Azərbaycan və Gürcüstan arasında strateji razılaşma: Avropaya gedən yol daha da güclənir-ÖZƏL
16:07 SiyasətGürcüstan və Azərbaycan enerji və nəqliyyat sahələrində uzunmüddətli əməkdaşlığı genişləndirən yeni sazişlər paketi imzalayıb. 2003-cü ildə imzalanmış qaz müqaviləsinin müddəti başa çatdığı üçün tərəflər Cənubi Qafqaz Qaz Boru Kəməri çərçivəsində 20 illik yeni razılaşma əldə edib. Gürcüstan Azərbaycandan endirimli qaz almağa davam edəcək, eyni zamanda tranzit ölkə kimi gəlirlərini artıracaq.
Bundan başqa, Bakı-Tiflis-Qars dəmir yolu xətti üzrə koordinasiya gücləndirilib və Tiflis ilə Bakı arasında sərnişin qatarlarının fəaliyyəti bərpa olunub. Bu addım həm nəqliyyat əlaqələrini, həm də regional ticarət və mobilliyi artırmağı hədəfləyir.
Bu yeni enerji və tranzit sazişləri Gürcüstanın iqtisadiyyatında büdcə gəlirlərinə və enerji asılılığına hansı real təsirləri göstərə bilər? Azərbaycan üçün bu müqavilələr Cənub Qaz Dəhlizində və ümumilikdə Avropa bazarında uzunmüddətli iqtisadi-strateji üstünlükləri necə dəyişir?Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Bu sazişlərin Gürcüstan üçün təsiri iki əsas istiqamətdə özünü göstərir: büdcə sabitliyi və enerji təhlükəsizliyi.
Gürcüstan tranzit ölkə kimi əsas gəlirini Azərbaycanla bağlı enerji və nəqliyyat layihələrindən əldə edir. Bu gəlirlər Gürcüstanın dövlət büdcəsinin təxminən 43%-ni təşkil edir - yəni sadə bir əlavə deyil, büdcənin dayaqlarından biridir. Uzunmüddətli qaz sazişləri isə proqnozlaşdırıla bilən valyuta axını yaradaraq fiskal sabitliyi daha da möhkəmləndirir.
Enerji məsələsinə gəldikdə, Azərbaycanla artan asılılıq ikili bir model yaradır: bir tərəfdən sabit təminat, digər tərəfdən isə risk. Endirimli qazın davam etməsi qısa və orta müddətdə daxili enerji qiymətlərini aşağı saxlaya, sənaye və kommunal sektorun xərclərini stabilləşdirə bilər. Lakin uzunmüddətli perspektivdə bu, alternativ mənbələrin inkişafını ləngidə bilər.
Nəqliyyat komponenti - xüsusilə Bakı-Tfilis-Qars dəmir yolu isə Gürcüstanın tranzit rolunu daha da gücləndirir və onu Qafqaz-Anadolu-Avropa ticarət zəncirinin kritik keçid nöqtəsinə çevirir. Sərnişin qatarlarının bərpası isə məsələni yalnız iqtisadi çərçivədən çıxarır: turizm, sosial mobillik və xidmət sektoru da bu axından qazanır. Beləliklə, tranzit gəlirləri artıq yalnız enerji ilə məhdud deyil - logistika və insan hərəkəti üzərindən də genişlənir.
Azərbaycan üçün isə bu müqavilələr strateji mövqeyin möhkəmlənməsi deməkdir.
20 illik qaz razılaşması ixrac sabitliyini təmin edir, Avropa bazarına çıxışda etibarlı tranzit zəncirini qoruyur və Azərbaycanın investisiya cəlbediciliyini artırır. Gürcüstan üzərindən keçən marşrutların sabit qalması isə alternativ marşrut risklərini azaldır və Bakı üçün əhəmiyyətli bir geoiqtisadi üstünlük yaradır.
Lakin əsas strateji qazanc yalnız qaz ixracından ibarət deyil. Azərbaycan eyni zamanda regional enerji-logistika mərkəzi kimi mövqeyini gücləndirir və Avropa enerji bazarında etibarlı tərəfdaş imicini möhkəmləndirir. Bununla belə, Avropanın bərpa olunan enerjiyə keçid siyasəti və artan diversifikasiya meyli uzunmüddətli tələb riskini tam aradan qaldırmır.
Yekun olaraq bu razılaşmalar hər iki tərəf üçün qısa müddətdə aydın fayda gətirir: Gürcüstan tranzit gəlirlərini genişləndirir, Azərbaycan isə sabit ixrac və strateji şəbəkə üstünlüyünə əsaslanan modelini möhkəmləndirir. Lakin uzunmüddətli perspektivdə enerji transformasiyası və alternativ marşrutların inkişafı bu sentimental balansı yenidən formalaşdıra bilər".
Zeynəb Mustafazadə