İrandan ölkəmizə 70 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində təxmini çəkisi 70 kiloqram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. DSX-dan "Olaylar"a bildirilib ki,  iyun ayının 20-də saat 02:00 radələrində Füzuli rayonunun "Bala-Bəhmənli" sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılmış, ərazi qapadılmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan 1 nəfər şübhəli şəxs saxlanılmışdır. Saxlanılan şəxsin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 34 kiloqram 800 qram narkotik vasitə (26400 qram "heroin", 2000 qram "metamfetamin" və 6400 qram "marixuana") aşkar olunaraq götürülmüşdür.

İyun ayının 22-də İmişli rayonunun "Bəhrəmtəpə" sərhəd zasta­va­sının ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulacağı barədə daxil olmuş məlumatla əlaqədar dövlət sərhədin mühafizəsi gücləndirilmiş üsulla təşkil edilmiş, ərazidə əlavə heyət yerləşdirilmişdir. Saat 03:00 radələrində  dövlət sərhədinin pozulması aşkar edildikdən sonra dərhal sərhəd pozucularının təqibinə başlanılmış, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülmüşdür.Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bəh­rəm­təpə-Bakı avtomagistral yolu istiqamətində "MAZ" markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılmışlar.  

Yevlax şəhər sakinləri 1981-ci il təvəllüdlü İbadi Ceyhun Tofiq oğlu və 1982-ci il təvəllüdlü Xalıqverdiyev Elçin Eyvaz oğlu olmaları müəyyən­ləşdirilmiş şəxslərin üzərindəki 2 ədəd bağla­manın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 442 qram "heroin", 5863 qram "marixuana", 3300 qram "metamfetamin"), 920 ədəd "metadon M-40" və 150 ədəd "preqabalin" həbləriaşkar olunaraq götürülmüşdür. Faktlar üzrə cinayət işləri başlanılmış, saxlanılan şəxslər təqsirlən­dirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçil­mişdir. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31