Qida təhlükəsizliyi sahəsində məsuliyyət sahibkarların üzərinə düşür

Qoşqar Təhməzli: "Burada ictimai nəzarəti isə mütləq şəkildə istehlakçılar həyata keçirməlidirlər"

Hazırda dünyada qida təhlükəsizliyi məsələsi ən aktual məsələlərdən birinə çevrilib. Məsələ orasındadır ki, bəşəriyyəti başına almış qlobal problemlər, daha dəqiq desək, ekoloji, istiləşmə, torpağın deqradasiyası kimi problemlər qida istehsalında  bir sıra fəsadlar yaradır.  Bu isə əhalinin sağlamlığına, xalqların genefonduna, gələcək nəslin sağlam böyüməsinə və inkişafına mənfi təsir göstərir. Məhz bu kimi amillər nəzərə alınaraq əhalinin qida məhsulları ilə etibarlı təminatı  Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən birinə çevrilib. Etiraf edilməlidir ki, son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilib. Elə bu səbəbdən də ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq üçün  müvafiq qanunun qəbul edilməsinə ehtiyac vardır. Bu baxımdan, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanun layihəsi  hazırlanıb. Lakin sənədin parlamentdə müzakirəsi fikir ayrılığı ilə müşahidə olunub. Deputatların layihədə razılaşmadıqları məqama Qida təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aydınlıq gətirib. Q.Təhməzli bildirib ki, "Qida təhlükəsizliyi haqqında" qaununda Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyətlər verilməyib. Bu, Qida Təhlükəsizliyi Agentliyinin bu günə qədər həyata keçirdiyi səlahiyyətlərin beynəlxalq standartlara uyğun sistemləşdirilməsindən ibarətdir. "Qida təhlükəsizliyi haqqında" qanun qəbul olunduqdan sonra bir sıra məsələlər öz həllini tapmış olacaq: "Burada birinci vacib məsələ ondan ibarətdir ki, qida təhlükəsizliyi sahəsində qida zəncirinin bütün mərhələlərində nəzarət sisteminə yeni bir baxış həyata keçiriləcək. Belə ki, əsas faktor ondan ibarətdir ki, qida təhlükəsizliyi sahəsində məsuliyyət sahibkarların üzərinə düşür. Burada ictimai nəzarəti isə mütləq şəkildə istehlakçılar həyata keçirməlidirlər. Qida Təhlükəsizliyi Agentliyi isə bir tənzimləmə orqanı kimi istehlakçılarla sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsi ilə məşğul olacaq". Onun bildirdiyinə görə, ikinci vacib məqam ondan ibarətdir ki, təhlükəli qidaların izlənməsi bu qanunda öz əksini tapıb: "Bu qanundan irəli gələn məsələlərin icrası məqsədilə təhlükəli qidaların izlənməsilə əlaqədar müvafiq qaydalar tətbiq olunacaq. Həmin qaydalar keyfiyyət və təhlükəsizlik göstəricilərində hər hansı kənara çıxmalar özündə əks etdirən qidaların izlənməsi yolu ilə onların ilk mənbəyinin aşkarlanmasına imkan verəcək. Məlum olduğu kimi qida mahsullarının tərkibində müxtəlif minerallar və vitaminlər öz əksini tapmış olur. Bir sıra hallarda bəzi qida məhsullarında həmin maddələr azlıq təşkil etdikdə bir sıra xəstəliklərin meydana çıxmasına səbəb ola bilir. Məsələn, qida məhsullarının tərkibində dəmirin çatışmamazlığı nəticəsində dəmir dificitli animiya kimi, eyni zamanda "D" vitamini kimi minerralların çatışmamazlığından müxtəlif mənşəli xəstəliklər meydana çıxa bilər. Bu qanunun tətbiqindən sonra isə artıq qida məhsullarının zənginləşdirilməsi ilə əlaqədar məsələlər öz həllini tapacaq. Bununla da müxtəlif maddələr vasitəsilə qida məhsullarının vitamin və mineralllarla zənginləşdirilməsi kimi məsələlər həllini tapacaq".

Qanundakı daha bir vacib məqama aydınlıq gətirən QTA sədri qeyd edib ki, qida məhsullarının etigetlənməsi vacib məsələdir: "İnsanların qavrama, ümumilikdə informasiyanı qəbul etmə qabiliyyətləri müxtəlif olduğuna görə, mütləq qida məhsullarının üzərindəki etigetlənmə məsələsinə çox ciddi fikir verilməlidir. Burada vacib məqam ondan ibarətdir ki, özündə hər hansı bir seçilən xüsusiyyəti əks etdirmədiyi halda məhsulun qablaşdırılması üzərində onun tərkibindəki bir göztəricinin xüsusilə vurğulanması qadağan olunur. Məsələn, tutaq ki, süd məhsullarının tərkibində normal halda kalsium olur. Qablaşdırılmış süd məhsulunun etigetlənməsində kalsium göstəricisinin xüsusi vurğulanması və onun həmin məhsulun özünəməxsus bir xüsusiyyəti kimi önə çəkilməsi kimi hallar biləvasitə istehlakçının aldadılmasına gətirib çıxarır. Belə halların qarşısının alınması istiqamətində də qanunda nəzərdə tutulmuş məsələlər öz həllini tapacaq. Qanunda öz əksini tapan ən vacib məsələlərdən biri Azərbaycanda fəaliyyət göstərən qida təhlükəsizliyinin bütün mərhələlərində iştirak edən qida subyektlərində təhlükənin qiymətləndirilməsi və kritik nəzarət nöqtələrinin XAS deyilən beynəlxalq prinsipin tətbiqidir. Bu prinsipin tətbiqinə qanun layihəsində xüsusi həssaslıqla yanaşılıb. Çünki mütləq şəkildə sahibkarlıq strukturları da bu göstəricilərə özlərinə uyğunlaşdırmalıdırlar. Ona görə də qanunun müvafiq maddələrində iri sahibkarlıq strukturlarında iki ildən sonra, kiçik və orta sahibkarlıq strukturlarında isə dörd ildən sonra XAS prinsiplərinin tətbiqi kimi məsələlər əksini tapıb". 

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra sahibkarlar alternativ ekspertiza keçirmək imkanı əldə edəcəklər: "Qanundan irəli gələn tezislərin ən vaciblərindən biri alternativ ekspertizaların həyata keçirilməsi ilə bağlıdır. Biz dəyərli sahibkarlıq strukturlarına müraciət edərək bildiririk ki, qanun onlara da hal-hazırda  Qida Təhlükəsizliyi İnstitunun nəzdində fəaliyyət göstərən müxtəlif mənşəli qida laboratoriyalar və qidaların təhlükəsizlik göstəricilərini ekspertiza edən labaratoriyalara alternativ olaraq oxşar ekspertizaları həyata keçirə bilən özəl laboratoriyaların qurulma imkanını verir. Yəni, sahibkarlıq strukturları artıq özləri belə laboratoriyaları təşkil edə bilər ki, bu da təbii k, qida təhlükəsizliyi instituna rəqabətliliyin təşkil olunmasına və bu sahədə səriştəliyin daha da artmasına gətirib çıxaracaq. Yeganə olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin metodika və protokolların tətbiqi zamanı səriştəlik testlərinin həyata keçirilməsi öz əksini tapacaq.  Qanunda digər məqam təhlükəli qidaların əks olunduğu reyestrin tətbiqi ilə əlaqədardır. Belə ki, ekspertizalar həyata keçirildikdən sonra, qida təhlükəsizliyinin nəzarət sistemləri və qida zəncirinin bütün mərhələrində həyata keçirilən idxal-ixrac prosesləri zamanı və cari nəzarət zamanı aşkar olunan təhlükəli qidaların göstəriciləri həmin reyestirdə öz əksini tapacaq. Eyni zamanda, bu istehlakçılar üçün də açıq bir reyestr olacaq. Burada həm sahibkarlar, həm də istehlakçılar reyestirə daxil olmaqla hansı qidanın təhlükəli olması barədə məlumatları əldə edə biləcəklər".

Alim  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31