Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir

Azərbaycan vətəndaşlarının sosial problemlərinin həlli, bu məqsədlə cəmiyyətin hər bir üzvünə xüsusi diqqət və qayğının göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Azərbaycan vətəndaşlarının sosial problemlərinin həlli, bu məqsədlə cəmiyyətin hər bir üzvünə xüsusi diqqət və qayğının göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Elə bu səbəbdəndir ki, bir sıra hallarda Azərbaycanı sosial dövlət modeli kimi xarakterizə edirlər. Burada bir məqamı qeyd etmək xüsusilə yerinə düşər ki, o da cəmiyyətin ən həssas təbəqəsinin daha çox diqqət və qayğı ilə əhatələnməsidir. Bunu da hər bir ölkə vətəndaşı normal qarşılayır. Qeyd edilən kateqoriyaya aid olan vətəndaşlarımız qaçqın və məcburi köçkünlərimiz, şəhid ailələri və qazilərimiz, müharibə əlillərimizdir ki, Azərbaycan dövləti hər zaman bu qəbildən olan vətəndaşlarımızın bu və ya digər problemlərinin meydana gəlməməsi, yaxud mövcud olduqda belə ən qısa zamanda onların aradan qaldırılması istiqamətində addımlar atır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi də bunun əyani sübutudur.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır: "Onların mənzil-məişət və iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürləridir. Elə ötən gün Prezident İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi də qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir".

Deputat qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub: "Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib. Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl şəkildə həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Bu mənada, 1997-ci ildən bu günə qədər Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına 10 mindən artıq mənzil və fərdi evlər verilib. 2025-ci ilə qədər daha 11 min ailə yeni ev və mənzillərə köçəcək". Millət vəkili diqqətə çatdırıb ki, ötən gün açılışı olmuş Xocasən qəsəbəsindəki kompleksdə 800-dən artıq mənzil də bu missiyaya xidmət edir: "Əlilliyi olan şəxslərin avtomobillərlə təminatı prosesində də ardıcıllıq var və bu günə qədər 7200-dən çox bu kateqoriyadan olan şəxslərə avtomobillər verilib. Bu il isə daha 150 nəfərə avtomobil təqdim olunacaq. Eyni zamanda, "Sosial müavinətlərin məbləğinin artırılması", "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə şəhid ailələrinə və müharibə əlillərinə verilən müavinət və təqaüdlər də artırılıb. Eyni zamanda, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son 6 ayda 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir. Bir sözlə, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Çünki şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi həyata keçirilən sosial siyasətin mühüm tərkib hissədir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31