Füzulidə minaya düşənlərdən biri həlak oldu - YENİLƏNİB
8 İyul 2021 18:01 SosialFüzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşənlərdən biri həlak olub.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında bildriib ki, artıq hər iki şəxs minaya düşdükləri yerdən çıxarılıb: "Polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olaraq həmin iki vətəndaşın minaya düşdüyü partlayış yerinə yaxınlaşıblar.
Bu zaman Nuru Nuriyevin artıq həlak olduğunu görüblər. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu da ərazidən təhlükəsiz formada çıxarıb xəstəxanaya təhvil veriblər".
-------
Füzuli rayon prokurorluğu rayonun işğaldan azad edilən ərazilərdə iki nəfərin minaya düşməsi barədə məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, iyulun 8-də saat 14 radələrində 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
--------
İşğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olan daha iki nəfər minaya düşüb.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumatda bildirilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.
Bu gün - iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.
Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.
Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunmuşdur.