Hüseyn Qabulov: “COVID-19 peyvəndinin sonsuzluğa səbəb olduğuna dair fikirlər əsassızdır”

Peyvəndlə bağlı müxtəlif miflərin mövcudluğu yeni bir hadisə deyil. Ancaq bu hal koronavirus infeksiyası dövründə inanılmaz dərəcədə geniş miqyas aldı. Məlum məsələdir ki, bu vəziyyət xəstəliyin qısa zaman ərzində geniş yayılması səbəbindən baş verdi.

Peyvəndlə bağlı müxtəlif miflərin mövcudluğu yeni bir hadisə deyil. Ancaq bu hal koronavirus infeksiyası dövründə inanılmaz dərəcədə geniş miqyas aldı. Məlum məsələdir ki, bu vəziyyət xəstəliyin qısa zaman ərzində geniş yayılması səbəbindən baş verdi. Təəssüf ki, cəmiyyətin bir hissəsi bu cür qeyri-adi vəziyyətlərə cavab axtararkən, müxtəlif nəzəriyyələri, şayiələri həqiqət kimi qəbul edirlər. COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə Azərbaycan Tibb Universitetinin professoru, Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov münasibət  bildirib. Qeyd edib ki, COVID-19-a qarşı peyvəndlər qısa müddətdə istehsal olunduğu üçün təhlükəlidir fikri doğru deyil: "COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir. İş ondadır ki, bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda, COVID-19-a qarşı peyvəndlərin istehsalında, ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla, bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında bu peyvəndlər aidiyyatı orqanlar tərəfindən sürətlə təsdiqləndi". H.Qabulovun bildirdiyinə görə, 100 faiz təsirli bir peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarıın üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır:"Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. İzah edim. Peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir".

COVID-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəy ehtimalına münasibət bildirən professor qeyd edib ki, bu, tez-tez məlumat RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir. Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur. Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil: "COVID-19 peyvəndinin sonsuzluğa səbəb olduğuna dair fikirlər də əsassızdır. Hazırda koronavirus peyvəndi alan qadınların müvəffəqiyyətlə hamilə qaldıqlarına dair bir çox nümunə var. Həmçinin hamilə qalmağı planlaşdıran qadın könüllülər arasında da tədqiqat işləri aparılıb. Bu tədqiqatlar da öz növbəsində COVID-19 peyvəndinin qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə iddiaların yalan olduğunu təsdiqlədi". Onun sözlərinə görə, dünya təcrübəsində bir çox qadın hamiləlik dövründə peyvənd olunub və sağlam körpələr dünyaya gətirib. Bunlara klinik sınaqlara qatılan və vaksinasiyadan sonra hamilə qalan qadınlar, həmçinin hamiləlik dövründə peyvənd olunmuş qadınlar daxildir. Həkim onu da bildirib ki, COVID-19 xəstəliyini keçirən insan vaksin oluna bilər. "Əlbəttə, elə xəstəliklər var ki, onlardan sonra kifayət qədər uzunmüddətli və ya ömürlük immunitet yaranır və bu infeksiyaya məruz qalan insan artıq xəstələnmir. Lakin praktikada immuniteti uzun müddət davam edə bilməyəcək bir çox xəstəliklər var. Birincisi, xəstəliyin törədicisi mutasiya edə bilər (quruluşunu və ya xüsusiyyətlərini dəyişdirir) və insanın immun sistemi onu tanıya bilmir. İkincisi, müəyyən bir mikroorqanizm haqqında bir orqanizmin immunoloji "yaddaşı" qısa müddətli ola bilər. Koronavirusa gəldikdə isə onun qeyri-adi bir patogen olduğu ortaya çıxdı. Qısa müddət ərzində bu virus dəfələrlə mutasiya etdi. Bundan əlavə, bu infeksiyaya yoluxmuş bir çox insan sağaldıqdan sonra bədəndə koronavirusa qarşı anticisimlərin tədricən azaldığının və ümumiyyətlə tamamilə yox olduğunun şahidi olduq. Bir nüansı nəzərə almaq lazımdır ki, bir virusa yoluxma yalnız müəyyən bir patogenə qarşı immuniteti təmin edərkən, bir peyvənd müxtəlif növ dəyişdirilmiş viruslardan yoluxma riskini azalda bilər. Bildiyiniz kimi, vaksin olunmuş insanlarda inyeksiya yerində ağrı, baş ağrısı, üşütmə, yorğunluq, yuxululuq, əzələ ağrısı, bədən hərarətin qalxması halları müşahidə oluna bilir və belə halların baş verməsi bütün peyvəndlər üçün keçərlidir. Bir qayda olaraq, bu reaksiyalar qısa müddətli olur. Hazırda ciddi yan təsirlə bağlı hər hansı hal müşahidə edilməyib. Etibarlı immun cavab formalaşdırmaq üçün təkrar peyvəndləmə vacibdir. Nümunə olaraq, uşaqların poliomielit, hepatit B, difteriya, göy öskürək və s. xəstəliklər əleyhinə təkrar peyvəndləməni göstərə bilərik. Mütəxəssislər bunu yaxşı bilirlər. Hər bir spesifik infeksiyaya qarşı immunitetin formalaşması və qorunması üçün zəruri olan vaksinasiyaların və revaksinasiyaların tezliyi çoxsaylı elmi və klinik tədqiqatlarla müəyyən edilib".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31