KOMADAN AYILDI, İKİNCİ ÖVLADINA AD QOYDU...HAQQA QOVUŞDU

Xəzər Mail oğlu Rəsulov 1987-çi il oktyabrın 7-də rayonun Xanabad kəndində anadan olmuşdu. Çox da xoş, şan-şanlı bir uşaqlığı keçməmişdi. Ailədə 3 qardaş idilər. Xəzər evin sonbeşiyi idi. Deyib-gülməyi, şənlənməyi sevən, nikbin ovqatlı biriydi. Həmişə qəlbində müqəddəs bir hiss var idi. Vətənə olan məhəbbət hissi. Vətən sevgisi qəlbinə hakim kəsilmişdi. Bu dünyaya göz açandan ilk qədəmlərini Vətən torpağında atmışdı. Vətənə olan məhəbbətin hərarətini bu zamandan duymuşdu.
Xanabad kəndindəki şəhid Azər Əzizovun adını daşıyan tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib.


Müharibə başlayanadək qonşu Mingəçevir şəhərində tikinti materialları satılan mağazalardan birində satıcı işləyib. Cövhər adlı xanımla evliliyindən Fateh adlı oğlu vardı və cütlük yeni övladın gəlişini gözləyirdi.
2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsindən təlimlərə çağırış vərəqəsi alanda nə Xəzər, nə də yaxınları bu gedişin son olacağını xəyal belə etməmişdilər. Amma sentyabrın 27-də başlanan ll Qarabağ müharibəsi həyəcanları artırdı. İndi ondan hər gün xəbər almaq qayğısını yaşayırdı ailəsi, valideynləri, qardaşları.
Müsahibim olan qardaşı Şəhruzun dediklərinə görə, Xəzərin döyüş yolu Goranboydan başlayıb. Sonra qardaşı Tərtər, Talış-Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib:
-Döyüşçü dostlarının söylədiklərinə görə, qardaşım yaxşı döyüşçü olub, həmişə ön sırada olmağa çalışıb. Onun ölüm xəbərini oktyabrın 3-də aldıq. Komandiri maraqlananda bizə Xəzər də daxil, 3 əsgərin qumbara partlayışı nəticəsində həlak olduğunu, amma nəşlərinin hələ tapılmadığı xəbərini verdi.
...Üstündən bir aydan çox vaxt keçəndən sonra ailə bir telefon zəngi ilə gələn xəbərin şokunu yaşayır. Xəzər sağmış, oktyabrın 3-də baş nahiyəsindən aldığı qəlpə yarasından düşdüyü komadan 18 gündən sonra ayılır, danışmaq imkanı olmadığından əl işarəsi ilə tibb bacısından kağız-qələm istəyir və qardaşının nömrəsini yazır. Bundan sonra doğmaları yaralı Xəzəri müalicə aldığı "Medical Plaza"da ziyarət edirlər. Hələ də danışmaq imkanı olmasa da ünsiyyət alınır. Yenə də kağız-qələm vasitəsilə. Anası və qardaşı Xəzərə o şad xəbəri də verirlər ki, bu günlərdə bir oğlun da dünyaya gəlib. Bunu duyunca Xəzər vərəqə arzusnu yazır, körpəyə  Ömər adının verilməsini xahiş edir.
Hər şey yaxşı idi, hamı da Xəzərin tezliklə sağalıb ailəsinə qovuşması üçün dualar edirdi. Amma noyabrın 13-də onun vəziyyəti qəfil pisləşir və Xəzər Rəsulov beyinə qansızması nəticəsində həyata gözlərini yumur. Ailə ikinci dəfə əzizinin ölüm xəbərindən sarsılır.
Onun dəfninə bütün kənd camaatı toplaşmışdı. Hər kəs ləyaqətlə yaşayıb, şərəflə ömrünü başa vurmuş həmkəndlisi üçün göz yaşı tökdü, onu alqışlarla, dualarla son yolçuluğuna uğurladı. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün  bərpa olunması uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən oğulları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Onlardan biri də Xəzər Mail oğlu Rəsulovdur.
Xəzərdən geriyə ömür-gün yoldaşının itkisi acısı ilə yaşayan gənc bir xanım, iki azyaşlı oğul övladı qalıb. Şəhidin anası Xanım gəlini Cövhəri elə özü seçib. Xəzərin də ürəyincə olub. Şəhidin övladları yaşayır indi bu həyətdə. Özü də maşallah, elə göyçəkdirlər ki... Xanım ana göz yaşları içərisində deyir: Həmişə vüqarla gəzəcək nəvələrim.
Mail kişini isə lap çoxdan tanıyıram . 50 ilə yaxın Yuxarı Şirvan Kanalı İstismarı idarəsində mühəndis-topoqraf işləyib. İndi təqaüddədir. 6 nəvəsi var. 
Valideynləri Xəzərin vaxtsız vəfatından üzülsələr də, "Oğul Vətən üçündür" təsəllisi ilə şəhid övladları ilə qürur da duyurlar.
Onun məzarı Xanabad kənd qəbristanlığındadır. II Qarabağ Müharibəsində şəhadətə yüksəlmiş digər iki həmkəndlisi - Kənan İsmayılov və İntiqam İsmayılovla yanaşı uyuyur.
Allah rəhmət eləsin!
Rəsulov Xəzər Mail oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!      

Əminə Yusifqızı

Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31