Narkomaniyaya qarşı mübarizə Azərbaycanda prioritet istiqamətdir

Narkomaniya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə Azərbaycanda hər zaman prioritet istiqamətlərdən təşkil edib.

Narkomaniya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə Azərbaycanda hər zaman prioritet istiqamətlərdən təşkil edib. Baxmayaraq ki, Azərbaycanda bu istiqamətdə intensiv mübarizə aparılır və hüquq-mühafizə orqanları il ərzində bir neçə uğurlu əməliyyat keçirib ölkəyə qanunsuz yolla külli miqdarda narkotik vasitələrin daxil olmasının qarşısını alır, buna rəğmən bəşəriyyət üçün ümumi bəla sayılan bu problemdən qurtulmaq mümkün olmur. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ildən-ilə həm dünyada, həm də Azərbaycanda narkomaniya gəncləşməyə doğru gedir. Bu da narkotacirlərin cəmiyyətin daha həssas qrupu sayılan gəncləri asanlıqla öz torlarına sala bilmələrindən irəli gəlir. Bu isə gələcəkdə potensial cinayətkarların yetişməsi deməkdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki,  narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Buna görə də hazırda dünyada, o cümlədən Azərbaycan Respublikasında narkotizmlə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranıb və formalaşıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust 485 nömrəli Fərmanı ilə yaradılmış və əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələdirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası antinarkotik təbliğata xüsusi önəm verib, həmçinin maarifləndirmə işinin əhatəsi genişləndirilib.

Eyni zamanda bu istiqamətdə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan ölkə Prezidenti tərəfindən 13 Fərman və 56 Sərəncam verilib, 38 Qanun, Nazirlər Kabinetinin 31 qərarı və 10 sərəncamı, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilib. Eyni zamanda, fəaliyyət istiqamətini genişləndirmək məqsədilə 2000-ci ildən etibarən respublikanın bütün şəhər/rayon İcra hakimiyyətlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar yaradılıb.

Dövlət Komissiyasından bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" uğurla icra olunmaqdadır.

2019-2024-cü illər üçün Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər genişmiqyaslı məsələlərdən ibarətdir

44 günlük Vətən müharibəsində uğurlu qələbəmizdən sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının üzərinə daha böyük işlər, mühüm vəzifələr düşür deyə bilərik. Belə ki, düşmən 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə narkotiklərin əkilib-becərilməsi ilə məşğul olub. Bu gün narkomaniyadan əziyyət çəkən, onun aludəçisi olan gənclərimiz qeyri-qanuni yollarla həmin ərazilərə keçib narkotik vasitəllər əldə etməyə çalışırlar. Azərbaycan polisi və digər hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyəti nəticəsində isə bu kimi halların qarşısı qətiyyətlə alınır. Son aylar işğaldan azad edilən ərazilərdə külli miqdarda narkotiklərin tapılıb məhv edilməsi də deyilənlərin təsdiqidir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31