Qeyri-neft gəlirlərində artım: İqtisadi müstəqillik üçün nə dəyişməlidir?- ÖZƏL

"Qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin cari xərclərini 2030-cu ilədək tam qarşılaması hədəfi iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir. Ancaq burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır: qeyri-neft sektorunun büdcə gəlirlərində payının artması hələ iqtisadiyyatın neftdən real asılılığının eyni səviyyədə azalması demək deyil. Çünki bəzi sahələr statistik və büdcə təsnifatında qeyri-neft sektoru kimi nəzərə alınsa da, onların fəaliyyəti müəyyən mənada neft-qaz sənayesi ilə bağlıdır".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

"2027-ci il üçün dövlət büdcəsində qeyri-neft gəlirləri 23,8 milyard manat, neft-qaz gəlirləri isə 15,5 milyard manat proqnozlaşdırılır. Cari xərclərin 90,1 faizinin qeyri-neft gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu, mühüm göstəricidir, lakin onun keyfiyyətini qiymətləndirərkən qeyri-neft gəlirlərinin hansı iqtisadi fəaliyyətlər hesabına formalaşdığını da araşdırmaq lazımdır.
Bu hədəfə çatmaq üçün ilk növbədə qeyri-neft sektorunda real əlavə dəyər yaradan sahələrin inkişafına üstünlük verilməlidir. Burada kənd təsərrüfatı və ərzaq emalı, turizm, informasiya texnologiyaları, rabitə, logistika, tikinti materialları istehsalı, kimya, maşınqayırma, əczaçılıq və digər emal sənayesi sahələri xüsusi əhəmiyyət daşıyır. Xüsusilə idxaldan asılılığın azaldılması və yerli istehsalın genişləndirilməsi həm sahibkarların gəlirlərini, həm də büdcəyə vergi daxilolmalarını artıra bilər.
Lakin məncə, bu məsələdə daha ciddi yanaşma tələb edən başqa bir məqam da var. Azərbaycanda qeyri-neft sektorunun göstəricilərini qiymətləndirərkən neft-qaz sənayesi ilə iqtisadi və texnoloji bağlılığı olan bəzi fəaliyyət sahələrinin də qeyri-neft sektorunda nəzərə alınmasını unutmamalıyıq. Məsələn, təbii qazdan istifadə etməklə elektrik enerjisi istehsalı statistik təsnifatda elektrik enerjisi, qaz və buxar istehsalı sahəsinə aid edilir. Halbuki burada istifadə olunan əsas xammal qazdır. Eyni zamanda, neftin və neft məhsullarının boru kəmərləri ilə daşınması, neft-qaz sənayesinə xidmət edən müəyyən logistika və nəqliyyat fəaliyyəti nəqliyyat və anbar təsərrüfatı çərçivəsində qeydə alınır. Neftin emalı da mədənçıxarma deyil, emal sənayesi fəaliyyətidir. Beləliklə, iqtisadi fəaliyyətin statistik təsnifatı ilə onun neft-qaz sektorundan faktiki asılılığı həmişə eyni məna daşımır.
Bu o demək deyil ki, həmin sahələrin yaratdığı əlavə dəyər qeyri-neft iqtisadiyyatının inkişafı deyil. Ancaq onların gəlirlərini tam müstəqil qeyri-neft gəlirləri kimi qiymətləndirmək də düzgün olmaz. Çünki neft-qaz hasilatında və ya dünya enerji bazarında baş verən dəyişikliklər həmin fəaliyyətlərə də təsir göstərə bilər. Ona görə də qeyri-neft gəlirlərinin artımını qiymətləndirərkən neft-qaz sənayesindən asılılığı az olan sahələrin büdcəyə verdiyi töhfəni ayrıca izləmək vacibdir.
2027-ci il büdcəsinin rəqəmlərinə baxsaq, qeyri-neft sektorundan dövlət büdcəsinə 23,8 milyard manat gəlir gözlənilir. Bunun 14,9 milyard manatının Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Deməli, əsas məsələ yalnız vergi dərəcələrini artırmaq deyil, vergitutma bazasını genişləndirmək, kölgə iqtisadiyyatını azaltmaq, nağdsız hesablaşmaları genişləndirmək və iqtisadi fəaliyyətin şəffaflığını təmin etməkdir.
2030-cu ilədək cari xərclərin 100 faizinin qeyri-neft gəlirləri hesabına qarşılanması hədəfinə gəlincə, bunu mümkün hesab etmək olar, lakin asan və zəmanətli proses deyil. Bunun üçün qeyri-neft sektorunda real istehsal və ixrac artımı təmin edilməli, özəl sektorun iqtisadiyyatda payı genişlənməli, rəqabət mühiti yaxşılaşdırılmalı və sahibkarların vergi yükü ilə bağlı problemləri həll edilməlidir. Əks halda, yalnız mövcud müəssisələrdən daha çox vergi toplamaq hesabına bu hədəfə çatmaq iqtisadi fəallığı zəiflədə bilər.
Ən vacib məsələ isə ondan ibarətdir ki, Azərbaycan büdcənin cari xərclərini neftdən asılı olmayan, davamlı və müstəqil gəlir mənbələri hesabına qarşılamağı bacarmalıdır. Məncə, 100 faizlik göstəriciyə nail olmaqdan daha əhəmiyyətlisi həmin gəlirlərin hansı mənbələrdən formalaşmasıdır. Çünki statistik olaraq qeyri-neft gəlirlərinin artması ilə iqtisadiyyatın neftdən real asılılığının azalması eyni proses deyil".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31