Koronavirusun Delta variantı nədir? Vaksinlər Deltaya qarşı effektivdirmi?

Azərbaycanda COVID-19-un "Delta" və "Alpha" variantları aşkar olunub. Bu barədə Səhiyyə Nazirliyi və TƏBIB-nin birgə bəyanatında deyilir. Bəs görəsən koronavirusun bu iki variantı barədə nə məlumdur?

Azərbaycanda aşkar olunan koronavirusun "Delta" (B.1.617 ) və "Alpha" (B.1.1.7 ) ştammları (onlara daha əvvəl Hindistan və Britaniya variantları da deyilib - red.) son dövrlərdə ölkəyə xaricdən gələn 31 nəfərdən alınan nümunələrdə aşkar olunub.

Koronavirusun bu variantlarının əsas xüsusiyyəti kimi onların sürətlə yayılmasıdır. Ötən ilin payızında Britaniyanın cənub-şərqində aşkarlanan Alpha variantı artıq qışda ölkə boyu dominant növə çevrilərək karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb oldu.

Bəs Koronavirusun Britaniya ştammı nədir, nə qədər təhlükəlidir və özünü necə qorumalı? 

Delta variantı ilk dəfə 2020-ci ilin payızında Hindistanda aşkar olunub. Bu variant Rusiya və Britaniya da daxil, bir sıra ölkərdə artıq dominant varianta çevrilib. Britaniya Səhiyyə Sisteminə əsasən, Delta Alpha-dan 60 faiz daha çox yoluxucudur. Bu ştamm dünyanın 85 ölkəsində yayılıb, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir.

İlkin məlumatlara görə, Delta ilə bağlı yeni simptomlar üzə çıxıb. Həkimlər öskürək, yüksək qızdırma, iybilmə və dabilmə hissinin itirilməsiylə yanaşı, baş, boğaz ağrısı və güclü burun axması kimi yeni simptomların olduğunu qeyd edirlər. Təbii ki, bu simptomlar koronavirusa yoluxmanın birmənalı təsdiqi kimi qəbul olunmamalıdır. Odur ki, mütəxəssislər onlara diqqət yetirməyi tövsiyyə edirlər.

Delta variantının daha yoluxucu olmasına baxmayaraq, peyvəndlər ölüm təhlükəsi və onun ağır formasına qarşı qorunmanı təmin edir. Belə nəticələrdən biri də İngiltərə Səhiyyə Sistemi tərəfindən keçirilən araşdırmanın ilkin nəticələriylə təsdiqlənir. Hələ elmi ictimaiyyət tərəfindən təsdiqlənməyən hesablamalar göstərir ki, Azərbaycanda da istifadə olunan Pfizer peyvəndinin bir dozası ağır hallarla xəstəxanaya yerləşdirilmə ehtimalını 94 faiz azaldır. AstraZeneca-da bu rəqəm bir doza üçün 71 faiz təşkil edib. İkinci inyeksiyadan sonra bu vaksinlərin effektivliyi müvafiq olaraq 96 və 92 faiz olub. Bu nəticələr 12 aprel-4 iyun tarixləri arasında İngiltərədəki infeksiya statistikasının təhlilinə əsaslanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31