Bu qanun məmurları məcbur etməlidir ki...

"Ölkə prezidentinin "Media haqqında" qanunu təsdiqləməsi o deməkdir ki, bundan  əvvəl mövcud olan KİV haqqında  və eləcə də  teleradio yayımı haqqında qəbul edilmiş qanunlar qüvvədən düşür." Bu  sözləri  "Olaylar"a   tanınmış  jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, media üzrə ekspert Qulu Məhərrəmli bildirib. O deyib  ki, ndi ölkədə media prosesləri televiziya, radio yayımı, yeni media, internet media profilləri  "Media haqqında" qanunla tənzimlənəcək.: "Burada müsbət cəhət odur ki, indiyə qədər nə KİV haqqında, nə də "Teleradio yayımı haqqında" qanun, internetin media profillərini tənzimlənməsində  var gücü ilə iştirak edə bilmirdi. Bir çox suallar açıq qalır, hüquqi münasibətlər tənzimlənmirdi. Amma indi "Media haqqında" qanun bu çağırışlara, suallara kifayət qədər dolğun cavab verir.  Xüsusən də, jurnalistlərin məişət, ev şəraiti ilə bağlı xüsusi maddə  salınması, hesab edirəm ki, bizim ümumiyyətlə jurnalistlərin düşüncəsində əsas yeri tutan ev, mənzil məsələlərinin həllinə kömək edəcək. Amma, o jurnalistlərin ki, onlar Media agentliyinin reyesterinə daxil olacaq, oradan vəsiqə alacaq, onların nəzarəti altında olacaq, o jurnalistlər güzəştli ipoteka ala biləcəklər

Bu qanunda açıq şəkildə göstərilib. Əlbəttə, qanunda hələ müzakirə vaxtı ortaya çıxan bir sıra məsələlər, problemlər var. Bunlar media fəlsəfəsinə uyğun olmayan,  ziddiyyət təşkil edən məqamlar kimi qiymətləndirilirdi. Hazırda onlar qanuni şəkil alır. Bundan sonra medianın tənzimlənməsində dövlət nəzarətinin payı həddindən artıq çoxalır və  bu müəyyən dərəcədə narahatlıq doğurur. Artıq qanun qəbul olunub. Əsas iş  qanunun tətbiqi prosesində ortaya çıxan məsələlərin rahat bir şəkildə həll olunması ilə bağlıdır. Qanunun tətbiqi elə bir şəkildə olmalıdır ki,  o jurnalistlərin mətbuat, məlumat əldə etmək, araşdırma aparmaq azadlığını məhdudlaşdırmasın, əksinə kömək  etsin. Hazırda jurnalistlər çox çətinliklə məlumat alırlar. Məmurlar jurnalistlərin suallarını cavablandırmağa çox həvəssizdirlər.  Onlar televiziya çıxışlarına gəlmir, müxbirlərdən qaçmağa çalışır, cəmiyyətə məlumat vermək istəmirlər. Amma bu qanun onları məcbur etməlidir ki,  cəmiyyəti məlumatlandırmaq onların əsas vəzifələrindən biridir."

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşviq Ələsgərli

qeyd edib ki, "Media haqqında"  yeni qanun bütün media ictimaiyyətinin iştirakı, müzakirəsi ilə hazırlanıb və qəbul edilib. Bu baxımdan qanun Azərbycan media ictimaiyyətinin iradəsini, arzu və istəklərini ifadə edir. Bu layihəni təsdiqlədiyi üçün Cənab Prezidentə təşəkkür edirik:" Qanun yeniliklərlə zəngindir. Xüsusi olaraq onlayn media sferasını tənzimləmə əhatəsinə aldığı üçün çox faydalıdır. 20 ilə yaxındır ki, onlayn media mövcuddur, amma onun hüquqi tənzimlənməsi indiyədək yetərli deyildi. İlk dəfədir ki, onlayn media sferası bu qədər əhatəli, detallı şəkildə tənzimləməyə alınır. Onlayn medianın statusu, strukturu barədə təsəvvürləri konkretləşdirir. Bu, onlayn media sferasında çalışan jurnalistlər üçün də çox faydalıdır, çünki, onların hüquq və vəzifələrinin, statuslarının  tam təsnifatını verir.

Qanunun gətirdiyi mühüm yeniliklərdən biri də media reyestrinin tətbiq edilməsidir. Reyestrin tətbiq edilməsi ölkədə KİV qurumları və jurnalistlərin statistikasının dəqiqləşdirilməsinə yardım edəcək, statusu bilinən jurnalistlər üçün sosial proqramların hazırlanmsını, sosial güzəştlərin tətbiqini asanlaşdıracaq. Təsadfi deyil ki,  Cənab Prezident "Media haqqında" qanunu imzalamaqla yanaşı, həm də ipoteka kreditlərinin verilməsi şərtlərinə əlavə və dəyişiklik edilməsi barədə sərəncam  da imzaladı. Bu onu göstərir ki, media sferasında nizam -intizam yarandıqca, sərhədlər bəlli olduqca, sosial proqramların tətbiqi də asanlaşcaq.

Jurnalistlər üçün sosial güzəştlərin tətbiq edilməsi çox vacib amildir. Çünki, jurnalistika belə bir sahədir ki, burada gəlirlər standartdır və təəssüf ki, uzun müddət jurnalistikadakı orta aylıq gəlirlə normal ipoteka şərtlərini ödəmək imkansız olub. Bu baxımdan da , jurnalistika sferasında çalışan, mənizilə ehtiyacı olan insanların sayı kifayət qədər çoxdur. Doğrudur, dövlətimizə təşəkkür edirik ki, indiyə qədər konkret mənzillər tikib jurnalistlərə hədiyyə edib. Amma bu jurnalistlərin çox az bir hissəsini əhatə edir. Amma ipoteka kreditləşməsinə daxil olmaq, artıq çox böyük kəmiyyətlə  jurnalistlərin mənzillə təmin etməsi məsələsində mühüm rol oynamış olacaq. Bilirsiniz ki, indiyə qədər ipoteka şərtləri 8% civarındadır. Əlavə faiz ödənişləri sosial güzəştlərə daxil olunduqdan sonra, orada 4% ödənişlər olacaq. Burada həm faizlər aşağıdır (yəni 8 deyil, 4%-dir), həm də jurnalist əmək haqqısı  və iş yeri ilə ipoteka kreditləşməsinə düşmək sənədləşmə baxımından çətin olardı ki, indi o çətin məsələlər aradan qaldırılmış olur. Ümüd edirik ki, bu yeganə sosial güzəşt olmayacaq. Yəqin ki, reyester xidmətinin tətbiq olunmasından və jurnalistlərin sayının bilinməsindən sonra buna bənzər digər güzəştlər də tətbiq olunması mümkün olacaq. Bu baxımdan jurnalistlərin güzəştli ipoteka kreditlərinə düşməsini, bu barədə prezidentin sərəncam verməsini media qanunu qədər əhəmiyyətli, önəmli bir hadisə sayıram. Hər iki hal jurnalistlərimiz üçün kifayət qədər yüksək bir məsələdir. Hər kəsə xeyirli olmasını arzulayıram!"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31