Qalib namizədlər icbari təlimə buraxılıblar

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin kadr korpusunun yeni nəsil mütəxəssislərlə möhkəmləndirilməsi, onların layiqli ədliyyə işçisi kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Nazirlikdən "Olaylar"a bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarına gənc hüquqşünasların qulluğa qəbulu ilə bağlı aşkarlıq şəraitində, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mütəmadi müsabiqələr keçirilir.

Bu tədbirlər çərçivəsində bölgələrdə yerləşən nazirliyin icra və probasiya, həmçinin qeydiyyat qurumlarında mövcud (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş növbəti müsabiqə üzrə test imtahanından uğur qazanmış 80 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılmışdır.

Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi bu mərhələdə 52 nəfər zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların iyul ayının 14-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir. Bu təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31