"Bu qanunun hazırlanması və qəbul olunmasını bu gün üçün müsbət qiymətləndirirəm"- Mübariz Göyüşlü
10 Fevral 2022 12:00 Sosial"Mən media haqqında qanun layihəsinin özünü doğruldacağına inanıram".
Bu sözləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri, Yeni Media Qrupun baş redaktoru Mübariz Göyüşlü deyib.
"Düşünürəm ki, müasir dövrdəki internet jurnalistikası, sosial şəbəkələrdə olan proseslər, saytlarla bağlı məsələlər o qədər sürətli şəkildə inkişaf edir ki, bu sahənin tənzimlənməsinə ehtiyac var idi. Bu baxımdan bu qanunun hazırlanması və qəbul olunmasını bu gün üçün müsbət qiymətləndirirəm və faydalı olacağını zənn edirəm. Xüsusilə internet jurnalistikası ilə bağlı məsələlərin nizama salınmasına ehtiyac var. Düşünürəm ki, bu qanunun qəbulu mediamızın inkişafına töhfə verə biləcək. Bilirsiniz, internetin bu qədər geniş imkanlar yaratdığı bir şəraitdə müəyyən nizama salınma məsələlərinə ehtiyac vardı. Bu baxımdan hardasa faydalı hesab edirəm. Düzdür, müəyyən narahatlıqlar da var ki, bu qanunun qəbulu məhdudlaşdırıcı qanunlar tətbiq etməyə imkan yaradacaq, hansısa problemlər yaranacaq və. s. Adətən belə məsələlər olarkən biz hansısa narahatlıqlar və narazılıqları müşahidə edə bilirik. Amma zamanla hər şey öz yerinə oturur və görünür ki, o problemlər deyilən qədər ortaya ciddi məsələlər çıxartmır və onlar tənzimlənir. Mən bu qanunun qəbulundan sonra istər jurnalistlərin vahid informasiya məlumat bazasının yaradılması, istər sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində irəliləyişlər olacağını gözləyirəm. Artıq görürsünüz, güzəştli şərtlərlə ipoteka krediti almaq üçün imkanlar yaranıb. Bu da jurnalistlər binasından ev verilərkən yaranan söz-söhbətlərə son qoya biləcək. Qaydaların dəqiq şəkildə hazırlanması lazımdır, bununla bağlı müvafiq qurumlar çalışacaqlar.Əsas məqam olaraq çox istərdim ki, reklam bazarı ilə bağlı məsələlərə diqqət edilsin. Reyestrə düşən media qurumları üçün reklam bazarında reklamların bərabər şəraitdə bölünməsi ilə bağlı, reklamçıların media reyestrinə düşən media qurumlarına (istər sayt, YouTube, qəzet və s.) reklam verilməsi ilə bağlı qaydalara həvəsləndirici nələrsə tətbiq etmək olar. Çünki, reklam bazarı formalaşmadıqca və bərabər şəkildə bölgü olmadıqca bu media qurumlarının özünü tənzimləmə imkanları iqtisadi baxımdan zəif olacaq və hər zaman nədənsə, kimdənsə asılı olacaq. İqtisadi bazası zəif olan media qurumunun da öz redaksiyasına peşəkar şəxsləri, jurnalistləri cəlb eləməsi və fəaliyyətin daha peşəkar şəkildə qurması da müəyyən çətinliklər yaradacaq. Bu baxımdan mən media reyestrinə düşəcək media qurumları üçün düşünürəm ki, reklam ilə bağlı məqamlarda da hansısa dəyişikliklərmi, üstünlüklərmi, hansısa məsələlər həyata keçirilərsə, çox faydalı ola bilər.
Ümumilikdə bu qanunun qəbulunu faydalı olacağı qənaətindəyəm, buna inanıram. Çünki, bu qanunun qəbuluna qədər çoxsaylı görüşlər keçirildi, kifayət qədər müzakirələr aparıldı, ekspertlər dinlənildi, media nümayəndələrinin fikirləri öyrənildi, redaksiyalarda görüşlər keçirildi və demək olar ki, əksər fikirlər orada öz əksini tapdı. Media agentliyi bu istiqamətdə kifayət qədər peşəkarlıqla çalışmalar həyata keçirə bildi və bu işi deyə bilərik ki, yüksək səviyyədə təşkil edə bildilər. Bu baxımdan düşünürəm ki, artıq vaxtı bitmiş KİV haqqında qanunun yerinə yeni, dövrün, zamanın tələblərinə cavab verə biləcək bir qanun ortaya qoyuldu və bu qanunla mediamızın və media nümayəndələrinin gördüyü işlər nizamlanıb, səhmana salına biləcək".
Röyalə Xəyal