İctimai nəzarət reketlik, şantaj etmək demək deyil

Bəhruz Məhərrəmov : "İctimai nəzarətin yeni institutsional formatını müəyyən etməliyik"

Təəssüflər olsun ki, Azərbaycanda əksər istiqamətlərdə dövlətin yaratdığı imkanlar, dövlət başçısının etdiyi çağırışlardan bir çox insanlar sui-istifadə edərək ümumi maraqlar naminə deyil, öz maddi maraqları naminə çalışır, fəaliyyət göstərirlər. İstər səhiyyə, istər təhsil, istər media, istərsə də ictimai nəzarət məsələsində bu kimi neqativ hallarla rastlaşmaqdayıq. Bu günlərdə ictimai nəzarət sektorunda baş verən silsilə həbslər fonunda da bu mənfiliyi aydın şəkildə görmək mümkündür. Hüquq-mühafizə orqanlarının yaydığı açıqlama və görüntülərdən məlum olur ki, ictimai nəzarət adı altında fəaliyyət göstərən və hazırda polis tərəfindən saxlanılan şəxslərin mütləq əksəriyyəti dələduzluq, insanların etimadından sui-istifadə edərək onların külli miqdarda pulunu mənimsəməklə məşğul olublar. Diqqət çəkən digər məqam ondan ibarətdir ki, ictimai nəzarət adı altında ictimai dələduzluqla məşğul olan həmin şəxslər əvvəllər də məhz bu mənfi əməllərinə görə həbs edilib, məhbus həyatı yaşayıblar. Ona görə də cəmiyyətdə haqlı bir mövqe formalaşıb ki, ictimai nəzarət sektorunda da ciddi şəkildə təmizləmə işləri aparılmalıdır. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hesab edir ki, bu kimi dələduz insanların ictimai nəzarət adı altında öz şəxsi maraqları naminə fəaliyyət göstərməmələri üçün vətəndaşlar da ayıq-sayıq olmalıdır. Deputata qeyd edib ki, əvvəllər dələduzluq yolu ilə müxtəlif vaxtlarda bir neçə dəfə məhkum edilmiş şəxslərin bu gün də istintaq orqanlarında barələrində təkzibolunmaz faktlar olan şəxslərinn ictimai nəzarəti hansı məqsəd, hansı məqam əsasında həyata keçirdikləri hamımıza aydındır: "Bu mənada mən üzümü vətəndaşlara tutaraq bir neçə məqama xüsusi diqqət çəkmək istəyirəm. İlk olaraq vətəndaşlarımız, xüsusilə ucqar regionlarda yaşayan insanlarımız ayrı-ayrı təşkilatların, şəxslərin qanunsuz olaraq dövlət atributları, emblemlərindən istifadə etməklə geyim formaları, vəsiqələr hazırlayaraq onları aldatması, vədlər verməsinə inanmasınlar". Millət vəkili onu da diqqətə çatdırıb ki, təmsil etdiyi seçki dairəsində də bu kimi neqativ halların şahidi olub: "Son baş verənlər də göstərdi ki, ayrı-ayrı şəxslər vətəndaşlarımızdan, sadə insanlardan öz çirkin məqsədləri və niyyətləri üçün istifadə edirlər".

Bəhruz Məhərrəmov onu da bildirib ki, son baş verənləri dövlətin ictimai nəzarətə olan qiyməti kimi qiymətləndirmək də doğru deyil: "Bu baş verən ayrı-ayrı hallar və ayrı-ayrı hallara qarşı atılan hüquqi addımlardır. Əslində dövlət ictimai nəzarətin güclü olmasında maraqlıdır və hətta Cənab Prezident dəfələrlə çıxışlarında bunu açıq şəkildə vurğulayıb. Dövlət başçısı ölkədə elə ab-hava yaradılmalıdır ki, ictimai nəzarət güclənsin kimi tezislər ortaya qoyub. Ən son Cənab Prezident yerli televiziyalara verdiyi müsahibədə qeyd etdi ki, heç kim gördüyü qanunsuzluqlara biganə qalmasın və əgər ictimai nəzarət güclü olarsa, o halda bir çox məmurlar da cinayət xarakterli əməllərindən çəkinərlər. Ona görə ilk növbədə ictimai nəzarət nədir, onun mahiyyətini başa düşməliyik. Həmçinin, bilməliyik ki, ictimai nəzarət gəlir mexanizmi deyil. İctimai nəzarət reketlik, şantaj etmək demək deyil. İctimai nəzarət ali məqsədlərə, daha güclü dövlətçilik qurulmasına xidmət edir, cəmiyyətdə korrupsiya, rüşvət kimi xoşagəlməz tendensiyaların aradan qaldırılmasına xidmət edir. Bu məqsədlə də 2013-cü ildə Azərbayvanda ictimai iştirakçılıqla bağlı qanun qəbul edilib və mərkəzi, yerli icra, eyni zamanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə nəzarətin təmin olunması üçün məhz ictimai nəzarət ictimai iştirakçılığın formalarından biri kimi müəyyən olunub. Qanun açıq formada müəyyən edib ki, ictimai nəzarət qanunçuluq, könüllülük əsasında, eyni zamanda plüralizm, bərabərlilik və ayrıseçkiliyə yol vermədən həyata keçirilməlidir. Bu fəaliyyətlə məşğul olan insanlar isə dövlətə və dövlətçiliyə xidmət etmiş olacaqlar. Çox təəssüflər olsun ki, biz bu illər ərzində ictimai nəzarət adı altında fərqli məqsədlərə, məramlara xidmət ediblər və müəyyən hallarda öz çirkin əməllərini reallaşdırıblar. Ona görə də hesab edirəm ki, Cənab Prezidentin vurğuladığı kimi ictimai nəzarətin yeni institutsional formatını müəyyən etməliyik.  İnanıram ki, belə bir format müəyyən olunandan sonra biz ictimai nəzarətin əsl faydası, bəhrəsini duymuş olacağıq.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31