Bəzi sahibkarlar işçini iş vaxtından artıq işləməyə məcbur edirlər

Kimlərə qısaldılmış iş vaxtı tətbiq edilir?

Müasir dünyada ən çox müşahidə olunan qanun pozuntularından biri də əmək qanunvericiliyi ilə bağlıdır. Dünya iqtisadiyyatının inteqrasiyası, miqrantların sayının artması dövlətlərin milli qanunvericiliyinin beynəlxalq konvensiyalara uyğunlaşdırlması zərurətini yaradıb. Təəssüf ki, istər milli, istərsə də transmilli şirkətlər yaranmış şəraitdən sui-istifadə edərək əmək hüquqlarının pozulmasına tez-tez yol verirlər. Hüquqşünas Alim Hüseynli ölkədə ən çox pozulması təsadüf edilən əmək hüquqları ilə bağlı suallarımızı cavablandırıb.   

-Hazırda əmək qanunvericiliyi ilə bağlı müşahidə olunan ən çox qanun pozuntularından biri əmək müqaviləsilə bağlıdır. Bir çox hallarda işçi ilə əmək müqaviləsi ya bağlanmır, ya da qısa müddətə bağlanır. Qanunvericilikdə hansı hallarda əmək müqaviləsi müddətsiz bağlana bilər?

- Əmək Məcəlləsinin 45-ci maddəsində, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

- Bəzi hallarda sahibkarlar işçini iş vaxtından artıq işləməyə məcbur edirlər. İşçi qanunla necə saat işləməlidir?

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, tam iş vaxtı və onun müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən, həftəlik tam iş vaxtının müəyyən edilməsi, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtı, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.  Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə  əsasən Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.     

-Bəs, qısaldılmış iş vaxtı qanunla necə müəyyən edilir?

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsində bildirilir ki, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" 2001-ci il 22 iyun tarixli 156-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.  "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarına əsasən siyahıda qeyd edilən iş yerlərində müvafiq peşə və  vəzifələrdə çalışan işçilərə 36 saatdan çox olmayan iş vaxtı tətbiq edilir. "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə" 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarına əsasən siyahıda qeyd edilən iş yerlərində müvafiq peşə və  vəzifələrdə çalışan işçilərə 36 saatdan çox olmayan iş vaxtı tətbiq edilir. Əmək Məcəllənin 159 maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.

-Gündəlik və həftəlik normal iş vaxtının müddəti nə qədərdir?

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, tam iş vaxtı-müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddətinin isə 40 saatdan artıq müəyyən müəyyən edilə bilməz.

-İş vaxtından artıq vaxtda görülən işlərin haqqı ödənilməlidirmi? Bu ödəniş hansı qaydada həyata keçirilir?

- İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli  vaxtamuzd işçinin saatlıq tarif maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31