Nazirdən dəyişiklik siqnalı: İmtahan tapşırıqları asanlaşdırılacaq?
30 İyun 2021 11:01 SosialTəhsil naziri Emin Əmrullayev ötən gün Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin müzakirələri zamanı qeyd edib ki, qəbul zamanı testə düşən bəzi suallar narahatlıq yaradır. Nazir çıxış yolu kimi "Ali təhsil haqqında" qanun layihəsinin qəbulunu təklif edib.
Maraqlıdır, qəbul imtahanlarına salınan tapşırıqlarda hansı dəyişikliklərə ehtiyac var?
Təhsil eksperti Kamran Əsədov açıqlamasında nazirin çıxışını haqlı hesab edib:
"Orta ümumtəhsil məktəblərini bitirmiş şəxslərin hamısı eyni bilik və bacarıqlara malik deyillər, amma onlara tam peşəkar səviyyədə təşkil edilmiş test tapşırıqları təqdim edilir. Burda sualların səviyyəsindən Təhsil naziri Emin Əmrullayev haqlı olaraq narazıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən test tapşırıqları orta ümumtəhsil məktəblərindəki dərsliklərdən istifadə edilərək yazıla bilər. Amma birmənalı şəkildə qeyd edim ki, burdakı sualların modelləri orta ümumtəhsil məktəblərindəki işlənmiş modellər deyil. Şagirdlərimiz tədris ərzində o bacarıqlara malik olmurlar. İmtahan nəticələrində də onu görürük ki, hər il orta ümumtəhsil məktəblərini 85 mindən çox şəxs bitirir və onların yalnız 35 minə qədəri ali məktəblərə qəbul ola bilir. Maksimum nəticə göstərənlər isə ümumi imtahan iştirakçılarının çox aşağı bir faizidir. Təqdim edilmiş test tapşırıqlarının ağırlıq səviyyəsi, eyni zamanda onların distraktorları tam olaraq şagirdlər tərəfindən anlaşıla bilmir".
Müsahibimiz xatırladıb ki, bir neçə ildir test tapşırıqlarının bir qismi xarici dil fənnindən dinləmə mətnləridir və bunlar müəyyən avadanlıqla səsləndirilir:
"Etiraf edək ki, bizim orta ümumtəhsil məktəblərində rinqivistik aparatdan istifadə bacarığı yetərli səviyyədə deyil, həmçinin səsləndirilən test tapşırıqlarını şagirdlərimiz işləmirlər. Düzdür, xarici dil fənnindən dərs keçə bilərlər, amma onlar heç də bu vərdişləri hər hansısa aparat və ya texniki avadanlıq vasitəsilə etmirlər. Digər tərəfdən şagirdlərin az cavablandırdığı test tapşırıqları riyaziyyat fənnindən olur. İmtahanda şagirdlərin son ildə əldə etdikləri bilikləri yox, 5-6 il əvvəlki öyrəndikləri yoxlanılır. Təbii ki, bu tipli test tapşırıqlarını cavablandırma faizi aşağıdır. Fikrimcə, test tapşırıqlarının modellərini şagirdlərin anlaya biləcəyi formada təqdim etməliyik. Onlar hansı mövzulardan zəif nəticələr göstərirlərsə, növbəti ildə həmin mövzulardan ağır tipli testlər salınmamalıdır.
Bununla yanaşı, test tapşırıqlarını təqdim edən mütəxəssislər bir çox hallarda orta məktəblərdə işləmirlər. Onlar təhsilin digər pillələrində - ali təhsil müəssisələrində olurlar və ya ümumiyyətlə, bu prosesin içində olmurlar. Test tapşırıqları orta məktəbin proqramından olsa belə, ağırlıq səviyyəsi, həmçinin məzmunu mənimsənilən proqramdan kənardır. İmtahan heç də tam olaraq hazırlıqlı şəxsləri yoxlamaq üçün deyil. Orta və zəif hazırlıqlı şəxslərin də müəyyən test tapşırıqları ilə yoxlanılması həyata keçirilməlidir. Amma bizdə DİM-in təqdim etdiyi tapşırıqlar yalnız daha yaxşı hazırlıqlı, özəl repetitor yanına, hazırlıq kursuna gedən şagirdlərin biliklərini yoxlamağa yönəlib. Bu baxımdan Azərbaycanda hazırda qəbul imtahanları birmənalı şəkildə hazırlıq kurslarına, repetitorlara xidmət edir". sfera