Uşaq və gənclərin fiziki və mənəvi inkişafına mənfi təsir göstərən amillər hansılardır?
10 Fevral 2022 16:22 Sosialİstiqamət- Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Raqif Abbasov: "Bu gün narkotik maddələr, psixotrop vasitələrə qarşı mübarizədə fəal iştiraka çox böyük ehtiyac var"

Sağlam, tərbiyəli və nümunəvi gənclərin yetişməsi milli mənlik şüuruna malik, vətənpərvər ruhda gənclərin böyüməsi kimi hər zaman aktual olub. Günümüzdə də bu məsələ öz aktuallığını qoruyur. Ölkədə son illərdə çoxsaylı idman qurğularının, Olimpiya İdman Komplekslərinin inşası, gənclərin həmin idman qurğularından istifadəsi üçün kifayət qədər imkanların yaradılması da məhz gənclərin fiziki və mənəvi cəhətdən inkişafına xidmət edən amillərdir. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir sıra hallarda yad təsirlər, xüsusilə xarici amillər gənclərin fiziki və mənəvi inkişafına mənfi təsir göstərir, onları asanlıqla pis vərdişlərə cəlb edə bilərlər. Bu istiqamətdə son bir neçə ildə narkomaniya probleminin kütləvi şəkildə yayılmasını göstərə bilərik. Hər gün demək olar ki, paytaxt və bölgələrdə onlarla gənc hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növ narkotik vasitələrlə saxlanılırlar. Bu isə heç şübhəsiz ki, gənclərimizin fiziki və mənəvi cəhətdən inkişafına, bu istiqamətdə atılan addımlar, həyata keçirilən tədbirlərə öz mənfi təsirini göstərir. Elə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da bu qənaətdədir. Gənclərimiz arasında narkomaniya kimi pis vərdişlərin yayılmasına diqqət çəkən Baş İdarənin rəisi deyib ki, pis asandır və asan həmişə daha əlçatandır. Yaxşı isə daha çətindir: "Məsələn, alim olmaq üçün gərək kitablar oxuyasan, elmi iş müdafiə edəsən. Yaxud, yaxşı bir yerdə işlə təmin olunmaq üçün gərək yaxşı peşəkar olasan. Burada söhbət təkcə ali təhsilli vətəndaşlardan getmir. Qeyd etdiyim kimi asan isə daha əlçatandır. Bu gün xarici amilin təsiri milli məhsulun azlığından irəli gəlir. Məsələn, Azərbaycanda televiziya seriallarının sayını və orada özünü tapıb, yaxud oradakı həyat tərzini özünə seçmək üçün hər hansı bir gənc nümunə götürə biləcəyi olduğu halda, əcnəbi məhsula az maraq göstərəcək. Axı hər hansı bir xarici faktor, hazırlanmış serial və ya digər bir məhsul məhz o ölkənin monitirinqinin nəticəsində, həmin ölkənin cəmiyyəti üçün nəzərdə tutulmuş məhsuldur. Bizdə isə müəyyən reallıqlar var".
Raqif Abbasov bildirib ki, bu gün biz postmüharibə dövrünü yaşayırıqsa, sabaha daha çox inamlıyıq və Böyük Qayıdışdan danışırıq: "Bu gün filmlərdə, şerlərdə, əsərlərdə, kitablarda, hazırlanan layihələrdə şüar seçimi nəzərdən daha çox sabaha inamlılığı təbliğ etməliyik. Digər bir tərəfdən bu gün biz bir çox məqamlara xüsusi önəm verməliyik ki, elmi institutların araşdırması və sosioloji sorğuların nəticələri bizi həm də ona istiqamətləndirməlidir ki, gənclik gələcəkdə hansı peşə sahəsini tapsın. Bu gün tədris ocağında nəyi seçsin ki, sabah işlə təminatı rahat olsun. Xarici amil həmişə var və yenə də olacaq".
Baş İdarə rəisinin sözlərinə görə, Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, bura Avropa ilə Asiyanın kəsişmə nöqtəsidir: "Vətən müharibəsində Azərbaycanın qalibiyyətinə sevinən dostlar olduğu qədər, onun qələbəsinə sevinməyən, bundan narahatçılıq keçirənlər də oldu. Bu gün Azərbaycan dünyanın bir parçası olduğu üçün Azərbaycandan keçən marşrutlar var və narkotacirlər buradan tranzit yol kimi istifadə etməyə çalışırlar. Düzdür, ərazilərimizin işğaldan azad edilməsi artıq bu marşrutun bir qisminin qarşısını aldı. Ancaq on illiklər idi ki, oradan narkotik məhsullar daşınırdı. Ona görə də bu gün Azərbaycan mütəxəssislərinin hazırladığı məhsullar gənclərə yönəlməklə yanaşı, eyni zamanda gənclərə məsul olan şəxslərlə, valideynlər, daha yaşlı nəslin nümayəndələri ilə də iş güclənməlidir. Artıq bu və ya digər risk qrupuna daxil olmuş gənclərlə yanaşı, (bura narkotik asılılığı olan, depressiv vəziyyətə düşən gənclər aiddir) eyni zamanda risk qrupuna düşmə ehtimalı çox olan gənclər də var və bunlar faiz etibarilə daha çoxluq təşkil edirlər. Görülmüş və görüləcək işlər təkcə risk qrupuna daxil olmuş şəxslərlə deyil, eyni zamanda risk qrupuna düşmə ehtimalı olan insanlarımız, vətəndaşlarımızla işi bizdən tələb edir. Burada iş əmsalı da fərqlənməlidir. Yəni, risk qrupuna düşmüş gənclə bir iş üslubu, risk qrupuna düşmə ehtimalı olan gənclərlə isə digər üslubda iş mexanizmi tələb edir".
Raqif Abbasov onu da diqqətə çatdırıb ki, bu gün narkotik maddələr, psixotrop vasitələrə qarşı mübarizədə fəal iştiraka çox böyük ehtiyac var. Bu gün siqaret, qəlyandan pis vərdişlərə başlayan gənclər daha sonra narkotik istifadəçisinə çevrilir. Bir çox məqamların cəminin nəticəsində müəyyən fəsadlar yaranmış olur. Sosial şəbəkələr, internet, İKT vasitələri bu gün bizim həyat tərzimizin reallığıdır. Bu gün istər elmi, istər sığortalanma nöqteyi nəzərdən, istərsə də digər parametrlər üzrə savadlı mütəxəssislərimizi artıq öz iş metodikasını sosial şəbəkələr yönümlüyünə istiqamətləndirmək lazımdır. Çünki müəyyən faiz radioya qulaq asıb, televiziyaya baxırsa, daha çox insan sosial şəbəkədə olur. Onu da qeyd edim ki, buradan faydalılıqla yanaşı, eyni zamanda risklər gəlmiş olur".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir