Nəsimi rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 146 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. "Olaylar" xəbər verir ki, görüşü açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 146 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini qeyd edib. Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulayıb ki, Azərbaycan mətbuatı cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil edib, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb. Hazırda ölkəmizdə cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.

Nəsimi rayonunda aparılan tikinti-quruculuq işlərindən söz açan icra başçısı qeyd edib ki, ində təkcə paytaxt rayonlarında deyil, eləcə də işğaldan azad olunmuş rayonlarda da abadlıq işləri həyata keçirilir. 44 günlük Vətən müharibəsində aparılan informasiya müharibəsində medianın rolunu yüksək qiymətləndirən A.Əsgərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin mətbuata diqqət və qayğısını önə çəkib.  

Tədbirdə çıxış edən mətbuat nümayəndələri Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar. Sonda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31