Supermarketlər infeksiya mənbəyinə çevriliblər
31 Mart 2022 14:00 SosialƏksər ticarət obyektlərində dezinfeksiya işlərinin aparılması təmin olunmur
Qədim ticarət tarixinə malik Azərbaycanda dünyanın əksər ölkələrinə əmtəə istehsalı üçün geniş imkanlar yaranıb. Başqa sözlə, Şərqlə Qərb arasında olan İpək yolunun ticarət marşrutunun üstündə qərarlaşması Azərbaycan üçün hər zaman sərfəli olub. Elə bu səbəbdən tarixən məhsullarını həm Şərqə, həm də Qərbə çıxarmaq imkanı qazanan Azərbaycanda ticarət mədəniyyəti formalaşıb. Çox təəssüf ki, hazırda Azərbaycanda uzun illərdən bəri formalaşmış ticarət mədəniyyəti nəinki inkişaf etdirilib, heç qorunub saxlanılmayıb da. Məlum olduğu kimi hər bir ölkənin məhsul idxalında xüsusi normativlər nəzərə alınır. Belə ki, dünya standartlarına uyğun məhsul istehsal edilməlidir ki, xarici bazarlara çıxarılmasında problem yaşanmasın. Hazırda ölkədə istehsal edilən məhsulların böyük əksəriyyəti nəinki beynəlxalq standartlara, heç milli standartlara da uğyun gəlmir. Təəssüflər olsun ki, belə keyfiyyətsiz, insan orqanizminə zərərli məhsulların satışında irili-xırdalı supermarketlər böyük rol oynayırlar. Bununla da həmin supermarketlər vaxtı keçmiş, antisanitar şəraitdə saxlanılan, insan orqanizminə zərərli məhsulları istehlakçılara sırımaqla vətəndaşların həyatı üçün təhlükə yaradırlar. Yeri gəlmişkən qeyd edək ki, dünyada yayılan COVİD-19 pandemiyasından sonra supermarketlər insanlar üçün ölüm mənbəyinə çevriliblər. Hər bir ölkədə olduğu kimi koronavirusla mübarizə məqsədilə Azərbaycanda da xüsusi qaydalar müəyyən edilib ki, onların tətbiqi məcburi xarakter daşıyır. Lakin həmin qaydaların lazımi səviyyədə tətbiq edilməməsi infeksiyanın yayılmasında "əhəmiyyətli rol" oynayır. Qeyd edək ki, Azərbaycanda inkişaf etmiş ölkələrdə olduğu kimi, müasir ticarət mərkəzləri, tanınmış brendlərin məxsusi mağazaları fəaliyyət göstərir. Lakin xarici ölkələrlə müqayisədə bizim supermarketlərdə məhsulların keyfiyyətinə və gigiyenik qaydalara əməl olunmur. Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən karantin rejimində ticarət obyektlərində yerinə yetirilməli olan tələbləri özündə əks etdirən qaydalar qəbul edilib. Həmin qaydalarda hər bir ticarət obyektində həm əməkdaşların, həm də alıcıların sağlamlığının qorunması əsas götürülərək infeksiyasının yayılmasına qarşı profilaktik tələblərə ciddi riayət edilməsi göstərilib. Bu tələblər ticarət obyektinin zəruri gigiyena vasitələri ilə təmin edilməsi və bu vasitələrin hamı üçün əlçatan olması, obyekt daxilində sosial məsafənin qorunmasına ciddi nəzarət edilməsi, ticarət obyektinin bütün əməkdaşlarının qoruyucu maska taxması, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsidir. Daha bir məqam ondan ibarətdir ki, obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, alıcıların sayına nəzarət olunmalı, zərurət yarandqıda istehlakçıların növbə ilə girişi təmin edilməlidir. Hər bir şəxs tərəfindən qaydalara riayət edilməsinin vacibliyi əksini tapan qaydalar istehlakçılar və ticarət obyektlərinin əməkdaşları üçün nəzərdə tutulub. Lakin real mənzərə tamamilə bunun əksini söyləməyi deməyə əsas verir. Belə ki, ölkədə fəaliyyət göstərən supermarketlərin böyük əksəriyyətində antisanitariya hökm sürür. Ticarət obyektlərinin əksəriyyəti hələ də tam kart sisteminə tamamilə keçməyib. Yəni, satıcılar və alıcılır hər gün infeksiyanın yayılmasında əsas rol oynayan nəqd pulla alış-veriş edirlər. Satıcılar rezin əlcəkləri nəinki iki saatdan bir, heç həftələrlə dəyişdirmirlər. Qaydalara əsasən ticarət obyektləri ayda bir dəfədən az olmayaraq dezinfeksiya olunmalı və bu barədə istehlakçıların məlumatlandırılması baxımından xüsysi lövhələr yerləşdirməlidirlər. Fakt isə ondan ibarətdir ki, supermarketlərdə heç bir dezinfeksiya işləri aparılmır ki, nəticədə koronavirus infeksiyasının yayılmasi üçün münbit şərait yaranır. İri supermarketlərlə müqayisədə xırda ticarət obyektlərində vəziyyət tamamilə acınacaqlıdır. Ərzağın keyfiyyəti məsələsi bir yana, sadalanan qayda pozuntuları demək olar ki, bütün ticarət obyektlərində müşahidə olunmaqdadır. Acınacaqlı hal ondan ibarətdir ki, aidiyyati dövlət nəzarət qurumları sanki ticarət obyektlərindəki real vəziyyəti görməzdən fəaliyyətlərini davam etdirilər. Belə məlum olur ki, super marketlər nəzarət qurumları ilə "razılığı" gələrək antisanitar şəraitdə fəaliyyət göstərilər. Ölkədə istehsal edilən və satılan qida məhsullarının təhlükəsizliyinə birbaşa cavabdeh olan və məsuliyyət daşıyan dövlət qurumunun hər cür infeksiyanın mənbəyi olan supermarketlərə münasibəti heç cür başa düşülən deyil.
Alim