Pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır

"Əgər koronavirus pandemiyasından qurtulmaq və ya  onun ziyanını minimuma endirmək istəyiriksə mütləq vaksinasiya prosesinə ciddi əməl etməliyik. Çünki pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır". Bu fikirləri "OLAYLAR"a Milli Vəhdət Partiyasının sədr müavini Süleyman Ismayılbəyli səsləndirib. MVP rəsmisinin sözlərinə görə, dünya ölkələrinin   təcrübəsi də sübut edir ki, vaksinasiya pandemiyanın yayılmasının qarşısını alır: "Baxmayaraq ki, beynəlxalq səviyyədə vaksinlərin bərabər paylanmaması tendensiyasını müşahidə edirik və Azərbaycan dövləti, xüsusilə də Prezident İlham Əliyev dəfələrlə  buna öz etirazını ifadə edib, buna rəğmən dövlətimiz vətəndaşlarının vaksin olunması üçün maksimum imkanlardan istifadə edir. Ötən müddət ərzində kifayət qədər ölkə vətəndaşları vaksin olunub və proses uğurla davam edir". Süleyman Ismayılbəyli deyib ki, məhz vaksinasiyanın uğurlu icrasının nəticələridir ki,  ölkədə koronavirusa yoluxma sayında azalma müşahidə olunur: "Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik yaydığı xəbərlərdən də bu aydın şəkildə görünür". MVP rəsmisi onu da qeyd edib ki, bütün halda insanlarımız arasında arxayınlıq yaranmamalıdır: "Vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara əməl etməli, həm özü, həm də ətrafını qorumalıdır. Bütün bunlardan ən vacib olanı isə vaksinasiyadır. Hər bir vətəndaşımız koronavirusa qarşı vaksinasiyadan keçməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31