplara çevrilir. Zərərli vərdişlərə düçar olurlar, cinayətkar qrupların daha tez təsiri altına düşürlər.
Sosioloq Ramil Nəcəfli

Son illərdə Azərbaycanda insanlar arasında nikahdankənar münasibət dəb halını alıb. Ölkəmizdə ailə dəyərlərinə böyük əhəmiyyət verilir. Ancaq bu ailələrin necə qurulması məsələsinə də baxmaq lazımdır. Valideynlərin təkidi ilə evlənən, sevgi üzərinə qurulmayan evliliklər var. Maddi maraqlara görə birlikdə olan şəxslər var. Zaman keçdikcə bu ailələrdə münaqişələr yaşanmağa başlayır. Nikahdankənar münasibət yaşayan insanları bir neçə qrupa ayırmaq olar. Bir sıra insanlar, rəsmi nikaha son vermək istəməsə də, eyni zamanda nikahdankənar münasibət qururlar. Qadınların əksər hallarda bunu etməsinə səbəb cəmiyyətdə boşanmış qadına qarşı müəyyən yanaşmalar olmasıdır. Qadın bunu bilir ki, boşandığını elan etsə, qınanacaq, "boşanmış qadın" damğası yeyəcək. Qohum-əqraba, başqa kişilər onun haqqında şaiyələr uyduracaqlar. Üstəlik qadınlarda əksər hallarda kişidən maddi asılılıq olur.
Bu toplumsal problemdir. Onlar öz qardaşı, atası yanında söz sahibi olmadığı üçün boşanmır, ancaq nikahdankənar münasibətə davam edir. Aliment problemləri, maddi problemlər, uşaqların ehtiyacı qadını evli olduğu kişidən asılı vəziyyətə salır.
Avropada insanlar başqa birini sevməyə başlayanda bunu açıqca dilə gətirə bilir. Nəticədə ortada xəyanət yaranmır. Azərbaycanda belə bir şey mümkün deyil. İnsanlar məcburiyyət qarşısında bir-birilə yaşamağa davam edirlər.
Kişilərin bir qismi də artıq yetkin yaşa çatdıqdan sonra nikahdankənar münasibət qurmağa başlayır. Bu kişilərin maddi durumları da buna imkan yaradır.
Digər yandan gənc nəslin nümayəndələri də nikahdankənar münasibət yaşaya bilir. Onlar əsasən, maddi vəziyyətlə əlaqədar bu addımı atırlar. Ev ala bilməyən, maddi durumu zəif gənc oğlan, ona əlavə xərc çıxarmayacaq qadınla münasibətdə olur. Hətta, maddi duruma görə qadına bağlı olan gənclər də var. Bir çox gəncə maddi olaraq istəkləri olmayan qadınlar daha sərfəli gəlir. Kişi düşünür ki, evliliyə və ailə xərclərinə hazır deyil, ona görə də bu addımı atır.
Cəmiyyətə nikahdankənar münasibətin çox böyük təsiri var. Gənclər bu insanları özlərinə nümunə kimi görürlər. Oxşar durumda olan istər qız istər oğlan görür ki, vəziyyətdən çıxmaq üçün ən yaxşı alternativ məhz nikahdankənar münasibətdir. Hətta yeni bir dəb də yaranıb, "siyğə". Evli kişilərin həyat yoldaşı belə bəzi hallarda maddi vəziyyətə görə buna razı olurlar. Bəzi gənc qızlar "cavana gedən yumruq yeyər, qocaya gedən quyruq yeyər" deyimi ilə hərəkət edirlər.
Nəticə olaraq, artıq cəmiyyətdə nikahdankənar münasibət bir növ təlabata çevrilib.
Vəkil Elcan Həsənli

Azərbaycan qanunvericiliyində uşağın nikahdankənar olmasından daha çox, uşağın atalıq faktının müəyyən olunması vacibdir. Uşağın atasının kimliyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsində əks olunur ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Ata-ana müəyyən edildikdən sonra, Ailə Məcəlləsinin 48-ci maddəsi birbaşa nikahda olmayan şəxslərdən dünyaya gələn uşaqların hüquq və vəzifələri haqqındadır. Məcəllənin 44-45-ci maddələrinə əsasən, atalıq müəyyən edildikdə, uşaq aralarında nikah olan valideynlərdən dünyaya gələn uşaqlarla eyni hüquqa sahib olur.
Uşaqların hüququ məsələsinə gəldikdə isə, bir ailədə yaşamaq, tərbiyə olunmaq kimi əsas tələblər var. Uşaq öz valideynləri ilə və qohumlarla ünsiyyətdə olmalıdır. Bu valideynlər tərəfindən məhdudlaşdırıla bilməz. Fərqi yoxdur birlikdə yaşayırlar, ya yox. Həmçinin uşaq hər iki valideynlə ünsiyyətdə olmaq hüququna sahibdir. Valideynlər uşağın tərbiyə prosesində birgə iştirak etməlidir. Bu hüquqların tənzimlənməsi üçün əsas məsələ valideynlərin birlikdə yaşaması deyil, uşağın atalıq faktorunun müəyyən edilməsidir.
İşin ən problemli tərəfi şəxslər arasında olan münasibət olur. Ər-arvadın birgə mülkiyyət məsələsi nikahdankənar olduqda öz həllini tapmır. Nikahdankənar münasibətd qadın əmlak əldə edə bilmir. Uşaq üçün aliment tələbi isə, nikahdankənar olsa da mümkündür.
Əfsanə Kamal