PJB üzvləri şəhid jurnalistin məzarını ziyarət etdilər
22 İyul 2021 14:46 Sosial22 iyul - Milli Mətbuat günündə Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Kəlbəcərdə şəhid olan jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər. "Olaylar" xəbər verir ki, PJB nümayəndələri M.İbrahimovun məzarı üzərinə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla anıblar.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.