Operativ zərərgah- Züleyxa NADİR Yazır
Məşhur bir filmdə deyilir: elimizin toy kimi adəti var. Bu, doğrudan da belədi. Azərbaycan toyları dünyanın başqa xalqlarının toyuna bənzəməz. Gözəldi, unudulmazdı. Azərbaycan toyları ailə-məişət mərasimlərinin zənginliyini, əlvanlığını və təmtərağını özündə ehtiva edir. Bu toylar özünün bütün dəbdəbəsi, abartısı ilə cazibədardı.
24 İyun 2021 12:30 SosialZÜLEYXA NADİR
Məşhur bir filmdə deyilir: elimizin toy kimi adəti var. Bu, doğrudan da belədi. Azərbaycan toyları dünyanın başqa xalqlarının toyuna bənzəməz. Gözəldi, unudulmazdı. Azərbaycan toyları ailə-məişət mərasimlərinin zənginliyini, əlvanlığını və təmtərağını özündə ehtiva edir. Bu toylar özünün bütün dəbdəbəsi, abartısı ilə cazibədardı.
Toy Azərbaycan mədəniyyətinin tərkib hissəsidi. Amma bu gün bu hissəni mədəniyyətsiz bir şəkildə əlimizdən almağa cəhd edirlər. Toy şənliyi keçirməyi gülünc hala gətirblər. Operativ Qərargah toyların keçirilməsi ilə bağlı millətə "əmr edib" (məhz əmr edib, qərar qəbul etməyib). Ki... iyulun 1-dən sonra toy edib evinizə gəlin gətirə bilərsiniz. Amma iki saydan ibarət iki zərəli şərt qoyub. Birinci şərt belədi: 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. İkinci "əmrdə" isə belə şərt qoyulub: 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (immun, COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Operativ Qərargahın başbilənləri bir ildi baş işlədirlər ki, toylar barədə bu cür mənasız qərar qəbul etsinlər? Deyəsən bu qərargah yarandığı gündən bəri belə "operativ" qərar qəbul etməyib. Çox gülünc, ağlamalı, söyülməli və döyülməli göstərişdi. 50 nəfərlik toyu etmək olar bəlkə də. Amma maska nə imiş? İnsanlar süfrə arxasında oturacaqlar, su içəcəklər, çörək yeyəcəklər. Ağzı- burnu bağlı bu, necə olacaq? Doğrudanmı orda bir ağıllı, şüurlu insan yoxdu ki, həmin şərtin icrasının mümkünsüzlüyünü anlasın?! Məsələn, kənddə yaşayan bir ailə açıq havada - həyətində 50 nəfərlik toy edəcək. İnsanlar maska geyinməyəcəklər. Açıq havadı, axı, bir müddət əvvəl Qərargah özü açıq havada maska geyinməmək haqqında "əmr" verdi. Amma bu, şənlikdi - bağlı məkanda olmasa belə, adı toydu. Polislər anındaca toy sahibinin başının üstünü kəsdirəcək, hədə-qorxu gələcək, hətta kimisə qandallayacaq, zorla polis maşınına basacaq... Kimsə inkar etməsin, bu, belə olacaq, Azərbaycan polisi bu cür fürsət güdən əməkdaşlardan xali deyil. Operativ Qərargah toyu vaya döndərməyi bacaranlrın əlinə dəsətəvuz verib.
150 nəfər. İlk baxışda normaldı, hələ normaldan da yaxşıdı. Əslində 150 nəfərdən çox iştirakçının olduğu toy bir qədər qarmaqarışıq, hay-küylü keçir. Amma toya gələnlərdən sənəd tələb olunması nə deməkdi? Bəlkə bəylə - gəlin hələ peyvənd olunmayıb? Bəlkə toy sahibi xəstəlikdən təzə sağalıb, altı aydan sonra peyvənd olunacaq? Eləcə də dəvət olunanlar arasında belələrinin olmayacağına kim təminat verir? Onlar neynəməlidi? Hələ onu demirəm ki, tələb olunan pasportun alınmasında yaranan bürokratiyanın ağrısını daşıyanlar istənilən qədərdi. Bir gün əvvəl toya dəvət olunan adam peyvəndlə bağlı sənədini hələ almayıbsa, necə etsin ki, Operativ Qərargah razı qalsın?!
Görünən o ki, "ayının min oyunu bir armudun başındadı". İnsanların cərimə olunması üçün yollar axtarıldığı bir zamanda ən yağlı tikənin toy iştirakçısı olduğu "kəşf olunub". Bunun başqa adı yoxdu. İnsanlar bir ildən çoxdu əsəb, stress içindədi. Koronavirus "ölkəmizə təşrif buyurandan" bəri sanki, hər kəs tikan üstündə oturub. Ötən aylarda TƏBİB və Nazirlər Kabineti yanında Operativ Qərargah hər cür hoqqa və eksperimentlərlə millətin əsəbində oynadı. Biz də ölkə vətəndaşı olaraq sübut etdik ki, "dözümlü xalq" adına "layiqik", onu "şərəflə" daşıyırıq. Amma dözümün də bir sonu var, axı. Dövlət Babanın yumşaq, rahat və fırlanan kreslorda oturmağa layiq gördüyü başbilənlərin başı bu millətin arzusu və istəyi ilə tərs mütənasib gəldi. Övlad toyu görmək istəyən millətin əlindən onun sevincini almaq, arzusunu gözündə qoymağın adı nədi? Dünyanın heç bir ölkəsində belə absurd qərar qəbul olunmayıb.
Operativ Qərargah guya ki, "yeni Amerika kəşf edib". Halbuki o, bu şərtlər altında toy etməyin normal olmadığını çox gözəl bilir, çox qəşəng anlayır. Qoyduğu tələblərin, irəli sürdüyü şərtlərin əsasında xəstəliyin tüğyan edəcəyini sübut etmək istəyirsə, çox yanılır, şox səhv edir. Necə olur ki, bu gün futbol meydançasına toplaşan minlərlə azarkeşdən immun pasportu tələb olunmur, amma 100-150 nəfər toy iştirakçısının qarşısında bu, vacib şərt kimi qoyulur? Yüzlərlə insanın toplaşdığı konsertlər, bənzər tədbirlər keçirilir, restoranlar hər gün dolur-boşalır bir kimsəyə dəyib-dolaşan olmur, nə immun pasportu, nə də maska nəzərə alınır. Amma məsələnin ucu toya çatanda hər şey baş-ayaq olur. İndiyə kimi yüzlərlə toy olub - məhz Operativ Qərargahın gözü qarşısında. Bir-ikisini yalandan cərimə- filan ediblər, guya ki, qaydaları pozublar deyə. Onun da çoxu kasıb, yetim-yesir insanlar olub. Varlı-hallı, sərvəti gen-bol insanlar onsuz da bildiklərini edirlər, kimin nə həddinə ki, onlara "gözün üstə qaşın var" desin. Demək ki, çanaq yenə də qara fəhlənin, kasıb bəndənin başında çatlamalıdı.
"Toy biznesi" deyilən bir nəsnə var ki, ölkə iqtisadiyyatında rolu böyükdü. Bir ildən çoxdu həmin biznesin fəaliyyəti donub. Və yenə də zərbə bu sahədə çalışan "qara fəhləyə" dəyib. Sanki bir mafiya savaşı gedir. Bu biznesi çökdürmək üçün xüsusi plan hazırlanıb. Mafiyanın dərdini çəkmirəm, əlbəttə. Halına yana bildiyim kasıb-kusub insanlardı. Bütün savaşlarda, döyüşlərdə, təbii və süni fəlakətlərdə zərbə, ağırlıq KASIBa dəyir. İndi də ağrıyan kasıbdı. Pulu çox olanlar istədikləri kimi toy da edəcəklər, bal ayına çıxıb dünyanı də gəzəcəklər. Onlardan nə maska, nə də immun pasportu tələb olunacaq. Biz kasıblar isə baxa-baxa, gözləyə-gözləyə qalacağıq. Bizim normal toy etmək haqqımız yoxdu. Övladımızla bağlı arzularımızı normal qaydada yerinə yetirməyə hüququmuz çatmır. Zatən dərdimizi- azarımızı toy şənliyi ilə ört-basdır etməyə çalışırıq. Gəl ki, Operativ Qərargah sevincimizi qursağımızda qoymağa, həyatımızı zəhərləməkdə qərarlıdı. Haqlı olaraq dostlardan biri bu qurumun adını "operativ zərərgah" adlandırır. Çünki yolumuza elə çəpər çəkib ki, qız köçürüb, oğul evləndirməyin həsrətinə son qoya bilmirik.
Nə oldu bizə? Qarğışamı gəldik? Yoxsa Allahın qəzəbinə tuş olduq? Operativ Qərargah bu millətə düşmənmi kəsildi? Bilmirəm. Bildiyim yalnız o ki, biz kasıblar zərərlə yaşamağa vərdiş etdiyimizdəndir ki, Operativ Qərargahın zərərli qərarlarına da sözsüz tabe oluruq. Və onun sayeyi-mərhəmətindən bu gün ağız dolusu, sevinc hissi ilə, ürəklə qohuma, dosta, tanışa deyə bilmirik:
-Toyunuz mübarək!