Azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşması iqtisadi inkişafa təkan verib

Məlum olduğu kimi sahibkarlıq fəaliyyəti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyi ilə bağlı olan bir məsələdir.

Məlum olduğu kimi sahibkarlıq fəaliyyəti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Etiraf edilməlidir ki, Azərbaycan Respublikasında Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinin huquqi müdafiəsi istiqamətində böyük işlər görülüb. Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etməklə demokratik xarakterli ilk Konstitusiyasını qəbul edib və bununla da cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı islahatların aparılmasına başlanılıb. Məhz həmin islahatlar nəticəsində mülkiyyətin müxtəlif formaları içərisində xüsusi mülkiyyətin çəkisi artıb, xüsusi mülkiyyətçilər təbəqəsi təşəkkül tapıb. Paralel olaraq ölkədə aparılan hüquqi islahatların nəticəsi olaraq qanunvericilik aktlarına bir sıra yeni institutlar daxil edilib ki, onlardan biri də sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində azad sahibkarlıq hüququ ilə bağlı göstərilir ki, "Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər". Təkcə bu müddəa deməyə əsas verir ki, Azərbaycanda hər kəsin sahibkarlıq sahəsində iqtisadi fəaliyyəti onun şəxsi azadlığının təzahürü kimi xarakterizə edilir və azad iqtisadi fəaliyyət prinsipinə əsaslanır. Ölkədə sahibkarların sərbəst fəaliyyəti üçün qanunvericilik bazası yaradıldığndan  sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Elə bu səbədən də ölkədə sahibkarlığın inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Nəticədə ölkənin dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu artıb.

Ölkənin iqtisadi inkişafı liberal bazar iqtisadiyyatının təmin olunması və azad sahibkarlığın inkişafı ilə birbaşa bağlı olduğundan bu istiqamətdə ciddi addımlar atılıb. Ulu öndərin iqtisadi strategiyasını davam etdirən prezident İlham Əliyev sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində bütün lazımi tədbirlərin həyata keçirilməsinə nail olub. Nəticədə Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı təmin edilib. Ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına kömək göstərmək, onlara maliyyə dəstəyi vermək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu yaradılıb.  Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə ölkə başçısı tərəfindən "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının da bu sahənin inkişafında xüsusi rolu olub. Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə sahibkarlığın inkişafı istiqamətində Strateji Xətt uğurla davam etdirilir. Azərbaycanda hər zaman sahibkarlara dövlətin dəstəyi özünü biruzə verib. Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində dünya iqtisadiyyatının tənəzzülə uğradığı bir məqamda da Azərbaycanda sahibkarlıq subyektlərinin mənafeləri qorunub. Təkcə bu fakti xatırlarmaq kifayətdir ki, İqtisadiyyat Nazirliyu yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin yanvar-may aylarında 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda dövlət başçısının  "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilməkdədir.  Azərbaycanda sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycanda dövlətin bazar iqtisadiyyatının liberallaşması istiqamətində də ciddi addımlar atdığı danılmaz faktdır.  Məlum olduğu kimi liberal iqtisadiyyatın mövcudluğu vətəndaş cəmiyyətinin əsas əlamətlərindən sayılır. Liberal iqtisadiyyat dövlətin bazardan mümkün olduğu qədər uzaqda dayanmasının tərəfdarıdır. Məhz bu kimi amilləri nəzərə alan Azərbaycan hökuməti liberalizm dəyərlərindən çıxış edərək  bazarda bütün münasibətlərin sərbəst şəkildə inkişafına şərait yaradıb. Hazırda sahibkarlar sərbəst qərar qəbul etmək, tələb və təklifin səviyyəsini bazarın istəyi ilə tənzimlənmk, qiymətləri yalnız bazarlarda müəyyənləşdirmək hüququna malidirlər. Ən önəmlisi odur ki, ölkə bazarında ticarət və sərbəst rəqabət təmin olunmaqdadır. Belə ki, Azərbaycanda antiinhisar qanunvericiliyi, eləcə də "Haqsız Rəqabət Haqqında" qanun mövcuddur və bu qanunların həyata keçirilməsini təmin etmək üçün xüsusi qurum -Antiinhisar  və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Bu sahədə qanunvericiliyi təkmilləşdirmək üçün Rəqabət  Məcəlləsi də qəbul edilməlidir. Təssüflər olsun ki, Rəqabət Məcəlləsi uzun illərdir  ki, qanun layihəsi şəklində qalıb, onun qəbulu qeyri-müəyyən səbəblərdən ləngiyir. Lakin bvuna baxmayaraq dövlət iqtisadiyyatın tənzimlənməsi və nəzarət işinin həyata keçirilməsindəki rolunu özündə saxlayır. Çünki dövlətin müdaxiləsi olmadan ədalətli rəqabət və qiymət mühitini yaratmaq qeyri-mümkündür.

Alim Hüseyinli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31