Şadlıq sarayları qonaqlar barədə düzgün məlumat vermirlər

Məlum olduğu kimi, 2 həftədən artıqdır ki, şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə başlanıb. Bu tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı şadlıq saraylarında gündəlik monitorinqlər keçirilir. Monitorinq qrupları bu günədək şənlik mərasimlərinin keçirildiyi 400-ə yaxın  obyektdə qayda və şərtlərə əməl olunması vəziyyətini araşdırıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, iyulun 16-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə  verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və s. ilə bağlıdır. Bəzi hallarda isə şənlik mərasimləri haqqında zəruri məlumatların (toyun vaxtı, xidmət personalının və toyda iştirak edənlərin sayı) icaze.e-gov.az portalına düzgün daxil edilməməsi halları da qeydə alınıb. Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıblar və nöqsanlar  yerindəcə aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam  etdirilməsi təmin olunub və monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri  vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir. Məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna diqqət yetirməlidirlər. Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün məclis iştirakçılarının müvafiq sənədlərə malik olması əvvəlcədən dəqiqləşdirilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31