Jalə Əhmədova: "Rüstəmə növbəti ad gününü əlil arabası olmadan, öz ayaqları üstündə qeyd etməyi arzu edirəm"

İyulun 14-də Salyan rayonunda oldum. Dəyərli seçicilərimi qəbul etdim, Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "HƏR BİR ŞƏHİD VƏTƏNDİR" kitabının təqdimat mərasimində iştirak etdim. Habelə Qurban bayramı münasibəti ilə bir neçə Şəhid ailəsini ziyarət edərək onlara bayram payları təqdim etdim. Və gecə Bakıya döndüm. Şəhidlərimizin ailələrini ziyarət etmək üçün isə bu gün səhər, 15 iyul tarixində səhər tezdən yenidən​ Salyana qayıtdım.

Dünən gecə ikən Bakıya dönməyimin səbəbkarı Rüstəm İmanzadə idi. O Rüstəm ki, Ağır atletika üzrə dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu olub, 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciliyində ciddi zədə alıb. 148 kq ağırlığı qaldırarkən sağ qolunun qırılması nəticəsində belindən ağır zədələnib və​ artıq 7 ildir ki, yeriyə bilmir.

Mən, 23 yaşına qədəm qoyan Rüstəmi tək qoya bilməzdim. Və çox şadam ki, saatın əqrəbləri gecə 12-ni göstərərkən artıq oğlumla bərabər Rüstəmin yanında idim. Rüstəmi doğum günü münasibəti ilə təbrik etdim, tezliklə sağlamlığına qovuşmasını arzuladım.

Gülərüz, optimist, həyata pozitiv baxışları, sonsuz ümidlərlə yaşayan və sağlığına qovuşacağı günü inamla gözləyən Rüstəmlə tanışlığımızdan çox az zaman keçməsinə baxmayaraq, onu balam kimi çox sevdim. Oğlumla dostluq münasibətləri yarandı, tez-tez görüşürlər.

Rüstəmə növbəti ad gününü əlil arabası olmadan, öz ayaqları üstündə qeyd etməyi, Azərbaycanımızın üçrəngli bayrağını dünya ölkələrində yenidən dalğalandırmağı və təbii ki, Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmət keçməyi arzu edirəm.​ Və buna çox inanıram.

Ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etmiş, ən mötəbər yarışlarda birincilik qazanaraq bayrağımızı yüksəkliklərə qaldırmış Rüstəm İmanzadə ​ sağlamlığının bərpası üçün dövlətimizdən, iş adamlarından​ köməklik göstərmələrini xahiş etdi və idmana qayıdacağı günü böyük ümidlə gözlədiyini bildirdi.

P.S. Bu yaxınlarda Rüstəm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin onun hərbi xidmətə yararsız olması ilə bağlı əlilliyinin rəsmiləşdirilməsinə etiraz etmiş, "mən əməliyyat olunub sağalacam və Vətən qarşısında borcumu yerinə yetirmək üçün hərbi xidmət edəcəm", - deyərək hərbi xidmət üçün yaş müddətinin hələ bitmədiyini bildirib.

Budur Azərbaycan gəncliyi, budur vətənpərvərlik! Vətənə məhəbbət, sevgi, torpağa bağlılıq, budur! Vətən, torpaq uğrunda canını fəda etmiş gənclərimizdir, bunlar! Qürur duyuram.​

Jalə Əhmədova

Milli Məclisin deputatı​ ​ ​ ​ ​ ​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31