Bir qadına savad vermək bütün ailəni savadlandırmaq deməkdir- ŞƏRH

"Gender bərabərliyi" anlayışı cəmiyyətdə kişilərlə qadınlar arasında "de-yure" və "de-fakto" bərabərliyin təmin edilməsini, hər iki cinsə bərabər imkanların yaradılmasını ehtiva edir. Cəmiyyət üzvləri - qadınlar və kişilər özlərinin bioloji xüsusiyyətlərinə, anatomik strukturlarına görə cins fərqliliyinə malik olsalar da, sosio-mədəni mühitdə bərabər imkanlara sahibdirlər. Gender bərabərliyi ümumiyyətlə ictimai və şəxsi həyatın bütün sahələrində hər iki cins üçün bərabər görüntü, hüquq və səlahiyətlərin genişləndirilməsi, məsuliyyət və iştirak kimi müəyyən olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova Olaylar.az-ın sorğusuna cavab olaraq fikirlərini bizimlə bölüşdü:

"Cinsi bərabərlik kimi tanınan gender bərabərliyi iqtisadi iştirak və qərarqəbuletmə də daxil olmaqla, cinsindən asılı olmayaraq resurs və imkanlardan istifadə etməkdə bərabərlik anlamına gəlir. Bu, cinsindən asılı olmayaraq fərqli davranışların, istəklərin və ehtiyacların bərabər qiymətləndirilməsi deməkdir. Eyni zamanda o, kişi və qadınlar, qız və oğlanlar arasında məhdudiyyətlər olmadan onların şəxsi qabiliyyətlərini inkişaf etdirmək və seçim etmək azadlığıdır. Bu, kişi və qadınların eyni olması demək deyildir. Gender bərabərliyi qadın və kişilərin ehtiyaclarına uyğun olaraq ədalətliliyi nəzərdə tutur. Burada yalnız hüquqlar, faydalar, öhdəliklər və imkanlar baxımından ekvivalent hesab edilən bərabərlik nəzərdə tutulur. Gender bərabərliyi təkcə qadınların dəstəklənməsinə yönəlmiş proqramlar hazırlamaqdan ibarət deyil. Gender bərabərliyinin əsl məqsədi həm qadın, həm də kişilər üçün bərabər hüquqları, imkanları və çıxışları təmin etməkdir.

Gender bərabərsizliyi ilə əlaqədar olaraq, qadınlar və qızlar hal-hazırda kişilər və oğlanlar üçün təmin edilən hüquq, imkan və çıxışlardan faydalana bilmirlər. Buna görə də qadınların inteqrasiyası, dəstəklənməsi və səlahiyyətləndirilməsini prioritetləşdirən siyasətlər gender bərabərliyini təmin etmə yolunda lazımi bir başlanğıcdır. Ancaq bu da nəzərə alınmalıdır ki, gender bərabərliyi sadəcə qadın və qızların maraqlarına cavab verən məsələ deyil, bütün cəmiyyətin faydalanacağı bir hədəfdir. İstər iqtisadi, istər siyasi, istərsə də sosial inkişaf göstəricilərinin təsdiq etdiyi kimi, gender bərabərliyi sabitlik, inkişaf və rifahın önəmli daxili komponentidir. Ona görə də həm qadın, həm də kişilərin iş yerində həmçinin, ümumilikdə, cəmiyyətdə ehtiyaclarının müəyyənləşdirilməsi, təhlil edilməsi və qarşılanması vacibdir.

Gender bərabərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Bəyannaməsində 1948-ci ildən etibarən göstərilən əsas hüquqlardandır və dayanıqlı inkişaf və artıma nail olmaq üçün ilkin şərtlərdən biridir. Bundan əlavə, BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin 5-cisi məhz "Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək"-dir. Dayanıqlı İnkişaf Məqsədlərinin "5.C" bəndində "Gender bərabərliyinin təşviq olunması və bütün qadınların və qızların səlahiyyətlərinin bütün səviyyələrdə artırılması üzrə əsaslı siyasətlər və effektiv hüquqi normalar qəbul etmək və onları möhkəmləndirmək" əks olunub".

2002-ci ildən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinə rəhbərlik edən Şəhla xanımın sözlərinə görə, gender bərabərliyi təmin olunmayanda qızlar və qadınlar bütün sahələrdə kəsik formada qalır:

- Gender bərabərliyinin məqsədi nədir və nə üçün lazımdır?

- Gender bərabərliyi qadınlar və kişilər üçün bərabər hüquqları və bərabər imkanları özündə ehtiva edən fundamental bir insan hüququdur. Əslində, dayanıqlı inkişaf üçün əsas zəminlərdən biridir. Çünki, bildiyiniz kimi bütün dünyada və o cümlədən Azərbaycanda qadınlar təqribi olaraq, hardasa 50%-ə yaxın bir sayda təmsil olunduğundan, faktiki olaraq onların ehtiyaclarına uyğun olan imkanlar nəzərə alınmasa və hüquqları təmin olunmasa, bu o deməkdir ki, dünyanın yarıbayarı olan əhalisi daha az təminatlı, daha kəsik bir formada yaşayaraq, ölkənin və dünyanın inkşafına bərabər bir töhfə verə bilməyəcək. Yəni, bərabər hüquqları təmin edə bilməsək, biz dünyanın yarısından tamlıqla töhfə ala bilməyəcəyik. Ona görə də, inkişaf yarımçıq qalacaq. Gender bərabərliyinin təmin olunması çox qlobal bir məsələdir. Qloballıqla yanaşı, həm yerli, həm milli səviyyədə eyni cür öz əksini tapmalıdır.

- Gender bərabərliyi təmin olunmasa nə baş verə bilər?

- Gender bərabərliyinin təmin olunmamasında bir neçə əsas səbəblər var ki, bununun əsası gender mövzusuna həssas olan yanaşmanın mövcud olmamasıdır. Bu da daha çox qadınlara qarşı diskriminativ yanaşmadan qaynaqlanan münasibətlər, stereotiplər, önyarğılardır ki, bütün dünyada, o cümlədən Azərbaycanda bununla bağlı ciddi bir iş getməlidir. Gender bərabərliyi təmin olunmayanda qızlarımız və qadınlarımız bütün sahələrdə kəsik formada qalır. Yəni, təhsilləri bərabər şəkildə çatımlı olmur, sağlamlıqları üçün tibbi məsələlərdə çıxışları olmur, reproduktiv hüquqlar sahəsində olduqca əlverişsiz bir şəraitə düşürlər, iqtisadi imkanları məhdud olur və siyasi iştirakları çox aşağı səviyyədə olur. Təhsilsiz qadın, işi olmayan qadın və xüsusi bir seçim imkanı olmayan qadının isə heç vaxt inkişaf etmək kimi bir şansı olmur. Bu bütövlükdə təqribi belə bir mənzərə yaradır ki, istər ailədə, istərsə də cəmiyyətdə bir qadın əgər əsas fundamental hüquqlardan məhrumdursa, yəni, təhsilini istədiyi yerdə, istədiyi şəkildə və müddətdə ala bilməyibsə, istədiyi peşə ilə məşğul ola bilməyibsə, aldığı və ya almadığı hər hansı bir peşə ilə bağlı iş imkanından məhrum olubsa və bütövlükdə deyək ki, savadı, rifahı artıran, sosial imkanları artıran hansısa bir imkanlardan məhrum olubsa, bu o deməkdir ki, bu zəncirvari effektlə nəsildən nəslə ötürəcək cahillik formasının əsasını qoymuş olur. Yəni, savadsız qadın heç vaxt savadlı bir ovqat qoya bilməz ailənin içində. Savadsız qadın heç vaxt uşaqlarına bir savadlı yanaşmanı özündə əks etdirən tərbiyənin əsasını qoya bilməz. Ailədaxili münasibətlərdə heç vaxt sakit, normal, bərabərhüquqlu, demokratik bir mühit yarada bilməz. Ona görə də, bir qadına savad vermək bütün ailəni savadlandırmaq deməkdir. Savad da bu məsələlərin əsas bünövrəsidir.

- Ölkəmizdə gender bərabərliyi nə yerdədir və  gender bərabərsizliyi qadınların həyatına necə təsir edir?

- Bildiyiniz kimi, qanunverici bazamız mövcuddur. Belə ki, 2006-cı ildə gender bərabərliyinə və 2010-cu ildə məişət zorakılığının qarşısının alınmasına dair bir qanun qəbul edilib. Əlbəttə ki, bir neçə qanunverici aktlarda və sənədlərimizdə qadınlar və kişilər arasında hüququn mövcud olması barədə müddəalar var, bunlar mövcuddur. Amma real həyatda qanunvericiliyin istədiyi formadan uzaq bir reallığı biz görürük. Təəssüf ki, qadınlara qarşı olan diskriminativ yanaşma hər bir formada özünü büruzə verir və demək olar ki bütün ailələrdə bu və ya digər şəkildə azşiddətli və ya daha çox şiddətli formada zorakılığın müxtəlif normaları baş verir. Zorakılıq dedikdə, insanların əksəriyyəti yalnız fiziki və cinsi zorakılığı nəzərdə tuturlar və belə olan halda "zorakılıq mənim ailəmdə yoxdur" deyə bir iddianı dəstəkləyirlər. Lakin, zorakılığa biz daha geniş formada baxmalıyıq. Zorakılıq bütövlükdə fiziki və cinsidən başqa bir də psixoloji və iqtisadi zorakılıqdır ki, bunun da daha yayılmış formalarını demək olar ki, orta statistik bütün ailələrdə görürük. Məsələn, bir qadını əgər hansısa imkanlardan məhrum edirlərsə, gündəlik psixoloji zorakılıqlara, hansısa qınaqlara, tənqidə, qeyri-konstruktiv bir yanaşmaya, sözlərə məruz qoyurlarsa, bəzən, tutaq ki, "ata evinə getməyəcəksən", "uşağı parka aparmayacaqsan", "dostlarınla görüşməyəcəksən", "telefonun mütləq köhnə telefon olmalıdır ki, sosial şəbəkələrə girə bilməyəsən" və s. kimi sözlərlə incidirlərsə və bu o halda baş verir ki, bu  ailənin qanunu deyil, sırf qadın olduğu üçün bu məhdudiyyətlərin yaşanması çox geniş almış bir formadır. Qadınlarımızın, qızlarımızın oxumaqla, işləməklə bağlı arzuları əksər vaxtlarda ya ürəklərində qalır, ya da çox fərqli formada reallığını tapır. Məsələn, qızlarımız potensiallığı nə qədər böyük olursa olsun, daha ənənəvi, necə deyərlər "qızlara yaraşan" peşələr var ki, hansı ki bunlar arzuolunan sahələrdir, müəllim, həkim və s. daha alqışlanır, bəzən isə ümumiyyətlə oxumağa, ali təhsil almağa icazə verilmir. Qadın ailə qurandan sonra dərhal övlad sahibi olmalıdır deyə bir gözləti  var ailədən, cəmiyyətdən. Qadınların əksər vaxtı övlad dünyaya gətirməsindən bir neçə il sonra artıq onlar rəqabətə dayanıqlı olmur və demək olar ki, o artıq oxuyubsa, onun bildikləri müasir zamanla uyğunlaşmayan bir formada qalır və çox vaxt qadın istədiyi peşənin arxasınca gedə bilmir, kariyerasını o sahədə qura bilmir, akademik imkanları çox məhdud olur. Azərbaycandan kənarda, xaricdə oxumaqla bağlı son on ilin göstəricisidir ki, qızlarımıza artıq müasir ailələrdə imkan verilir. Amma əksər qadınlarımız hələ də bu imkanlardan məhrumdurlar və onların xaricdə oxuması alqışlanmır. Bu kimi halları nəzərə alaraq mən deyərdim ki, Azərbaycanda vəziyyət kifayət qədər acınacaqlıdır. Çünki, biz psixoloji və iqtisadi zoraklıq formaları, yəni, qızlarımızın işləməməsi və ya işləyərkən onların məvaciblərinə nəzarət edilməsi, hansı ki, bu da iqtisadi zorakılıq növlərindən biridir, bunları nəzərə alsaq, bu kimi fenomenlər demək olar bütün ailələrdə bu və ya digər şəkildə mövcuddur. Bununla da real həyatda təəssüf ki, gender bərabərliyi təmin olunmur. Bunun üçün ciddi addımlar atılmalı və ciddi fəaliyyətlər görülməlidir ki, gender bərabərsizliyinin qadınların həyatına fəsadları minimuma endirilsin.

- Bu günkü gündə qadınlara qarşı baş verəcək zorakılıqların və qadın alverinin sayını azaltmaq, ümumiyyətlə qarşısını almaq üçün qurumlar tərəfindən hansı tədbirlər həyata keçirilir?

- Bu mövzuda bir neçə istiqamətlərdə iş getməlidir. Birinci növbədə mütləq qanunvericiliyə yenidən baxış keçirilməlidir. Bəzi aktlara yenidən baxılmalı və qadının inkişafı, onun sağlamlığı, əgər söhbət zorakılıqdan gedirsə, təhlükəsizliyi təmin edən vəziyyəti tamamən əlçatımlı etmək üçün hətta məişət zorakılığı haqqında qanuna yenidən baxmaq lazımdır. Eyni zamanda bu qanunlar qəbul olunandan sonra çox qısa bir zamanda bunların milli fəaliyyət planlarını mütləq ərsəyə gətirmək lazımdır. Məsələn, deyə bilərəm ki, 2010-cu ildə məişət zorakılığı ilə bağlı qəbul olunan qanunun milli fəaliyyət planı 10 il sonra, 2020-ci ilin noyabr ayında ərsəyə gəldi ki, 4 illik fəaliyyət planını özündə əks etdirir. Təəssüflə qeyd etməliyəm ki, 19 illik bir təşkilat olaraq qadın hüquqları ilə məşğul olan aparıcı təşkilatlardan biri olmağımıza baxmayaraq, bu milli fəaliyyət planlarının ərsəyə gəlməsində demək olar ki, bizim iştirakçılığımız olmayıb.  Yəni, bizi müəyyən tədbirlərə, bunun müzakirələrinə, hansısa tövsiyyələrin verilməsinə cəlb etmədiklərindən, bir xeyli qüsurlar var ki, həmin fəaliyyət planlarının olmamasındansa, olması yaxşıdır, amma daha yaxşı olardı ki, 10 il sonra yox, bu daha erkən olsun və işlək mexanizmə çevrilə bilən milli fəaliyyət planları qanunların çevrilə bilən bir əsasını qoysun. Eyni zamanda da onlar daha ətraflı, daha dolğun fəaliyyətləri özündə əks etdirsinlər. Məsələn, deyə bilərəm ki, 2023-cü ilin sonuna qədər olan bu fəaliyyət planında İstanabul konvensiyası ilə bağlı bir kəlmə belə olsa yoxdur. Bildiyiniz kimi, İstanbul konvensiyası məhz həmin beynəlxalq sənədlərdəndir ki, onun imzalanması və daha sonra dövlət tərəfindən ratifikasiya olunması ölkədə qadınlara qarşı zorakılıqla bağlı daha kompleks şəkildə yanaşmanın əsasını qoyur. Təəssüf ki, bizim İstanbul konvensiyasından bu qədər uzaq olmamız onun işarəsidir ki, hələ bizim gedəcəyimiz yol olduqca uzundur.

Mütləq dayanıqlı maarifləndirmə proqramları olmalıdır və biz gender bərabərliyi sahəsində bacardığımız qədər dolğun məlumatlar verməliyik. Bu sahə üzrə işlər çox erkən, bağçalardan, məktəblərdən, universitetlərdən, ümumiyyətlə təhsil ocaqlarından başlanılmalıdır. Ailələrlə, valideynlərlə, müəllimlərlə iş getməlidir, televiziya, radio və başqa geniş kütləyə çatımlı olan vasitəsilər hesabına gender bərabərliyinin ümumi anlayışı, qadın hüquqları və onun bərqərar olunmadığı halda fəsadları haqqında çox ətraflı məlumatlar getməlidir. Yəni, maarifləndirmə və təhsil bu işlərin özəyində olan məsələlərdir. Daha sonra Azərbaycanda bilirsiniz ki, 2014-cü ildən etibarən qeyri-hökumət təşkilatlarının fəaliyyəti demək olar ki, çox əlverişsiz şəraitdə baş tutur. Belə ki, qanunvericilik dəyişikliyi ilə bu qeyri-hökumət təşkilatları, o cümlədən də qadın hüquq müdafiəsi ilə məşğul olan təşkilatların fəaliyyətləri demək olar ki, sıfıra enib. Çünki, mühit əlverişli deyil, donorlar ölkədən gedib, təşkilatların qeydiyyatı çətindir və s.

Mən çox arzu edirəm ki, yaxın zamanlarda biz qeyd etdiyim bir neçə məsələni geridə qoyaraq, Azərbaycanın keyfiyyət cəhətdən tamamən yeni bir mühitində artıq işlərimizi daha hədəfli görə bilərik.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31