Erkən nikaha qarşı səylərimizi birləşdirməliyik- Deputat
10 Fevral 2022 12:34 Sosial"Dünən hər kəsi narahat edən bir cinayət hadisəsinin ağır nəticəsini eşitdik. Dünyaya uşaq gətirən 15 yaşlı qız körpəsi ilə birlikdə vəfat etdi. Araşdırmalar nəticəsində məlum oldu ki, həmin bu qız 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olub. Hüquq-mühafizə orqanları lazımı araşdırmaları aparırlar. Lakin bu, 15 yaşlı qızı həyata qaytaracaqmı, dünyaya yenicə gələn və elə o andaca vəfat edən bir körpəni həyata qaytaracaqmı? Əlbəttə ki, xeyir!" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın
sözlərinə görə, vaxtı ilə Azərbaycanın görkəmli ziyalıları, maarifpərvər insanları, qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması, erkən nikah (erkən yaşda evlilik), zorakılıq hallarının qarşısının alınması üçün çalışırdılar. Əfsuslar olsun ki, bu gün də bu məsələlər öz aktuallığını saxlamaqdadır: "Bəziləri isə sanki bu problemləri görmür, " bizdə belə hallar olmur"- deyirlər. Statistikaya ehtiyac yoxdur, əgər 1 hadisə baş veribsə, buna görə hər birimiz düşünməliyik, narahat olmalıyıq, əməli addımlar atmalıyıq. Necə edək ki, belə faciələr olmasın? Necə edək ki, qız övladlarına qarşı belə zorakı davranış göstərilməsin? Demək ki, hər birimiz bu məsələdə məsuliyyətimizi dərk etməli, səylərimizi birləşdirməliyik".