İnam Kərimov Salyanda fermerlərlə görüş keçirib
Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçı fermerlərlə görüşüb, sahələrə baxış keçirib, əkinlərin vəziyyəti ilə maraqlanıb.
9 İyul 2021 16:11 SosialKənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçı fermerlərlə görüşüb, sahələrə baxış keçirib, əkinlərin vəziyyəti ilə maraqlanıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, rayonun Boranıkənd kəndində açıq sahədə keçirilən görüşdə qrafikə uyğun aqrotexniki qulluq tədbirlərinin aparılması, suvarma məsələləri, fermerlərin gübrə, dərman və texnika ilə təchizatı, bitki mühafizə tədbirləri, pambıqçılığa dövlət dəstəyinin daha da gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, pambıqçılıq fermerlərin gəlirlərinin artmasında mühüm rol oynadığı kimi, kənd əhalisi arasında məşğulluq səviyyəsinin yüksəlməsinə də ciddi təsir göstərir. Bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya miqdarı), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manata satın alınır. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan ediblər.