“Təhsilin İnkişafı Fonduna böyük ümidlər var” – Kamran Əsədov
15 İyul 2021 11:46 Sosial"Təhsillə bağlı yaradılan bütün digər fondlar Təhsilin İnkişafı Fondu ətrafında birləşməlidir".
Bu sözləri açıqlamasında Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu"nun yaradılması barədə imzaladığı fərmanı dəyərləndirərkən, təhsil eksperti Kamran Əsədov deyib:
"2013-cü ildə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Burada qeyd olunurdu ki, təhsilin maliyyələşməsi, əlçatanlığının təmin edilməsi üçün fond yaradılmalıdır. Yəni, Təhsilin İnkişafı Fondunun yaradılması əslində 2013-cü ildə nəzərdə tutulmuşdu. Sonra hamının yadından çıxdı. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əməl edilsə, Azərbaycan təhsili 6 ildən sonra dünyanın ən etibarlı, ən güclü təhsil sisteminə çevrilməli idi".
Ekspert qeyd edib ki, bir sahə üzrə çoxsaylı fondların yaradılması doğru yanaşma deyil: "Bir ay əvvəl Təhsil Nazirliyi tabeliyində Tələbə Təhsil Kredit Fondu yaradıldı. Bundan başqa, ölkədə Marrifçi Kredit Fondu, Gənclər Fondu, Elmin İnkişafı Fondu da var. 2018-ci ildə Peşə Təhsilinin İnkişafı Fondu yaradıldı. Təhsilin İnkişafı Fondu yaradılırsa, ayrıca peşə və yaxud elm üzrə də anoloji fondların yaradılmasına nə ehtiyac var? Dünya təcrübəsində bu işlərlə bir fond məşğul olur. Bütün təhsil, onun pillələri, istiqamətləri, maliyyələşməsi, elm, yəni, hər biri bir fondun üzərindədir. Azərbaycanda isə təhsilə aid 6 fond yaradılıb. İndiyə qədər mövcud olan fondlarda təhsilin inkişafı, əlçatanlığın və maliyyə şəffaflığının təmin edilməsini görmədik. Bütün bu fondlar bir olmaqla, Təhsilin İnkişafı Fondu ətrafında birləşdirilməlidir. Belə olarsa, proses mobilliyə gətirib çıxaracaq".
Həmsöhbətimiz yaradılan inkişaf fonduna böyük ümidlər bəsləyir: "Ən azından ona görə ki, ölkədə təhsilin maliyyələşdirilməsi sahəsində ciddi problemlər mövcuddur. Təhsilin kreditləşməsi, imkansız ailələrə təhsil kreditinin verilməsində problem yaşayırıq. İnanıram ki, yaradılan fondun qeyd etdiyim problemlərin həllində rolu olacaq".
K. Əsədov düşünür ki, fond əsasən bölgələr üzrə işləməlidir: "Tək təhsil alanların təhsil haqqını maliyyələşdirməməliyik. Həmçinin, tədqiqatları da maliyyələşdirmək olar. Daha çox paytaxtda deyil, bölgələrdə fəaliyyət göstərməli, regionlarda qızların təhsilə cəlb edilməsi və uşaq bağçalarının açılmasına xüsusi önəm verməlidir".
sfera